Çöpçülər, yoxsa gopçular – onlara kimlər inanır?

1232

Tanınmış pediatr: “Valideynlər nə qədər məni inandırmağa çalışsalar ki, uşaq çöpçü yanına gedəndən sonra yaxşı oldu, mən buna inanmayacam…”

Son vaxtlar sosial şəbəkədə çöpçü mövzusu xeyli müzakirə olunmaqdadır. Əksəriyyət çöpçülərə inandığını, burnunda çöp qaldığı üçün övladının qızdırmasının qalxdığını, vəziyyətinin pisləşdiyini, həkimə müraciət etsə də bir nəticəsi olmadığını, lakin çöpçü yanına apardıqdan sonra əvvəlki sağlamlığına qovuşduğunu qeyd edir. Maraqlıdır ki, onların arasında ziyalılar, hətta mətbuat, media nümayəndələri, tanınmış ictimaiyyət nümayəndələri də var. Valideynlərin iddialarına görə, bəzən onları çöpçüyə yönləndirən elə həkimlərin özləri olur.

Qeyd edək ki, ölkəmizdə çöpçü peşəsi ilə fəaliyyət göstərən yüzlərlə adam  var. Yalnız Azərbaycanda rast gəlinən bu peşənin işini elm hələ də öyrənə bilməyib. Bəs çöpçülərə inam nə dərəcədə doğrudur?

Mövzu ilə bağlı tanınmış pediatr Vaqif Qarayev “Yeni Müsavat”a danışıb: “Bəlkə də adi insanlar buna inana bilər. Amma intellektual kəsimin inanması çox təəssüfedicidir. Xüsusən də jurnalist olanda bu daha pisdir. Çünki jurnalist cəmiyyətdə informasiya ötürən peşə sahibidir. Məsələn, bir əsr əvvəl təbabət bügunkü qədər inkişaf etməyən, həkimsizlik zamanında insanlar vəziyyətdən çıxış yolu kimi bu cür üsullara əl atırdılar. Çöpçü, sınıqçı, falçı, molla, cin çıxardanların yanına gedib onlardan şəfa umurdular. İndi də bir çox bölgələrdə boğaz sığallayan nənələr, onlara inananlar var. Halbuki bu gün elm, texnika çox inkişaf edir. Əgər 30 il bundan əvvəl kimsə mənə desəydi ki, kağızın içərisində şpris iynələr olacaq, buna inana bilməzdim. Amma qeyd etdiyim kimi, bu gün təbabət yüksək sürətlə inkişaf edir. Bununla da baxışlar da dəyişilməlidir və bu mütləqdir. Biz elmdən uzaqlaşdıqca insanlar efirlərdə cin çıxardanlara inanacaq, onlara azarkeşlik edəcək.

Vaqif Qarayev ile ilgili görsel sonucu

Burun  ətrafında ciblər var. Təxminən 7-8 yaşına qədər uşaqlarda bu ciblər aşağı səviyyədə olur. Ora el arasında çöp, tibbi dildə yad cisim dediyimiz qida qalığı, muncuq, düymə və sairə düşə bilər. Tibbi baxımdan bunun maneə, müdaxilə üsulları var. Yəni əgər cibdə yad cisim varsa, biz onu vizual olaraq şikayətlərə görə müəyyən edirik. Bir iş də var ki, uşaq pediatra danışa bilmir, gərək valideyn informasiya versin. Əgər ciblərə yad çisimin düşməsi sübhəsi varsa müayinələr aparılır”.

Həkim qeyd etdi ki, çöp məsələsi yalnız Azərbaycan cəmiyyətində mövcuddur: “10 ildən çox təxminən 15 millətin yaşadığı yerdə çalışmışam. Orada azərbaycanlılar da var idi. Nə hikmətdirsə, bizim millətdən başqa digər əcnəbi uşaqların burnunda çöp qalmırdı və heç kim çöp tanımırdı. Əgər eyniyaşlı uşaqlarda anatomik quruluş eynidirsə, bu çöp deyilən cisim niyə məhz bizim uşaqlarda qalır? Qeyd edim ki, həmin zaman başqa millətin insanları bu məsələyə görə bizimkiləri təəccüblə qarşılayırdılar. Mənə dəfələrlə sual verirdilər ki, ”birdən bizim uşaqlarda da çöp qalar, necə edərik?” Beləliklə, niyə çöp məhz azərbaycanlı uşaqların burnunda qalır, bu suala hələ heç kəs cavab verə bilmir?”

“Bəs yad cisim uşağın  burnuna düşür?” sualına pediatr bu cür cavab verdi: “Məlum olduğu kimi, yad cisim daha çox 3 yaşına qədər olan uşaqların burnunda qalır. Uşaq niyə qarpız qabığını, almanın cecəyini, yerdə, döşəmədə olan kiçik batareyaları, noxudu  və sairəni  ağzına, burnuna salmalıdır? Çünki nəzarət yoxdur.

Analar uşaqlara meyvə yeməyi öyrətməlidir.  Zaman uşağın əlinə meyvə verilir ki, o artıq özü sərbəst şəkildə yeyə bilir, vərdiş yaranıb. Amma yenə də nəzarəti əldən vermək olmaz. Kiçik batareya, düymə və sairə uşağın burnunda qala bilər. Amma qida qalığı niyə yad cisim kimi uşağın burnunda qalmalıdır?

Tez-tez eşidirik ki, analar bildirir uşağın qızdırması var idi, heç bir müalicə ilə temperaturu aşağı enmirdi, amma çöpçüyə gedən kimi uşağın qızdırması düşür. Qeyd edim ki, yad cisim burun ciblərinə düşəndə və uzun müddət qalanda iltihabi proses baş verir, qızdırma yaranır. Valideynlər şikayətlənirlər ki, uşaqlarının ağzından iy gəlir. Bəli, bu mikrobun iyi olur. Yaxşı, çöpçü deyilən həmin mikrobu oradan çıxartdı, amma axı iltihabi proses orada qalır. İltihab bir neçə dəqiqənin içərisində yox ola bilməz. Həkim məntiqlə danışmalı, əsaslandırmalıdır. Şəxsən mən bu barədə çöpçüyə sual verəndə, cavab verirlər ki, “bunu siz bilərsiniz”. İnsan sağlamlığı ilə məşğul olan insan əgər fikrini izah edə bilmirsə, deməli, o, fırıldaqçıdır”.

Vaqif Qarayev qeyd etdi ki, çöp çıxarılması həm də təhlükəlidir: “Dəfələrlə çöpçü yanına aparıldıqdan sonra vəziyyəti ağırlaşan uşaqlar yanıma gətirilib. Məsələn, ötən ay 8 aylıq bir uşağı nənəsi bir ay ərzində 3 dəfə çöpçü yanına aparıb. Uşaq artıq boğulmaq təhlükəsi ilə üz-üzə qalanda mənə müraciət etmişdilər. Çöpçü nənəyə deyib ki, çöpü üfürüb və mədəyə salıb. Amma mədəyə deyil, nəfəs borusuna salıb. Nəticədə uşağın rəngi tamam qaralmışdı, artıq boğulurdu. Məsləhətimlə təcili uyğun cərrah, mütəxəssislər tapıb əməliyyata saldılar və narkoz altında yad cisim uşağın nəfəs borusundan çıxarıldı.

Ən çox rast gəlinəni isə budur, çöpçü ağzı ilə uşağın ağız və burnunu üfürür, özündəki infeksiyanı uşağa salır. Buna görə də sonra uşağı həkimə gətirirlər. Beləliklə, nə qədər valideynlər məni inandırmağa çalışsalar ki, uşaq çöpçü yanına gedəndən sonra yaxşı oldu, mən buna inanmayacam. Çünki gördüyüm başqa şeylərdir”.

Vaqif Qarayev valideynləri çöpçüyə yönləndirən həkimlərdən də söz açıb: “Bəli, elə həkimlər də var ki, qəbuluna gələn uşaqları çöpçüyə yönləndirirlər. Bu qətiyyən qəbuledilməzdir. Həmin insanların həkimlik diplomunu, xalatını əlindən alıb göndərmək lazımdır ki, get, başqa işlə məşğul ol”.

Psixoloq Fərqanə Mehmanqızı ile ilgili görsel sonucu

Psixoloq Fərqanə Mehmanqızı isə məsələnin psixoloji tərəflərindən bəhs edib: “Ümumiyyətlə, həmrəylik psixologiyası anlayışı var. Adətən çoxluq nəyə inanırsa, digərləri də ona inanır. Amma düşünürəm ki, bu məsələdə daha çox pediatrlar maarifləndirici işlər aparmalı və suallara cavab verməlidirlər ki, çöp niyə qalır, niyə çöp çıxarıldıqdan sonra uşağın vəziyyəti yaxşılaşır, qızdırması aşağı enir və sairə”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər