Sumqayıt şəhəri Corat qəsəbəsində yerləşən 7 nömrəli tam orta məktəb 125 illik yubileyini qeyd edib.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, şəhər təhsil ictimaiyyətinin nümayəndələri, məktəbin məzunları və qəsəbə sakinləri iştirak ediblər.
Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, sonra Azərbaycanın Dövlət Himni səsləndirilib. Məktəbin tarixindən bəhs edən film nümayiş olunub.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov əlamətdar gün münasibəti ilə məktəbin müəllim və şagird kollektivini təbrik edib, onlara bundan sonrakı fəaliyyətlərində daha böyük müvəffəqiyyətlər arzulayıb. O, Prezident İlham Əliyevin təhsilə, təhsil işçilərinə göstərdiyi diqqət və qayğının nəticə etibarilə bu sahənin sürətli inkişafı, maddi-texniki bazasının daha da möhkəmlənməsi ilə nəticələndiyini vurğulayıb.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva təbriklərə qoşularaq, Corat qəsəbəsində 125 il öncə fəaliyyətə başlayan təhsil müəssisəsinin böyük inkişaf yolu keçdiyini, məktəbin tədris nailiyyətlərinin son illərdə daha da artığını qeyd edib.
Məktəbin direktoru Nuranə Hümbətova çıxış edərək bildirib ki, mindən çox şagirdi olan məktəbdə sinif otaqları, fənn kabinetləri ən müasir tələblər səviyyəsində qurulub. Şagirdlərin nəzəri biliklərini laboratoriyalarda tətbiq etmələri üçün yeni avadanlıqlar quraşdırılıb. Kompüter otaqları, zəngin kitabxana, məktəbin tarixi guşəsi, tarix muzeyi şagirdlərin ixtiyarına verilib.
Yubiley tədbiri şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib. Vətənpərvərlik, təhsil və məktəb həyatından bəhs edən müxtəlif şeirlər, mahnılar səslənib. Bayram tədbirinə incəsənət ustaları da qatılıb.
Sonda məktəbin pedaqoji kollektivinin bir sıra üzvlərinə səmərəli fəaliyyətlərinə görə Sumqayıt Şəhər İcra Hakimiyyətinin və Abşeron-Xızı Regional Təhsil İdarəsinin fəxri fərmanları təqdim olunub.
Müzakirə qapadılmışdır.