“Çörəkçi” zavodunun daxil olduğu “Delta Qrup C.O.” MMC ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədər olaraq, sosial təcrid tədbirlərini, istehsaldan paylanmaya qədər bütün mərhələlərdə diqqəti daha da artırıb.
Şirkətin yaydığı məlumata görə, 65 yaşdan yuxarı şəxslərin evdən çıxmaq qadağasını nəzərə alaraq, 3 aprel tarixindən etibarən Sumqayıt ərazisində yaşayan 1 000 aztəminatlı ailəyə hər gün, karantin müddəti bitənə kimi “Çörəkçi” məhsulu olan çörək çeşidləri tam təmənnasız çatdırılır.
“Bu xidmətin özəyində Azərbaycan xalqı olaraq hər zaman yardımsevər olduğumuzu göstərmək, çətin günlərdə imkanı olan şəxslərin ehtiyacı olan kəslərə yardımının önəminin nə qədər əhəmiyyətli olduğunu çatdırmaq, insanların üzündə bu günlərdə təbəssümə səbəb olmaq, qəlbində ümid yaratmaq durur. Bu təşəbbüsümüzə dəstəyinə görə Sumqayıt Şəhər İcra Hakimiyyətinə dərin təşəkkürümüzü bildiririk. İcra Hakimiyyətinin birbaşa yardımı ilə aztəminatlı ailələrlə əlaqə saxlayaraq, bu prosesə başladıq”, – şirkətin məlumatında deyilir.
“Delta Qrup C.O.” Məhdud Məsuliyyətli Cəmiyyət 1999-cu ildə təsis edilib. “Delta Qrup C.O.” MMC-də çoxillik iş təcrübəsinə malik, ixtisaslaşmış 1 150 nəfər əməkdaş çalışır. İki əsas fəaliyyət sahəsi mövcuddur: yerli istehsalat və distribüsiya (paylanma).