Çörəyi ver çörəkçiyə, birini də üstəlik  – EYRUZ MƏMMƏDOV YAZIR

4771

Bu, məsələ məni çoxdan narahat edirdi. Bir neçə ay bundan əvvəl zibil yeşiyinə atılaraq, göyərmiş, kif basmış çörəyə rast gələndə ürəyim ağrıdı. Çörək “Qurani-Kərim”dən əvvəl gəldiyindən həmişə müqəddəs sayılıb. Ona xor baxanları mən həmişə Allahsız hesab etmişəm. Çörəyi zibil yeşiyində görəndə 1963-cü il yadıma düşdü. 3-cü sinifdə oxuyurdum. Yaşlı nəslin nümayəndələrin xatirindədəir. Ölkədə çörək qıtlığı əmələ gəlmişdi. Biz ailəlikcə səhər saat 5-də çörək mağazalarında növbəyə durardıq. Adama bir ədəd çörək verilirdi. Həmin günləri 1990-cı illərin əvvəllərində də yaşadıq. Lakin o ağır günlər Sumqayıtdan yan keçdi. Un problemi Azərbaycanın bir çox regionlarında yarandı, hətta bir neçə çörək mağazalarını vurub dağıtmışdılar. Sumqayıt da belə bir hal yaşasaydı, yəqin ki, sosial partlayış baş verərdi. Bunun qarçısı isə qətiyyətlə, böyük zəhmət və gərgin əməklə alındı. Sumqayıt – Çörək” ASC-nin rəhbərliyi sumqayıtlıları çörəksiz qoymadılar.

Yadımdadır, Dəvəçi, Siyəzən, Quba rayonundan Sumqayıta gəlib çörək alıb aparırdılar. Həmin vaxtlar Sumqayıt Çörək Kombinatının rəhbərliyi Stavropol vilayətindən, yollarda quldur dəstələrinin fironluq etdikləri bir zamanda necə fədakarlıq göstərərək, Sumqayıta taxıl məhsulları gətirdiklərinin canlı şahidi olmuşam və sumqayıtlılar 1963-cü il çörək qıtlığı ilə üzləşmədilər. Bunu deməklə, Sumqayıt Çörək ASC-nin rəhbərliyinin işini tərifləmək istəmirəm. Baxmayaraq ki, onuların rəhbərləri ilə bir sinifdə oxumuş, bir məhəllədə yaşamışıq. Sumqayıtda yaşadığım vaxtdan bu günədək valideynlərim, mən, övladlarım Sumqayıt çörəyi ilə qidalanırıq. Niyə? Çünki onun keyfiyyəti başqa zavodlarda bişirilən çörəklərdən qat-qat keyfiyyətlidir. Mübaliğəsiz deyə belərəm ki, postsovet məkanının bir çox şəhərində olmuşam, çörək dadmışam, ancaq heç biri Sumqayıt çörəyinin dadını verməyib. Bir misal da gətirmək istəyirəm. Mənimlə bir məhəllədə yaşayan dostum İslam, ailə vəziyyəti ilə əlaqədar Amerikada yaşayır. Tez-tez Feysbuk vasitəsilə məktyblaşırıq. Sumqayıta gəldiyini bildirəndə ona sual etdim: Sumqayıtın nəyi üçün darıxmısan?” O belə cavab verdi: “Beşmərtəbəni görmək (cavanlar yəqin ki, bilmirlər, ilk beşmərtəbə harada yerləşir) “Sevgililər körpüsü”nün üstündə dayanıb Xəzəri seyr etmək və Sumqayıt çörəyini alıb, öpüb, gözlərimin üstünə qoyub onu yavan yemək” İki ildən sonra İslam Sumqayıta gəldi və dediklərinə də əməl etdi. Bunu misal gətirməkdə məqsədim nədir? Azərbaycan bazar iqtisadiyyatı şəraitində yaşayır. Sahibkarlara geniş imtiyazlar verilib. Çörək sənayesində də rəqabət var. Gəlin etiraf edək ki, bu rəqabət sağlam düşüncə şəraitində aparılmır. Bakıda,, ayrı-ayrı rayonlarda çörək sənayeçiləri Sumqayıtın bazarını ələ almaq istəyirlər. Bunu onlara heç kim qadağa edə bilməz. Bir şərtlə ki, məhsul keyfiyyətli və davamlı olsun. Bir çox sexlər anti-sanitariya şəraitində çörək bişirir, (telekanallar bunu göstərib) tərkibində zülalın faizi normadan qat-qat aşağı olur, dəqiq texnologiyanı mənimsəyə bilmədiklərindən çörəyin keyfiyyəti aşağı düşür. Sual verirəm: Niyə Bakıdan Sumqayıta çörək gətirilir? Görünür, çörək istehsalı ilə məşğul olanlar bütün normaları kobud surətdə pozur, bunun nəticəsində alıcılıq qabiliyyətii azalır və onlar yeni bazar əldə etmək üçün Sumqayıta üz tuturlar. Bunları deməklə bütün sağlam rəqabətə riayət edən, müasir texnologiya ilə işləyən sahibkarların üzərinə kölgə salmaq fikrində deyiləm. Atalar yaxşı deyib: Çörəyi ver çörəkçiyə, birini də üstəlik. Sumqayıt-Çörək” ASC-nin kollektivi ən ağır rəqabətlərə dözüb, sınaqdan layiqincə çıxıb, illərlə formalaşmış, mağazalara girib”Zavod çörəyi varmı?” soruşanlar həqiqi mənada həmişə süfrələrinin üstündə Sumqayıt çörəyini görmək istəyirlər. Bu, Sumqayıt çörək bişirənlərin uğurudur. Təməli illərlə əvvəl qoyulan uğuru. Sonda onu demək istəyirəm ki, çörək bişirəndə insan öz vicdanının qarşısında cavabdeh olmalıdır. Keyfiyyətsiz, göyərmiş çörəyi zibil yeşiyinə atanı qınasam da, ilk növbədə onu bişirəni və satışa çıxaranı daha çox qınayıram. Görünür, belə insanlarda şəxsi mənafe vicdandan üstün tutulur.

Təəssüf…Çox təəssüf…

Eyruz Məmmədov (publisist-yazar)

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər