Sumqayıt Çörək Zavodu belə bir artımı istisna etmir
2009-cu ildə Azərbaycan özünün ərzaq təhlükəsizliyi istiqamətində mühüm irəliləyişlər əldə etmişdi. Hətta ötən il ölkəmizdə taxıl istehsalı sahəsində rekord göstərici əldə olunmuşdu. Və beləliklə Azərbaycan 2009-cu ildə taxıl idxalını dayandırmışdı.
Ancaq 2010-cu ilin yaz-yay mövsümü ölkəmiz üçün sürpriz etdi. Kür və Arazın suyunun katastrofik dərəcədə artaraq ətraf kənd və rayonları sulara qərq etməsi kənd təsərrüfatına da ciddi ziyan vurmuş oldu. Əkinçiliyin xüsusi olaraq zərər görmüş sahələrindən biri də taxılçılıq oldu. Bu isə o deməkdir ki, taxıl istehsalı sahəsində 2010-cu ildə ötənilki nəticələr təkrarlana bilməz və bu, bazarda bu məhsulun qiymətinə, şübhəsiz, təsir etməlidir. Taxılın qiymətinin artması isə avtomatik olaraq çörəyin qiymətində özünü göstərir. Bəs görəsən, ehtiyat taxıl fondu bu vəziyyətdə köməyimizə çata biləcəkmi? Xatırladaq ki, bəzi ekspertlər belə bir artımın payızda baş verəcəyini istisna etmirlər.
Məsələyə münasibət bildirən iqtisadçı ekspert Vüqar Bayramov da hesab edir ki, payızda ya çörəyin çəkisində azalma olacaq, ya da bu qida məhsulu alıcılara 40 qəpikdən təklif olunacaq: “Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2010-cu ildə taxıl istehsalı 2009-cu illə müqayisədə 15 faiz olacaq. Taxıl istehsalının azalacağı əvvəlcədən proqnozlaşdırılırdı. Bu, birbaşa onunla əlaqədardır ki, 2009-cu ildə istehsal olunmuş taxılın satılması ilə bağlı problemlər var idi. Hətta Taxıl Fondunun taxıl alması ilə bağlı müəyyənləşdirdiyi standartlar bəzi fermerlərə öz məhsullarını satmağa imkan vermədi. Eyni zamanda, Maliyyə Nazirliyinin apardığı yoxlama nəticəsində subsidiyalar yubandı və bu da nəticə etibarilə taxıl əkilən sahələrin azalmasına gətirib çıxardı”. İqtisadçının sözlərinə görə, taxıl istehsalının 2009-cu ilə nisbətdə azalması ölkənin taxıla olan tələbatının daha çox xarici idxal hesabına ödənilməsinə gətirib çıxaracaq: “2009-cu ildə rekord səviyyədə taxıl istehsal edilmişdi, amma 2010-cu ildə Azərbaycan yenidən taxıl idxal etmək məcburiyyətində qalacaq. Bu da taxılın və un məhsullarının, eləcə də çörəyin qiymətinə təsir göstərə bilər. Çünki nəzərə alsaq ki, Nazirlər Kabineti ölkəyə gətirilən taxıla 18 faiz əlavə dəyər vergisi tətbiq edib və məhz ölkədə taxıl istehsalının azalması xaricdən daha bahalı taxılın idxal olunmasına gətirib çıxaracaq. O baxımdan hələlik çörəyin qiymətinin qalxması ehtimalı və ya təhlükəsi yoxdur. Çünki hazırda ölkədə taxıl ehtiyatı var. Məhz bu ehtiyatlar da çörəyin qiymətinin artmasına imkan verməyəcək. Amma güman olunur ki, məhz idxalın artması nəticəsində bu ilin payızında çörəyin qiymətində artımlar müşahidə edilə bilər. Bu baxımdan ənənəvi olaraq ya çörəyin çəkisinin azalması müşahidə ediləcək, ya da onun qiymətində müəyyən artımların olacağı gözlənilir. Yaxın aylarda çörəyin qiymətində artımlar olmayacaq. Çünki ehtiyatlar var. Amma payızda çörəyin qiyməti 40 qəpiyə qalxa bilər”.
Sumqayıt Çörək Zavodunun direktoru Əlfüqar Qasımov deyir ki, hələlik belə bir təhlükə hiss olunmur: “Hazırda taxılın tonu 190-200 manatdır. Hansı ki, ötən il həmin keyfiyyətdə taxılın qiyməti 180-190 dollar idi. Taxılın qiymətinin qalxması istisna deyil, artıq onun ilkin əlamətləri də var. Hazırda dünyada da bu meyil var – əksər taxıl ölkələrində quraqlıq olub. Odur ki, dünya bazarında da taxılın qiyməti qalxa bilər. Ölkəmizdə isə daşqınlara görə taxıl qıtlığı yaranıb. Bu səbəbdən bahalaşma olsa, təəccüblənməyə dəyməz”. Ə.Qasımov həmçinin bildirdi ki, qonşu ölkələrlə müqayisədə Azərbaycanda çörəyin qiyməti aşağıdır.