Məscidlərdə yalnız COVID-19 pasportuna (peyvənd vurulmasına dair və ya immunitet sertifikatına) malik olan şəxslərin ibadət yerlərində dini ayinlərin icrasında iştirakına icazə verilir.
APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri əsasında məsciddə və digər ibadət yerlərində riayət olunmalı qaydalarda qeyd edilib.
Qaydalara görə, məscid və digər ibadət yerlərinə gələn şəxslər mütləq COVID-19 pasportunu (peyvənd vurulmasına dair və ya immunitet sertifikatını) təqdim etməli, tibbi maska taxmalı, antiseptik məhluldan istifadə etməli, əl ilə görüşməməlidirlər. İbadət yerlərinə daxil olan şəxslərin COVID-19 pasportu və temperaturu yoxlanılmalı, bədən temperaturu norma daxilində olan və COVİD-19 pasportuna malik olan şəxslər içəri buraxılmalıdır.
Qeyd edək ki, məscidlərdə ibadətlərə iyunun 10-dan icazə veriləcək.