Çoxmənzilli binaların istismarına icazə verilməsinə dair Fərmanın icrası ilə bağlı FHN-də görüş keçirilib

933

Aprelin 30-da Fövqəladə Hallar Nazirliyinin (FHN) inzibati binasında “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral tarixli Fərmanının icrasına məsul olan müvafiq dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə Fərmanın tətbiq olunduğu yaşayış binalarının sifarışçiləri, MTK sədrləri və həmin binalarda yaşayan sakinlərin bir qismi ilə görüş keçirilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, baş prokurorun müavini – Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov, “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev, “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov, Nazirlər Kabinetinin kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri Qasım Abdullayev, Azərbaycan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev, FHN-in aidiyyəti rəhbər şəxsləri iştirak ediblər.

Tədbirdə çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral tarixli Fərmanının icrasının vəziyyəti barədə danışıb. Nazir qeyd edib ki, bəzi çoxmənzilli yaşayış binalarının istismara qəbulu ilə bağlı mövcud vəziyyət sakinlərin haqlı narazılığına səbəb olaraq, onların mülkiyyət hüquqlarının reallaşdırılmasına əngəllər yaradıb. Vətəndaşların gündəlik problemlərinin həllinə xüsusi həssaslıqla yanaşan dövlətimizin başçısı İlham Əliyev illərdir həllini tapmayan bu məsələdə də qətiyyətli mövqeyini ortaya qoyub.

Nazir K.Heydərov Fərmanın icrası istiqamətində FHN, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi, “Azərsu” və “Azərişıq” Açıq Səhmdar cəmiyyətlərinin, eləcə də müvafiq yaşayış binalarının sifarışçiləri qarşısında olduqca mühüm vəzifələrin durduğunu xatırladıb. Bildirib ki, bu baxımdan Fərmanın icrasına məsul olan dövlət qurumları ilə tikinti fəaliyyəti subyektləri arasında məhsuldar qarşılıqlı əlaqənin təmin edilməsi mühüm əhəmiyyət daşıyır. Görüşün bu məqsədlə təşkil edildiyi və Fərmanın icrası ilə bağlı qarşıya çıxan məsələlərin həlli istiqamətində fikir mübadiləsinin aparılmasının işlərin sürətləndirilməsinə təkan verəcəyi qeyd olunub.

Nazir deyib ki, işlər Fərmanla müəyyən olunmuş zaman çərçivəsində həyata keçirilir. Fərmanda müəyyənləşdirildiyi kimi, ötən iki ay ərzində respublika üzrə istismarına icazə verilmədən faktiki istismar edilən bütün çoxmənzilli yaşayış binalarında müayinə işləri həyata keçirilib. Müayinələrin nəticəsində bu kateqoriyaya aid 26 binanın istismara hazır olması barədə müsbət rəy hazırlanaraq, aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilib. Nazir bildirib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin inzibati binasında müvafiq qurumların səlahiyyətli nümayəndələrinin iştirakı ilə qərargah yaradılıb. Qərargahda 260 yaşayış binasının nümayəndələri qəbul edilib və onlara zəruri izahatlar verilib. FHN, “Azərsu” və “Azərişıq” Açıq Səhmdar cəmiyyətləri, “Azəriqaz” İstehsalat Birliyi bu məsələdə istənilən dəstəyi göstərməyə hazırdır.

Fərmanın icrasına məsul olan aidiyyəti qurumların rəhbər şəxsləri müayinə nəticəsində aşkarlanan qüsurlar, mövcud problemlər, onların həlli yolları və işlərin ümumi gedişi barədə məlumat veriblər. Bildirilib ki, Fərmana uyğun olaraq, növbəti mərhələ kimi beş ay müddətində çatışmazlıqlar aradan qaldırılmalı və binaların istismara qəbul olunması üçün aidiyyəti üzrə yenidən müraciət edilməlidir.

Sonra istismara hazırlıq baxımından müsbət rəyin verilməsi mümkün olmayan yaşayış binalarının sifarışçilərinin, MTK sədrlərinin və həmin binalarda yaşayan sakinlərin fikirləri, qarşıya çıxan məsələlərin aradan qaldırılması istiqamətində təklifləri dinlənilib. Çıxışlarda dövlətimizin başçısının Fərmanının əhəmiyyətindən danışılıb, mövcud problemlərin aradan qaldırılması ilə bağlı göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıq ifadə olunub.

Sonra Fərmanın icrasından irəli gələn məsələlər geniş müzakirə edilib, mövcud problemlərin həlli yolları barədə ətraflı fikir mübadiləsi aparılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər