Dağlar boyda fərq

1219

Cəmisi iki il bundan əvvəl vəziyyət tamam başqa cür idi. “Xəzər Lənkəran” “Neftçi” üçün qara bir kabusa çevrilmişdi. Yaxşı yadımdadır, “Neftçi” növbəti dəfə Lənkərandan quru hesablı məğlubiyyətlə dönəndən sonra paytaxt klubu üçün həyəcan təbili çalmış, klub prezidentindən tutmuş futbolçusuna kimi hər kəsin mövcud vəziyyətdən nəticə çıxarmalı olduğunu vurğulamışdıq. Bu mənada “xalq komandası”nın hazırki səviyyəsinə çatmasında idman mətbuatının tənqidlərinin də müəyyən xidmətlərinin olduğunu düşünürəm. Təvəzokarlıqdan uzaq olsa da, elə özümü də “Neftçi”nin yüksəlişində rolu olanlardan hesab edirəm. Məhz zamanında yazdığımız, cavabdeh şəxslərinin diqqətinə çatdırmağa çalışdığımız problemlərin həll olunması sayəsində artıq Azərbaycan futbolunun flaqmanı premyer liqada rəqib tanımır, Avroliqanın qrup mərhələsinin ləzzətini bizə dadızdırandan sonra Çempionlar Liqasının qrupunun hesablarını qurur. Heç kimin başını tərifli sözlərlə gicəlləndirmək fikrində deyiləm. Amma atalarımız demişkən igidi öldür, amma haqqını ver. Şəxsən mən bundan sonra da çox hörmətli Böyükağa Hacıyevin və onun komandasının başına yersiz sığal çəkilməsinin əleyhinəyəm. Hacıyev və yetirmələri yaxşı anlayırlar ki, bu mövsüm onların məsuliyyət payı ötən il olduğunun qat-qat artıqdır. Qazanılan uğurların şirinliyindən məst olmaq əvəzinə bu uğurların davamını gətirmək üzərində baş sındırmaq, həm rəsmi oyunlardan, həm də məşqlərdə alın təri axıtmaq lazımdır. Son iki ildə Azərbaycan futbolunda çox şey dəyişib. Elə yazının əvvəlində toxunduğum kimi vaxtilə “Neftçi”yə “göz açdırmayan” “Xəzər Lənkəran” indi mükafat qazanmaq bir tərəfə dursun, imic məsələsinə çevrilmiş ilk “altılığa” düşmək tapşırığının öhdəsindən gələ bilmir. Əlcək kimi dəyişdirilən məşqçilər, Binə hava limanında qarşılanıb-yola salınan legionerlərin sayı-hesabının bilinməməsi cənublu azərkeşklərin qürur mənbəyi olan komandanı tanınmaz hala salıb. “Qəbələ” ilə oyundakı müşahidələrimə əsasən belə bir fikrə gəldim ki, lap elə “Xəzər Lənkəran” möcüzəni gerçəkləşdirib, final mərhələsinə ilk “6-lıq”da qədəm qoysa belə ciddi nəticə qazanmaq mümkün olmayacaq. “Qəbələ”li müdafiəçilər oyunun sonlarına doğru sayıqlıqlarını itirsələr də, Bakesin yetirmələri arasında Dieoqunun qoruduğu qapıya doğru-düzgün zərbə endirəcək cəsarət sahibi tapılmırdı. Belə komandayla final mərhələsində necə qələbələri sıralayıb, turnur cədvəlinin yixarılarına doğru irəliləmək olar? İspan çalışdırıcı Antaliyada verdiyi açıqlamaların birində birinci yerin sahibi “İnter”lə aradakı xal fərqinin qapanmasının sadə formulunu dilə gətirmişdi: “onları üç görüşdə məğlub edəcəyik, beləcə aramızda xal fərqi də qalmayacaq”. Artıq Bakesin nəzərdə tutduğu qarşılaşmalardan biri baş tutub və “bankirlər” Lənkərandan qələbəylə ayrılıb, fərqi daha da çoxaldıblar. Hadisələrin gedişatı Bakesə bundan sonra “İnter”ə qarşı komanda çıxarmağın qismət olmayacağından xəbər verir. “Xəzər Lənkəran”dakı çöküşün səbəbləri haqda çox danışılıb. Hətta daha öncədən “gəmiçiləri” gözləyən təhlükə haqda həyəcan siqnalı çalaraq, Mais Mənsimovla Tuyqun Nadirovu qəflət yuxusundan oyatmağa çalışırdıq. Amma məsəli onlardan uzaq olsun, cənub klubunun başbilənləri kor tutduğunu buraxmayan kimi yanlış siyasətlərindən əl çəkmədilər. Nəticə ortadadır. Zamanında sizi tənqid edənləri düşmən elan etməkdənsə, həmin tənqidlərin ciddiliyini qəbul edib, problemlərin həllinə düzgün yanaşmaq tələb olunurdu. Bu gün “Neftçi”ylə “Xəzər Lənkəran” arasındakı dağlar qədər fərqin olması bilavasitə Mais Mənsimovla Tuyqun Nadirovun uğursuz idarətmə siyasətinin fəsadlarıdır. Amma təəccüblüsü odur ki, Mübariz Mənsimovun onlara əmanət etdiyi klubu dərin bir uçurumun qarşısına gətirənlər hələ də qəflət yuxusundan oyanmaq, səhvlərini etiraf etmək həvəsində deyillər. Görəsən, bundan sonra daha nələr baş verməlidir ki, Tuyqun Nadirov çıxıb cənub klubuna könül verən azərkeşlərdən üzr istəsin, futbol səhnəsindən ömürlük uzaqlaşsın? Bu nə fəlsəfə, nə həyat prinsipi, nə iş əxlaqıdı cənab Nadirov? Qulpundan yapışdığın işi bacarmamısan, sənə etibar olunan “gəmini” ucsuz-bucaqsız okeanın dəli dalğalarında batırmısan, daha nəyi gözləyirsən? Hazırki şəraitdə “Neftçi”ylə “Xəzər Lənkəran”ı müqayisə etmək gülünc cəhdə bənzəyir. Amma cəmisi iki il bundan əvvəl “xalq komandası”nın fanatları hər “böyük oyun” öncəsi “Xəzər Lənkəran”ı məğlub edərək bayram yaşamaları üçün xəyallar qururdular. Əlimdə dəqiq rəqəmlər olmadığından ortaya fakt qoya bilmirəm. Bununla belə, şübhə etmirəm ki, bu iki klubun büdcələri arasında ciddi fərqlər mövcud deyil. Yeganə fərq işə yanaşma tərzində və idarəetmədədir. Həmin fərqin qapanmasının hazırda klubu idarə etməyə çalışanlarla mümkünlüyünə isə inana bilmirəm. Tək çarə Mübariz Mənsimovun ciddi islahatlar üçün qollarını çirmələməsini gözləməkdir. Təki, onda Mübariz bəy yenidən stadionu uzunqulaq otlağına çevirmək həvəsinə düşməsin.

 

Amal Abuşov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər