Daşkənd Maliyyə İnstitutu və Sumqayıt Dövlət Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

2052

Sumqayıt Dövlət Universitetində (SDU) keçirilən “İqtisadi təhlükəsizlik: mövcud vəziyyət və perspektivlər” mövzusundakı beynəlxalq elmi konfransda Özbəkistanın Daşkənd Maliyyə İnstitutu və SDU arasında təhsil və elmi-tədqiqat sahələri üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.

Konfransda Milli Məclisin deputatları, ali məktəb rektorları, o cümlədən Azərbaycan, Rusiya, Türkiyə, Qazaxıstan, Özbəkistan və digər ölkələrin aparıcı universitetlərinin iqtisadçı alimləri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, beynəlxalq konfransı universitetin rektoru, professor Elxan Hüseynov açaraq SDU-nun yaranma tarixi, fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq proqram və layihələr barədə məlumat verib. Bildirilib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi müstəqil Azərbaycanda dövlət, eləcə də beynəlxalq və türk dünyası səviyyələrində qeyd edilir. Bu tarixi gün Azərbaycan xalqının həyatına əlamətdar hadisə kimi daxil olub. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini göstərib.

Rektor Cümhuriyyət hökumətinin həyata keçirdiyi iqtisadi islahatların əsas mahiyyətini, hədəflərini təhlil edərək, xüsusən də aqrar islahatlar, mülkiyyətin bütün formalarına bərabər şəraitin yaradılması, maliyyə-vergi siyasəti, milli valyutanın buraxılması, dövlət bankının yaradılması, dövlət büdcəsinin formalaşdırılması, dağılmış infrastrukturun yenidən qurulması, sənayenin inkişafı istiqamətində atılan addımlar, xarici ticarət əlaqələrinin qurulması sahəsindəki mühüm addımlarını xüsusi qeyd edib.

O, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlərin sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaratdığını diqqətə çatdırıb. Vurğulanıb ki, son illər Prezident İlham Əliyevin düşünülmüş, çevik və qətiyyətli iqtisadi siyasəti sayəsində əldə olunmuş uğurlar daha da möhkəmləndirilib, ölkəmiz iqtisadi sahədə keçid dövrünü uğurla başa çatdırıb. Davamlı və dinamik inkişafı özündə ehtiva edən özünəməxsus milli inkişaf modeli ilə tanınan Azərbaycan hazırda inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır və yeni-yeni uğurlara imza atır.

Rektor çıxışının sonunda bildirib ki, iki gün davam edən konfransın məqsədi yerli və xarici mütəxəssisləri, alimləri, ictimai xadimləri bir araya gətirmək, mövzu ətrafında müzakirələr aparmaq, innovativ fikirlərlə paylaşmaq və tövsiyələr hazırlamaqdan ibarətdir.

Konfransda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri akademik Ziyad Səmədzadə “İqtisadi təhlükəsizlik: müasir problemlər və çağırışlar” mövzusunda çıxış edərək deyib ki, müasir dövrdə qloballaşan dünya iqtisadiyyatı şəraitində ölkələrin iqtisadi təhlükəsizlik probleminin ön plana çəkilməsi obyektiv bir zərurətdir. İqtisadi təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayan maliyyə sabitliyinin, maliyyə sisteminin dayanıqlılığının, iqtisadi təhlükəsizliyin iqtisadi inkişaf və onun səmərəliliyi ilə sıx əlaqədə olduğu sübut edilir. İqtisadi təhlükəsizlik milli təhlükəsizliyin tərkib hissəsidir.

Deputat Vahid Əhmədov konfransın mühüm və aktual bir məsələyə həsr olunduğun bildirib. Qeyd edib ki, hər bir ölkənin iqtisadi təhlükəsizliyində zəruri maliyyə, istehsal, əmək, intellektual potensial, effektiv funksiyalaşmaya təminat verən istehsalatın təşkili sistemi mühüm rol oynayır. Bu gün Azərbaycan Qafqazda iqtisadi cəhətdən güclü dövlətdir. Son illər respublikanın iqtisadi təhlükəsizliyinin təmin olunmasında mühüm nəticələr əldə edilib.

Bakı Biznes Universitetinin rektoru, professor İbad Abbasov vurğulayıb ki, 1969-cu ildə ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi ilk dövrdə aqrar sahənin inkişafına nail olundu. Həmin vaxt kənd təsərrüfatı sahəsində də çox böyük irəliləyişlər əldə edilib. İbad Abbasov Ulu Öndərin yürütdüyü siyasətin, iqtisadi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycanın bu gün Şərqlə Qərbi birləşdirən əlverişli tranzit məkan kimi Avropa üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Konfransda Azərbaycan Dövlət İqtisad Universitetinin elm şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Zahid Məmmədovun, X.Ə.Yasəvi adına Beynəlxalq Qazax–Türk Universitetinin İqtisadiyyat və maliyyə kafedrasının müdiri, professor Boraş Mırzaliyevin, Belarus Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktor müavini, iqtisad elmləri namizədi Andrey Pilyutikin, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyətinin sədri dosent Vüqar Bayramovun, SDU-nun Biznesin təşkili və menecment kafedrasının müdiri dosent Qalib Hüseynovun məruzələri dinlənilib.

Sonra beynəlxalq elmi konfrans işini bölmə iclaslarında davam etdirib.

Elmi konfrans çərçivəsində Özbəkistanın Daşkənd Maliyyə İnstitutu və Sumqayıt Dövlət Universiteti arasında təhsil və elmi-tədqiqat sahələri üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.

Konfransa 195 tezis qəbul edilib və konfrans materialları toplu şəklində çap olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər