Şəhid ailələri, müharibə əlilləri və veteranlar Sumqayıtda hərtərəfli sosial dəstəklə əhatə olunublar
İşğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən İkinci Qarabağ savaşı son ikiəsrlik tariximizin zirvə nöqtəsi oldu. Xalqımız və rəşadətli ordumuz 44 gündə şanlı tarix yazaraq 30 illik işğala son qoydu, ərazi bütövlüyümüzü bərpa etdi.
Bu qələbə ilə Prezident İlham Əliyev Azərbaycanı qalib ölkəyə, Azərbaycan xalqını qalib xalqa çevirdi. Bu möhtəşəm qələbə eyni zamanda milli birliyin təntənəsi oldu, Azərbaycanın hərbi və iqtisadi gücünü dünyaya nümayiş etdirdi. Xalqımız bu müharibədə yumruq kimi bir oldu, vətən torpaqları uğrunda ayağa qalxdı. Bu müharibə xalqımızın əyilməz ruhunu göstərdi. 44 gün ərzində dünya Azərbaycanı yenidən tanıdı, onun rəhbərinin yenilməzliyinə, siyasi müdrikliyinə şahidlik etdi.
Torpaq uğrunda ölən varsa, vətəndir…
Bu zəfər regionda tamamilə yeni reallıqlar yaradaraq Azərbaycanın həm Cənubi Qafqazda, həm də qlobal miqyasda mövqelərini əhəmiyyətli dərəcədə möhkəmləndirib. Hərb meydanında qazanılan qələbə son onilliklərdə sürətli yüksəliş dövrünü yaşayan Azərbaycanı beynəlxalq aləmdə həm də qalib dövlət kimi tanıtdı.
İşğaldan azad olunmuş bütün ərazilərimizdə böyük qələbənin təntənəsi yaşanmaqdadır. Düşmən tapdağından qurtulub rahat nəfəs alan torpaqlarımızda başlanan quruculuq işləri gündən-günə sürətlənir, yeni layihələrin icrasına başlanılır. Azərbaycan dövləti bu əraziləri bərpa edir, ona ikinci həyat bəxş edir. Görünən odur ki, Qarabağa Böyük qayıdış proqramı ən qısa müddətdə icra olunacaq.
Tarix həm də sübut edir ki, dövlətlərin və xalqların öz milli hüquqları, torpaqlarının azadlığı uğrunda mübarizələri, işğalçıya qarşı aparılan savaşlar qansız, qadasız ötüşmür. Bu yolda qan da tökülür, qurbanlar da verilir. Dövlət, xalq həm də onda böyük olur ki, onun uğrunda canından keçənlər var. Görkəmli türk şairi Mithat Camal Kuntayın yazdığı kimi, “Torpaq əgər uğrunda ölən varsa, vətəndir”.
Bu mənada xalqımızın başını uca tutmağa, qürur hissi keçirməyə tam mənəvi haqqı var. 44 günlük Vətən savaşında vəzifəsindən, rütbəsindən asılı olmayaraq döyüşən bütün hərbçilərimiz – zabitlərimiz, çavuşlarımız, əsgərlərimiz öz hünərləri ilə yeni vətənpərvərlik nünunələri yaratdılar, dastanlar yazdılar. Xalqımızın qəhrəmanlıq tarixini öz rəşadətləri ilə zənginləşdirən qəhrəman oğullarımız bu savaşda öz canlarını fəda etdilər, torpaqlarımızın azadlığı uğrunda müqəddəs şəhidlik zirvəsinə yüksəldilər. Şəhidlərin ruhu şaddır, çünki uğrunda mübarizə apardıqları Vətən torpaqları azaddır. Bu torpaqlar indi bizim üçün daha müqəddəsdir, çünki onun hər qarışına şəhidlərimizin qanı hopub.
Prezident İlham Əliyevin sərəncamı ilə Vətən müharibəsinin başlandığı tarix respublikamızda Anım Günü kimi təsis olunub. Bu tarixin əbədiləşdirilməsi zərurəti ona əsaslanır ki, torpaqlarımızı qanı, canı bahasına işğaldan azad edərək tarixi ədalətin bərpasına nail olan, xalqımızın başını ucaldan qəhrəman hərbçilərimizin qanı yerdə qalmamış, şəhidlərimizin qisası məhz döyüş meydanında alınmışdır.
2021-ci il sentyabrın 27-də – Anım Günündə Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza ehtiram əlaməti olaraq yürüş təşkil edildi. Bu yürüş xalqın birliyinin daimi və sarsılmaz olduğunun, Vətənə sevginin, şəhidlərimizə ehtiramın əbədiliyinin növbəti təzahürü idi.
Anım Gününün ikinci ildönümündə isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhidlərin əziz xatirəsini Füzuliyə səfər zamanı rayonun Qaraxanbəyli kəndində yad etdilər. Vətən müharibəsində xalqımız ilk şəhidlərini məhz bu ərazidə vermişdi. Dövlət başçısı buradan bir daha bəyan etdi ki, şəhidlərimizin qanı yerdə qalmadı və döyüş meydanında qisasımızı aldıq: “Bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini yad edir. Allah bütün şəhidlərimizə rəhmət etsin. Şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını fəda etdilər. Biz öz şəhidlərimizlə fəxr edirik. Qəhrəman əsgər və zabitlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik”.
2020-ci il sentyabrın 27-də zəfər yürüşünə başlayan Azərbaycan Ordusu ilk olaraq Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı və Böyük Mərcanlı və Nüzgar kəndlərini işğaldan azad etmişdi. İşğal dövründə Ermənistan bu ərazilərdə bir neçə mərhələdən ibarət möhkəmləndirilmiş müdafiə mövqeyi, mühəndis-maneələr sistemi yaratmışdı. Lakin bunların heç biri ordumuzun qalibiyyət yürüşünün qarşısını ala bilmədi və müharibənin ilk günündə artıq düşmənin bütün müdafiə qurğuları dəf edildi, mövqeləri ələ keçirildi.
Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini hər zaman uca tutacaq, ehtiramla anacaq. Həm sentyabrın 27-nin Anım Günü kimi təsis olunması, həm də Bakı şəhərinin ən gözəl yerlərindən birində Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlinin qoyulması şəhidlərimizin xatirəsinə olan yüksək ehtiramın təcəssümüdür.
Yeri gəlmişkən, qeyd edək ki, Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda döyüşən və şəhid olan əsgər və zabitlərimizin əksəriyyəti məhz müstəqillik dövründə dünyaya gəlmiş mərd oğullar idi. Onlar bu illərdə vətənpərvərlik ruhunda böyümüşlər, tərbiyə olunmuşlar. Məhz bu amil həm də Azərbaycandakı milli həmrəyliyin əsas elementlərindən biri kimi çıxış etmişdir.
Azərbaycan dövləti daim şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına yüksək diqqət və qayğı ilə yanaşmışdır və bu proses hər zaman yüksək səviyyədə davam edir. Şəhid ailələrinin və müharibə əlillərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Prezident tərəfindən qəbul edilmiş mühüm qərarlar cəmiyyətimiz tərəfindən alqışlarla qarşılanır. Şəhid ailələrinin üzvlərinə dövlət tərəfindən 11 min manat birdəfəlik sığorta ödənişinin, 500 manat Prezident təqaüdünün verilməsi, şəhid uşaqlarının təhsil haqqını ödəməkdən azad olunması, şəhid ailələri və əlillərə mütəmadi olaraq yeni mənzillərin, avtomobillərin verilməsi kimi tədbirlərin keçirilməsi dövlət qayğısının ən böyük nümunəsidir. Bundan əlavə, müharibə iştirakçılarına əlillik dərəcəsindən asılı olaraq birdəfəlik 8800, 6600, 4400 manat sığorta ödənişləri də verilib. Əlillik dərəcəsinə uyğun olaraq, Prezident təqaüdlərinin ödənişi, əlilliyi müəyyən edilmiş şəxslərin pensiya hüququ əldə etməsi və ölkə hüdudları daxilində pulsuz sanatoriya-kurort müalicəsi ilə təmin olunması dövlətin onlara xüsusi diqqətinin təcəssümüdür. Postmüharibə dövründə bu kateqoriyadan olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib. 3850 mənzil şəhid ailələri və müharibə əlillərinə, 264 avtomobil müharibə əlillərinə təqdim edilib. Ümumilikdə, ötən dövrdə 12850 imtiyazlı şəxs mənzil və ya fərdi evlə, 7500 müharibə əlili avtomobillə təmin edilib.
Vətən müharibəsi əlillərinə, şəhid ailələrinə, veteranlara Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də yüksək diqqət və qayğı göstərilir. Müharibədə yaralanan hərbçilərimiz Heydər Əliyev Fondunun xətti ilə qardaş Türkiyədə müalicə olunublar. Həmçinin müharibə əlilləri fond tərəfindən yüksək texnologiyalı protezlərlə təmin ediliblər.
Sumqayıtlılar torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına döyüşüblər
Tarixi zəfərə imza atan şəhidlərimizin və qazilərimizin arasında Sumqayıtda doğulub boya-başa çatmış, şəhərə pənah gətirmiş sakinlər də var. Qeyd edək ki, hələ 2020-ci ilin iyul ayında Ermənistanın Tovuzda törətdiyi təxribatdan sonra minlərlə şəhər sakini könüllü olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt baş idarəsində qeydiyyata düşmüşdü. Vətən müharibəsi isə ilk gündən sumqayıtlıların da işğal altında olan torpaqlarımızın azadlığı uğrunda mübarizə əzminin, vətənpərvərliyinin təsdiqi oldu.
Sonrakı günlərdə könüllü olaraq Vətən savaşında iştirak edən sumqayıtlıların sayı daha da artdı. Sumqayıt ictimaiyyəti həmin günlərdə döyüşə gedənləri alqış sədaları ilə yola salırdı.
Öncə onu qeyd edək ki, sumqayıtlılar hələ Birinci Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıqla döyüşüblər. Bu gün Sumqayıtdakı Şəhidlər xiyabanında dəfn olunan şəhidlərimizin 407 nəfəri Birinci Qarabağ müharibəsində həlak olub. Daha 144 nəfər sumqayıtlı isə Birinci Qarabağ müharibəsində itkin düşmüş sayılır. Bu müharibədə şəhər sakini olan 1000-ə yaxın hərbçi müxtəlif əlillik dərəcəsi almışdır.
2016-cı il Aprel döyüşlərinin şəhidi, polkovnik-leytenant Raquf Orucov, 2020-ci ildə Ermənistanla dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki hərbi təxribatının qarşısını alarkən həlak olmuş general-mayor Polad Həşimov kimi qəhrəmanlar isə bütün sumqayıtlılar üçün vətəni sevməyin yeni nümunələrini yaratdılar. Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərində xidmət edən sumqayıtlılar Vətən müharibəsində böyük ruh yüksəkliyi ilə döyüşdülər. Suqovuşanın, Cəbrayılın, Hadrutun, Füzulinin, Zəngilanın, Qubadlının və nəhayət, Şuşanın azad olunmasında sumqayıtlılar qəhrəmanlıqla savaşdılar. Onlardan bir neçə nəfəri Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldü, bir qismi yüksək orden və medallarla təltif olundu.
Vətən müharibəsində 115 nəfər sumqayıtlı şəhidlik mərtəbəsinə yüksəldi. 9 nəfər sumqayıtlı (6 nəfər ölümündən sonra) Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldü. 21 nəfər sumqayıtlı yüksək ordenlərlə təltif olundu.
Hazırda Sumqayıtda 2 min nəfərə yaxın Vətən müharibəsi iştirakçısı yaşayır. Onlardan təqribən 200 nəfərə müxtəlif dərəcəli əlillik təyin olunub.
Şəhidlərin adı layiqincə əbədiləşdirilir
Sumqayıtda torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəhid olmuş şəhər sakinlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Şəhərdə 14 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Adil İbrahimlinin, 25 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı Anar Şükürovun, 28 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adı verilib. Polad Həşimovun adını daşıyan məktəbdə büstü qoyulmuş və muzeyi yaradılmışdır.
Şəhərin 38 küçəsinə şəhidlərin adları verilmişdir. Həmçinin şəhidlərin yaşadıqları ünvanlara xatirə lövhəsi və barelyeflər vurulmuşdur.
Son illər Sumqayıtda genişmiqyaslı quruculuq işləri həyata keçirilmiş, şəhərin siması tamamilə dəyişmişdir. Tarixi ənənələrini bərpa edən, müasir sənaye mərkəzi kimi tanınan Sumqayıt həm də quruculuğun və inkişafın əsas ünvanlarından biridir. Şəhərdə 1992-ci ildə salınan və 515 şəhidin uyuduğu Şəhidlər xiyabanı da 2021-ci ildə əsaslı şəkildə təmir olunmuş, kompleks yenidənqurma işləri aparılmış, ərazisi genişləndirilərək 1,2 hektara çatdırılmışdır. Yenidən qurulan Şəhidlər xiyabanında “Qalib Əsgər” abidəsi ucaldılmış, hündürlüyü 30 metr olan yeni bayraq dirəyi quraşdırılmışdır.
Şəhidlər xiyabanında yaşıllıq örtüyü salınmış, işıqlandırma sistemi müasirləşdirilmiş, fontan kompleksi inşa edilmişdir. Yenidənqurma işləri çərçivəsində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə “Zəfər ağacı” abidəsi yaradılmış, həmçinin inzibati bina inşa olunmuşdur. Şəhidlər xiyabanında Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş 144 şəxs haqqında məlumatların əks olunduğu abidə də ucaldılmışdır.
Prezident İlham Əliyev bu il iyulun 20-də Sumqayıta səfəri zamanı Şəhidlər xiyabanında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuş, “Qalib Əsgər” abidəsinin və Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunan abidənin önünə gül dəstələri qoymuşdur.
Anım Gününün ikinci ilində Sumqayıtda da silsilə tədbirlər təşkil olunub. Şəhidlər xiyabanında keçirilən anım tədbirində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin deputatları, şəhid ailələri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Şəhərin müxtəlif ərazilərində şəhidlərimizin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib, üç minə yaxın ağac əkilib.
Onu da qeyd edək ki, müharibə günlərində şəhidlərin nəşinin gətirilməsi, dəfn olunması, başdaşlarının quraşdırılması, yas mərasimlərinin keçirilməsi Sumqayıt Şəhər İcra Hakimiyyətinin maddi və mənəvi dəstəyi ilə həyata keçirilmişdir. Hər bir şəhid ailəsinə birdəfəlik maddi vəsait və ərzaq yardımı olunmuşdur. Sumqayıt Şəhər İcra Hakimiyyətinin xətti ilə bu tədbirlərin keçirilməsinə 670 min manatdan artıq vəsait xərclənmişdir.
Sumqayıtda hər bir şəhidin xatirəsinə yüksək ehtiram göstərilir, doğum günlərində və şəhid olduqları tarixlərdə onlarla bağlı anım tədbirləri keçirilir.
Hər bir şəhid ailəsinin, müharibə əlilinin və veteranının müraciətinə həssaslıqla yanaşılır
Sumqayıt şəhərində şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır, onların sosial təminatı və yaşayış imkanlarının yaxşılaşdırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcovun sərəncamı ilə şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğuna və sosial problemlərinin həllinə dəstək olmaq məqsədilə 2021-ci ilin oktyabr ayında Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi yaradılmışdır. Əlaqələndirmə Mərkəzində şəhid ailələrinin üzvləri, qazilər, Sumqayıt Şəhər İcra Hakimiyyətinin və aidiyyəti qurumların əməkdaşları təmsil olunurlar. Əlaqələndirmə Mərkəzi məşğulluqla bağlı müvafiq tədbirlərin icrasını təmin edir, işsiz əhalidən daxil olan məlumatlar əsasında müvafiq təkliflərin işlənib hazırlanmasını və zəruri tədbirlərin həyata keçirilməsini təşkil edir.
Sumqayıt ŞİH əməkdaşları mütəmadi olaraq Vətən müharibəsində yaralanmış qazilərin evlərində olur, onların qayğıları, səhhəti, müalicələrinin gedişi ilə maraqlanır, ailələrinə ərzaq və maddi yardımlar çatdırırlar.
2021-ci ilin yanvar ayından bu günə kimi şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına bayramlarda, əlamətdar günlərdə və özlərinin müraciəti əsasında Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən 345 min 100 manat məbləğində ərzaq yardımı və 389 min 600 manat maddi yardım verilmişdir. Bununla yanaşı, 3 şəhid ailəsi üzvünün təhsil haqqı 7700 manat olmaqla ödənilmişdir. 3 şəhid ailəsinin evi əsaslı təmir edilmişdir. Son illər Birinci Qarabağ müharibəsinin iştirakçıları olan qazi və şəhid ailələrindən 373 nəfər, İkinci Qarabağ müharibəsindən isə 245 nəfər mənzil növbəsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən uçota götürülmüşdür. Onlardan 385 nəfər yeni mənzillə təmin olunmuşdur.
Şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı prioritet vəzifələrdən biri onların işlə təminatıdır. Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciətlərin mütləq əksəriyyəti işlə təminatla bağlı olmuşdur. Həyata keçirilən tədbirlər nəticəsində 233 nəfər şəhid ailəsi üzvü və müharibə iştirakçısının məşğulluğu təmin olunmuşdur. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən son bir ildə 120 nəfər şəhid ailəsi üzvü, müharibə əlili və müharibə veteranı qəbul edilmişdir. Qəbul zamanı qaldırılan məsələlər əsasən işlə təmin olunmağa kömək göstərilməsi ilə bağlı olmuşdur. Onlardan 24 nəfərin müraciəti Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən nəzarətə götürülərək həll edilmiş, 44-nün icrası üçün müvafiq idarələrə göndərilmişdir.
Sumqayıtda şəhid ailəsi üzvlərinə və müharibə iştirakçılarına yerli sahibkarlar da dayaqdırlar. Ötən dövrdə tam fiziki hərəkətləri məhdud olan 27 nəfər qazi sahibkarlar tərəfindən himayəyə götürülmüşdür. Bundan başqa, bir qazinin əməliyyatının tam xərcini sahibkar öz üzərinə götürmüş, bir qaziyə dəyəri 2500 manat olan elektrik əlil arabası verilmiş, bir şəhid anası və iki qazi ailəsi ev mebelleri və məişət avadanlıqları ilə təmin olunmuşlar. Bir şəhid övladı isə 18 yaşına qədər himayəyə götürülmüşdür.
Sumqayıtda şəhid ailələri, müharibə əlilləri və veteranlar hərtərəfli sosial dəstəklə əhatə olunublar. İnkişafı və quruculuğu ilə diqqət çəkən Sumqayıtda bu kateqoriyadan olan vətəndaşlara göstərilən qayğı da nümunəvidir.
Rəşad CƏFƏRLİ,
“Azərbaycan”