Bir neçə gün bundan əvvəl sosial şəbəkələrdə 190 saylı məktəbdə oxuyan birinci sinif şagirdinin müəlliməsi tərəfindən döyülməsi ilə bağlı məsələ gündəmə gəldi. Uşağın zərbə təsirindən parçalanıb qanamış alnının fotosu isə hər kəsdə bunu törədənə qarşı bir hiddət doğurdu və müəllimənin cəzalandırılması tələb edildi. Hadisəyə reaksiya verən təhsil naziri Ceyhun Bayramov məsələni araşdıraraq müəlliməni işdən azad etdi. Amma döyülmüş balaca qızcığazla bağlı problem bununla da həll olunmadı. Nədən ki, həmin qızın öz anası tərəfindən döyülməsi ilə bağlı görüntülər yenidən sosial şəbəkələrin gündəmini zəbt etdi.
Və o da danılmaz həqiqətdir ki, Azərbaycanda müəllimi, valideyni və sair tərəfindən şiddətə məruz qalan uşaqların sayı elə də az deyil. Ən acınacaqlısı isə odur ki, əksər valideynlər buna uşağa şiddət kimi yox, tərbiyə üsulu kimi baxır və özünün haqlı olduğunu söyləyir. İllər əvvəl valideynlərinin də onlara qarşı bu cür davrandığı və bunun da yararlı olduğu fikrini inadla müdafiə edirlər. Bəs ekspertlər bu barədə nə düşünür? Doğrudanmı uşağı döymək bir tərbiyə üsuludur? Uşağa şiddət göstərənləri qanunla hansı cəzalar gözləyir?
Dəhşətli statistika
Azərbaycan Uşaq Qaynar Xətt Xidmətinə fəaliyyət göstərdiyi 8 il ərzində 32 000-dən artıq müraciət daxil olub. Yalnız 2018-ci ilin yanvar ayının 1-dən aprel ayının 15-ə qədər 786 müraciət edilib. Xidmətin koordinatoru Gülşən Axundova Lent.az-a bildirib ki, bu zənglərdən 73-ü məhz zorakılığın müxtəlif növlərinə aid edilən müraciətlərdir. Bunlardan 29-u psixoloji, 2-si cinsi, 42-si fiziki və emosional zorakılıqdır.
“Ümidli Gələcək” Uşaqlar Birliyinin sədri Nabil Seyidov Lent.az-a bildirir ki, 1998-ci ildə “Uşaq hüquqları haqqında” qanun qəbul olunub: “BMT-nin uşaq hüquqları konvensiyası və digər öhdəçiliklərə uyğun olaraq Azərbaycanda uşaqların vurulması, döyülməsi qadağandır. Tərbiyələndirmə məqsədi ilə belə olsa. Bu, özündə inzibati və hətta cinayət məsuliyyəti daşıyır. Bu, bütün sivil və inkişaf etmiş dünya ölkələrində də belədir.
O cümlədən Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, təkcə ötən il 123 nəfər valideynlik hüququndan məhrum edilib, 86 nəfərin isə valideynlik hüququ məhdudlaşdırılıb. Bu isə neçə-neçə uşağın atasız, anasız qalması deməkdir.
Cismani cəzalandırmaya qarşı qanun
Bununla yanaşı, qanunvericilikdə birbaşa uşaqların döyülməsi sözü olmadığı üçün əksər ölkələrdə ayrıca qanun qəbul olunub. Məsələn Böyük Britaniyada cismani cəzalandırmaya qarşı xüsusi qanun qəbul edilib. Həmçinin Avropa ölkələrində bununla bağlı ayrıca qanun var. Azərbaycanda da artıq neçə illərdir ki, UNİCEF-in köməyi, qeyri-hökumət təşkilatlarının dəstəyi ilə İnsan Hüquqları üzrə Ombudsman tərəfindən xüsusi qanun layihəsi hazırlanıb”.
N. Seyidov bildirir ki, bu, “Uşaqlara qarşı cismani cəzalandırma” ilə bağlı qanundur: “Həmin qanun layihəsi Milli Məclisə göndərilib. Hazırda həmin qanun parlamentin Sosial Siyasət üzrə komitəsindədir. QHT-lər, geniş ictimaiyyət, BMT-nin qurumları bu qanunun qəbul olunması üçün vəkillik işi aparır. Bu, Azərbaycan üçün çox vacibdir”.
Uşaqların döyülməsi, vurulması qadağandır
“Amma tək qanunun qəbulu ilə iş bitmir” deyən birlik sədri qeyd edir ki, burada mütləq şəkildə maarifləndirmə aparılmalıdır: “Valideynlərə, müəllimlərə xüsusi tərbiyələndirmə üçün tövsiyələr, təlimatlar verilməlidir. Yeni davranış bacarıqları aşılanmalıdır. Xüsusi təlim-tədris proqramları hazırlanaraq müəllimlərin təhsili zamanı təsdiq olunmalıdır. Qanuna görə, uşaqların döyülməsi, vurulması qadağandır. Buna görə də onlar məsuliyyətə cəlb oluna bilərlər. Bundan başqa, uşaqları tərbiyələndirmək, onları qeyri adekvat davranışlardan yayındırmaq üçün alternativ tədbirlər var”.
N. Seyidov bildirir ki, uşaqların evdə, məktəbdə vurulması, döyülməsi təkcə Azərbaycanda yox, dünyanın bir çox ölkələrində də mövcuddur: “Azərbaycanda da bu cür hallar az deyil. Bəzi ailələrdə və uşaq müəssisələrində çox şiddətli döyülmələr, hətta uşağın fiziki və psixi sağlamlığına ciddi travmaların vurulması ilə nəticələnən zorakı hərəkətlər də baş verir”.
Valideyn hüququndan məhrum edilə bilər
“Bu cür davranışa görə valideynlər valideynlik hüququndan məhrum edilə bilərmi” sualını cavablandıran N.Seyidov deyir ki, tərbiyələndirmək məqsədi ilə uşaqlara çox yüngül formada cəzalandırma tətbiq edən valideyn, yaxud uşaq müəssisələrinin nümayəndələri hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən xəbərdarlıq ala, eyni zamanda inzibati qaydada məsuliyyətə cəlb oluna bilərlər. Lakin bu, təkrar baş verdikdə, uşağın fiziki, psixi sağlamlığına zərər verməklə nəticələnən hadisə olduqda həmin valideyn valideynlik hüququndan müvəqqəti, ya da ömürlük məhrum oluna bilər. Digər nümayəndələr, müəllim, həkim, ya hansısa müəssisənin rəhbəri işdən azad oluna, inzibati, yaxud cinayət məsuliyyətinə cəlb oluna bilər”.
“Bu cür halları müşahidə edən insanlar dərhal aidiyyatı qurumlara xəbər verməlidir. 480 22 80 saylı uşaq qaynar xəttinə də uşaqlar özləri, yaxud valideynlər müraciət etməlidir. Onu da deyim ki, qanunların tətbiqi də çox şeyə nail olmağa imkan vermir. Burada davranış formalarında dəyişiklik etmək lazımdır. Əks təqdirdə bir çox valideynlər cəzaya məruz qalacaq, insanlar işdən çıxarılacaq. Bu da digər sosial problemlərə gətirib çıxaracaq. Ona görə də paralel olaraq insanlar arasında geniş maarifləndirmə aparılmalıdır. Uşaqlar da maarifləndirilməli, öz hüquqları ilə yanaşı, öhdəliklərini və vəzifələrini də bilməlidirlər”.
Qanun layihəsinin qəbulu parlamentin səlahiyyətindədir
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı isə Lent.az-a bildirdi ki, bu cür halların aradan qaldırılması daim ombudsmanın maraq dairəsində olub: “Düzdür, bu gün bizim qanunvericilikdə uşaqlara qarşı hər hansı cismani cəzanın verilməsini aradan qaldıran müəyyən qaydalar var. Amma bizim verdiyimiz təklif, qanun layihəsi həm beynəlxalq təcrübədən doğurdu, həm də bu sahədə olan tədbirlərin daha kompleks şəkildə həyata keçməsini nəzərdə tuturdu. Həmin o qanun layihəsində cismani cəzaya məruz qalmış uşaqların müdafiəsi, onlara sosial psixoloji yardımın göstərilməsi, uşaqlara göstərilmiş cismani cəzaların səbəbləri, buna şərait yaratmış halların aradan qaldırılması və sair kimi məsələlər nəzərdə tutulur. Biz hər illik hesabatımızda bu məsələni qaldırırıq. Amma qanun layihəsinin qəbulu parlamentin səlahiyyətindədir”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbərliyindən Lent.az-a verilən məlumata görə, sözügedən məsələ ilə bağlı polisə şikayət daxil olmayıb. Amma azyaşlılarla iş üzrə ərazi inspektorları bu kimi halları nəzarətdə saxlayır.
“Məni döymə…”
Kiçik bir araşdırmadan sonra məlum olur ki, uşaqlarla bağlı məsələ çox həssasdır və burada qayda-qanunlarla nələrəsə nail olmaq çətindir. Əksər valideynlər uşaqları özlərinə məxsus bir mal, əşya kimi dəyərləndirir. Hətta elə valideynlər var ki, məktəbə uşaq qoyanda müəllimə deyir ki, uşağı istədiyi qədər tənbeh edə, o cümlədən döyə bilər. Yetər ki, o, təhsil alsın. Hətta bu sövdələşmə zamanı ən çox istifadə edilən atalar misalı da “Əti sənin, sümüyü mənim”dir. Görünən isə odur ki, təfəkkürlərdə bir dəyişiklik, şüurlarda inqilab olmayana qədər hələ çox balaca uşaqlarımız müəllimi, valideyni tərəfindən vəhşicəsinə döyüləcək. Və bizə də bu dəhşət səhnələrindən miras qalan “Məni döymə” yalvarışı həkk olunmuş lal baxışları seyr etmək qalacaq…