Dələduzluq etmiş şəxsin cəzalandırılması barədə – ANAR QASIMLI YAZIR

1826

Cinayət Məcəlləsində 11 növdə cəza nəzərdə tutulur. Ən yüngül cəza cərimə cəzası, ən ağır cəza isə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə cəzalarıdır.

Yüngüllüyünə görə ikinci yerdə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəzası dayanır.

Ağırlıq dərəcəsinə görə cəza növlərini ardıcıllığı belədir: cərimə; nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə; müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə; ictimai işlər; xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə; islah işləri; hərbi xidmət üzrə məhdudlaşdırma; Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma; intizam xarakterli hərbi hissədə saxlama; müəyyən müddətə azadlıqdan məhrum etmə; ömürlük azadlıqdan məhrum etmə.

Belə bir deyim var: harda iki hüquqşünas varsa, orada ən azı üç fikir vardır. Əksər hüquqşünaslar bu fkirədirlər ki, cərimə və nəqliyyat cəzasını idarə etmə hüququndan məhrum etmə cəzalarını qətiyyən yüngül cəza hesab etmək olmaz. Bu cəzalar bəzən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından da ağır olur. Adi bir misallla fikrimizi izah edək. Gündəlik dolanışıq xərclərini taksi fəaliyyətindən çıxaran, sürücülükdən başqa bir peşəsi olmayan şəxsehtiyyatsızlıqdan yol nəqliyyat hadisəsi törədir, tutaq ki avtomobillər toqquşur, digər avtomobilin sürücüsü ağırlıq dərəcəsinə görə az ağır hesab olunan xəsarət alır. Bu halda təqsirli sürücünü iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası gözləyir. Dəfələrlə məhkəmə iclaslarında şahidi olmuşuq ki, təqsirləndirilən şəxslə məhkəmədən ona daha yüngül cəza olan cərimə cəzası əvəzinə iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını xahiş ediblər. Yeganə peşəsi sürücülük olan şəxsi iki ilədək müddətə sürücülük hüququndan məhrum etmək onun üçün iki il azadlıqdan məhrum etmədən daha ağır məhrumiyyətlər yaradır.

Gətirdiyimiz nümunədə cinayət ehtiyyatsızlıqdan törədilir. Amma biri də var qəsdən törədilən dələduzluq cinayəti. Dələduzluq etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etməkdən ibarət cinayət əməlidir. Əgər sizin yüz manatdan üç yüz manatadək pulunuzu və ya eyni dəyəri olan əmlakınızı dələduzluq yolu ilə ələ keçiriblərsə, təqsirkar şəxs yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; təkrar törədildikdə; şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; xeyli miqdarda (üç min manatdan on min manatadək) ziyan vurmaqla törədildikdə isə, üç min manatdan beş min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə, mütəşəkkil dəstə tərəfindən törədildikdə; külli miqdarda (on min manatdan yuxarı məbləğdə) ziyan vurmaqla törədildikdə; əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox məhkum edilmiş şəxs tərəfindən törədildikdə isə, təqsirkar şəxs əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Məhkəmə təcrübəsində dələduzluğa görə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunur. Əgər dələduzluq etmiş şəxs dəymiş ziyanı ödəyirsə, bu halda şərti məhkum etmə tətbiq olunur. Başqa sözlə, təqsirləndirilən şəxs azadlıqda qalır. Bəzən azadlığın da öz şərtləri olur. Amma şərti də olsa, azadlıq azadlıqdır!

Prezident İlham Əliyev fevralın 10-da imzaladığı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamda qarşıya qoyulmuş əsas məqsədlərdən biri də cəza siyasətinin humanistləşdirilməsidir.

Bu məqsədilə Ali Məhkəməyə və Baş Prokurorluğa tövsiyələr edilmiş, Ədliyyə Nazirliyinə isə, tapşırılmışdır ki, bir sıra istiqamətlərdə, o cümlədən,törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması istiqamətində qanun layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.

Dələduzlq cinayətinin ictimai təhlükəliliyi maddi ziyanla birbaşa bağlıdır. Dələduzluq edən cinayətkar zərərçəkmiş şəxsin həyatına, sağlamlığına qəsd etmir, onun əmlakına qəsd edir. Dələduzların müəyyən müddətə azadlıqdan məhrum etməklə islah olunması ağlabatan deyil. Nə etməli?

Əmlaka qəsd edənin əmlakına qəsd olunmalı. Talion prinsipi işə salınmalı: gözə göz, dişə diş. Təqsirkar şəxs başqasının pulunu və ya digər əmlakını ələ keçirməyin bədəlini öz pulu və əmlakı ilə ödəməlidir. Zərəçəkmiş şəxsə vurduğu ziyanı tam ödəməklə yanaşı vurduğu ziyan məbləğində və ya vurduğu ziyanın bir neçə qatı məbləğində cərimə olunmalıdır. Zəhmət çəkib evini satmalı, kirayədə yaşamalı, nəhayət anlamalıdır ki, özgənin əmlakını mənimsəmək olmaz.

Sözü gedən Sərəncamdan irəli gələrək Cinayət Məcəlləsinə bir sıra dəyişiklik edilməli, heç olmazsa, ilk dəfə dələduzluğa və ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan digər cinayətlərə görə məsuliyyətə cəlb olunan və vurulmuş ziyanı tam ödəyən şəxslərə münasibətdə müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq edilməməli, əvəzində yüksək məbləğdə cərimə cəzası təyin olunmalıdır. Təbii ki, cərimə ödənilməzsə, bu cəzanın azadlıqdan məhrum etmə cəzası ilə əvəzləşdirilməsi imkanı da aradan qalxmır.

Bununla, həm məhkumun saxlanması xərclərinə qənaət olunar, həm dövlət büdcəsinə əlavə maliyyə vəsaiti daxil olar, həm də məhkəmə-hüquq sistemində korrupsiya halları əhəmiyyətli dərəcədə azalar. Niyə də olmasın?!

ANAR QASIMLI

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər