Təxmini hesablamalara görə son 2 ayda 12 nəfər dəm qazından boğulub.
Son zamanlar respublikamızda, eləcə də şəhərimizdə dəm qazından boğulma hadisələri bir xeyli artıb.
Bu boğulma hadisələrinin bəziləri texniki qüsurlardan, bəziləri isə insanların məsuliyyətsizliyi ucbatından baş verir.
Əslində, dəm qazından boğulma hadisələri son dönəmlərdə adi hala çevrilib. Baxmayaraq ki, ötən illər ərzində də oxşar hadisələr sıx qrafiki ilə seçilib və nəticələr çıxarılaraq profilaktik tədbirlər görülməsinə cəhd olunub, ancaq nəticə dəyişmir ki, dəyişmir.
Bu hadisələr, eləcə də şəhərin qaz təchizatı və bu baxımdan mövcud olan problemlərlə bağlı suallarımızı Sumqayıt şəhər Qaz İstismar İdarəsinin baş mühəndisi Teymur Balıyev cavablandırıb.
– Yəqin ki, xəbəriniz var, son zamanlar dəm qazından boğulma hadisələri sürətlə artmaqdadır. Sizcə bunun əsas səbəbi nədir?
– Dəm qazından boğulma hadisələrinin artmasının səbəbini mən onda görürəm ki, abonentlər qazdan istifadə qaydalarına düzgün riayət etmirlər.
Dəm qazından boğulmalar, əsasən, hamam-vanna otaqlarında olur. Su qızdırıcıları da qoyularkən hamam otaqlarının həcminə fikir vermək lazımdır.
Dəm qazından boğulmamaq üçün aşağıdakı qaydalara riayət etmək lazımdır:
1. Sahəsi 7,5 m3 olan otaqlarda su qızdırıcılarının quraşdırılmasına icazə verilir.
2. Tüstü bacaları olmayan binalarda qeyri-qanuni olaraq su qızdırıcıları quraşdırılır. Bunlar da icazəsiz olaraq vintilyasiya kanallarına qoşulur. Bu zaman yanar qazın bayıra çıxması-atılması tam şəkildə həyata keçmir. Buna görə də tüstü bacaları olmayan binalarda su qızdırıcılarının quraşdırılması qadağandır.
3. Vanna otağının qapısı çölə açılmalı, qapının aşağı hissəsində isə0,8 mmölçüdə deşiklər olmalıdır. O deşiklər ona görə açılır ki, içəridə qaz rahat yansın. Sizə bir məlumatı da bildirmək istəyirəm ki, 1 kub qazın yanması üçün 10 kub hava sərf olunur. Son dövrlər əksər evlərdə plastik qapılar quraşdırılır, qapı kip (bərk) bağlanır və içəri hava daxil olmur. Nəticədə dəm qazından boğulmalar baş verir.
Yuxarıda sadaladığım 3 şərt yerinə yetirilərsə, vanna otaqlarında dəm qazından boğulma hadisələri ilə bağlı heç bir problem olmayacaq.
– Bu təhlükə ilə necə mübarizə aparmaq olar?
– Dəfələrlə yaşayış binalarına gedib, vanna-hamam otaqlarına baxış keçirmişik. Nöqsanlar aşkar edərək ev sakinlərinə bildirmişik, lakin nəticəsi olmayıb. Sumqayıtda belə təhlükəli, qəzalı evlər çoxdur, əsasən də 9 mərtəbəli binalarda.
Sumqayıtda isti su ilə təmin olunan abonentlərin sayı 16.000-dir. Bu abonentlərin əksəriyyətində su qızdırıcıları tüstü bacalarına, şaxtalara qoşulur. Buna görə də dəm qazından boğulma hadisələri son dövrlər tez-tez baş verir.
– Boğulma faktları ilə bağlı son 3 ayın statistikası necədir?
– Şəhərimizdə dəm qazından boğulma hadisələri əsasən noyabr ayından başlayıb:
Noyabrda – 2 nəfər
Dekabrda – 10 nəfər
Təxmini hesablamalara görə son 2 ayda 12 nəfər dəm qazından boğulub.
– Sayğacların quraşdırılması hansı templə davam edir?
– Şəhərimizdə bu vaxta qədər mexaniki sayğaclar fəaliyyət göstərirdi. Son dövrlər, yəni, yay aylarından başlayaraq fərdi evlər, yeni qazlaşan mənzillərdə smart tipli qaz sayğacları quraşdırıldı. Noyabr ayının axırlarından başlayaraq kütləvi şəkildə smart kart tipli sayğaclar quraşdırılır. Hal-hazırda günə 150-yə yaxın sayğac dəyişdirilir. Sayğacların quraşdırılması 1-ci məhəllədə yekunlaşıb, eyni vaxtda 2-ci və 3-cü məhəllədə sayğaclaşdırılmaya başlanılıb. Hal-hazırda işlər öz axarilə davam edir. Bir də H.Z.Tağıyev qəsəbəsi və Şirvan massivindəki bina evlərində smart tipli qaz sayğacları quraşdırılır.
2013-cü ilin sonuna kimi Sumqayıt ərazisində smart tipli qaz sayğaclarının quraşdırılması başa çatacaq.
Əhalinin nəzərinə çatdırmaq istəyirəm ki, smart tipli sayğaclarda balans artırmaq üçün aşağıdakı yerlərə müraciət etsinlər:
Sumqayıt şəhər Qaz İdarəsinə, “Pioner” super marketinə, “Mətanət” şadlıq evinin yaxınlığındakı “Sum” marketə, “Yelmar” marketə və Tağıyev qəsəbəsində bu tipli teminallar var. Sayğacların sayı artdıqca terminalların sayının artırılması da nəzərdə tutulub.
– Qaz təchizatı baxımından şəhərin hansı əraziləri zəif təchiz olunur?
– Hal-hazırda deyərdim ki, şəhərin heç bir yerində – bircə bağlar massivini çıxmaq şərtilə (Novxanı-Saray bağları). Düzdür, 26-cı məhəllədə havalar kəskin soyuyarkən bir az problem yarandı, lakin dekabrın 17-dən bu problemi də həll etdik.
– Bəzən əhali tərəfindən narazılıqlar olur ki, qazın təzyiqi tez-tez dəyişir və nəticədə qaz sönür və partlama hadisələri baş verir. Bəs bu haqda nə deyə bilərsiniz?
– Qazın tempini azaltmaq üçün heç bir səbəb yoxdur. Qazlar rejimlə verilir. Sumqayıt ərazisində də belə hallar qeydə alınmayıb.
– Sumqayıt ümumilikdə nə qədər qaz alır və gələn il bu rəqəm nə qədər olacaq?
– Yay aylarında qaza tələbat az olduğundan sutkaya 230 min m3 qaz alırıq. Havalar soyuduqca, tələbat artdıqca bu rəqəmlər də artır.
Gələn il bu rəqəm arta da bilər. Bu da şəhər sakinlərinin, abonentlərin sayının artmasından irəli gələ bilər.
– Gələn il planda hansı işlər nəzərdə tutulub?
– Gələn il Heydər Əliyev prospektindəki küçə qaz kəməri də dəyişdiriləcək. Eləcə də Sülh küçəsindən başlayaraq 26-cı məhəlləyə qədər məsafədə yeraltı qaz borularının dəyişdirilməsi nəzərdə tutulub. Həmin ərazidə hal-hazırda qaz borularının diametri 159 mm-dir. Son zamanlar qaza tələbat artdığından boru tələbatları ödəyə bilmir. Bu səbəbdən də qaz boruları dəyişdirilərək ölçüsü 200 mm-ə çatdırılacaq.
Gələn il üçün planda – 21-ci mikrorayon, 52-ci məhəllə, Yaşıldərə massivi, Xəzər bağları, Yaşma massivinin qaz sisteminin yenilənməsi də vardır.
Hal-hazırda Nərimanov küçəsində boruların dəyişdirilməsi ilə əlaqədar işlər gedir. Birləşmiş məhəllədən Şərq bazarına qədər olan məsafə yenilənir (4 kmərazi). Koroğlu küçəsindəki qaz boruları yenisi ilə əvəz olundu. 1-ci və 5-ci məhəllələrdə yeraltı borular, yerüstü borularla əvəz olundu, 2-ci və 4-cü məhəllədə isə işlər hələ də davam edir.
– Sonda Sumqayıt sakinlərinə tövsiyyəniz?
– Qazdan düzgün istifadə qaydalarına riayət etsinlər. İşlətdikləri qazın ödənişini vaxtında ödəsinlər. Bu zaman qazların verilməsində heç bir problem yaşanmayacaq.
Söhbətləşdi: Elmir Ağayev, “168 saat”