“Dəmir yumruq” əməliyyatı Ermənistanın kapitulyasiyası ilə nəticələndi

810

Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət və güclü ordu strategiyası Azərbaycanı 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevirdi, torpaqlarımızın işğaldan azad olunması ilə nəticələndi. Ölkə başçısı çıxışlarında dəfələrlə vurğulamışdır ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq, gec-tez öz məqsədinə çatacaq. Belə də oldu.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən Müharibəsində Ermənistanın silahlı qüvvələri qısa müddət ərzində darmadağın etdi, Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi dağıtdı. Beləliklə, Azərbaycan döyüş meydanında əldə etdiyi üstünlüklə bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa məcbur etdi. Əldə etdiyimiz bu şanlı Qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu qırdı, xalqın inamını bərpa etdi.

Bütün dünya 44 günlük Vətən Müharibəsində Azərbaycan xalqının birliyini, həmrəyliyini gördü. Ölkəmizdə yaşayan bütün xalqların, bütün dini konfessiyaların nümayəndələri düşmənə qarşı birlikdə mübarizə apararaq ərazi bütövlüyümüzü bərpa etdilər. Bu haqq savaşı bir daha göstərdi ki, həmrəylik bizim böyük sərvətimizdir, dəyərimizdir.

Döyüş meydanında qazanılan qələbə siyasi arenada da qələbəyə səbəb oldu. Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail oldu. Azərbaycan bir gündə 70-dən çox kənd və 8 strateji yüksəkliyin ardınca gedən Dağlıq Qarabağın mirvarisi – Şuşanı azad edərək Ermənistanı diz çökdürdü və onu təslim olmağa məcbur etdi.

Beləliklə, döyüş əməliyyatları zamanı məhv edilən düşmən Prezident İlham Əliyevin irəli sürdüyü şərtləri qəbul edərək, məğlubiyyətini etiraf etdi. Düşmənin ağ bayraq qaldırıb təslim olmaqdan başqa çarəsi qalmadı. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə bəyanat imzaladılar. Bu bəyanat əslində Ermənistanın təslim olmasını sübutudur. Döyüş meydanında darmadağın edilən Ermənistanın münaqişənin ilk günlərindən Azərbaycan Prezidentinin bəyan etdiyi şərtlərlə razılaşmaqdan başqa yolu qalmadı. Nəzərə alsaq ki, Ermənistan bu müharibədə hər hansı bir uğur əldə etməyib , o zaman deyə bilərik ki, üçtərəfli bəyanatın birinci maddəsində qeyd olunan tərəflərin hazırda tutduqları mövqelərdə qalması birbaşa Azərbaycanın maraqlarına uyğundur

Münaqişənin hərbi mərhələsi Üçtərəfli Bəyanatın imzalanması ilə başa çatdı. Ağdam, Laçın, Kəlbəcər rayonları qan tökülmədən qaytarıldı. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi ilə nəticələndi.

Beləliklə, 30 il ərzində danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, “Dağlıq Qarabağ”ın statusunun müəyyənləşdirilməsi məsələsi arxivə getdi, “Dağlıq Qarabağ”da yeni erməni dövləti yaratmaq planları pozuldu. Regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yarandı. Nəticədə Azərbaycan vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu.

Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi Qələbə nəticəsində imzalanan Bəyanat Azərbaycanın maraqlarına cavab verir. Ali Baş Komandan İlham Əliyevin təkidli tələbi ilə məğlub və çıxılmaz vəziyyətə olan Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz geri çəkilməyə və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur oldu. Azərbaycanın mövqeyi isə aydındır, Qarabağa heç bir status verilmir,“Dağlıq Qarabağ Muxtar Vilayəti” adlı ərazi yoxdur. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Azərbaycan Laçın dəhlizində təhlükəsizliyə cavabdehdir.

Bəyanatın beşinci bəndinə əsasən, tərəflərinin razılaşmalara əməl etməsinin monitorinqinin səmərəliliyini artırmaq məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradıldı. Hazırda bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri birgə fəaliyyət göstərir. Beləliklə, Türkiyə münaqişənin gələcək həllində və atəşkəs rejiminə əməl olunmasında rəsmi olaraq öz rolunu oynayacaq. Sözsüz ki, bu da Azərbaycanın maraqlarına tam şəkildə cavab verən faktorlardandır.

Üçtərəfli Bəyanat Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsi arasında əlaqələrin qurulmasını da özündə əks etdirir. Nəqliyyat dəhlizinin açılması böyük strateji əhəmiyyətə malikdir. Azərbaycan döyüş meydanında əldə etdiyi Qələbə ilə yalnız ərazi bütövlüyünü bərpa etmədi, həm də dəhlizin açılması kimi önəmli məsələni həll etmiş oldu.

İmzalanmış Bəyanata uyğun olaraq həyata keçiriləcək kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yolu ilə birləşdirilməsi tarixi hadisə olacaq. Regionun inkişafına gətirib çıxaracaq yeni nəqliyyat-kommunikasiya infrastrukturunun yaradılması Azərbaycanın tarixi missiyasıdır. 44 günlük Vətən Müharibəsinin nəticəsində Azərbaycan bu missiyanı da yerinə yetirmiş oldu.

Beləliklə, Prezident İlham Əliyevin vurğuladığı kimi artıq münaqişə başa çatıb, torpaqlarımız işğaldan azad olunub. Azərbaycan Vətən müharibəsindən sonra status-kvonu öz xeyrinə dəyişdi və tarixi ədaləti bərpa etdi. İkinci Qarabağ müharibəsi, eləcə də Ermənistanın kapitulyasiyasını təsdiq edən üçtərəfli bəyanat tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq.

Cəmilə Fəyyaz,YAP Sumqayıt şəhər təşkilatının elm və təhsil üzrə koordinatoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər