Deputat: “Dəstək proqramları krizisdən sonra da iqtisadi aktivliyi qorumağa təkan verəcək” – RƏY

994

“Dünyada COVİD-19 pandemiyasının yayılması, neftin qiymətinin aşağı düşməsi və Azərbaycan dövlətinin vətəndaşın sağlamlığını əsas tutaraq ölkədə məhdudlaşdırıcı tədbirlər həyata keçirməsi təbii ki, sahibkarlıq subyektlərinə və iqtisadiyyata təsirsiz ötüşməyəcək. Bu Azərbaycan Prezidentinin sərəncamı ilə 1 milyard manata yaxın vəsaitin ayrılması və dörd İşçi Qrupun yaradılmasında əsas məqsəd həm sahibkarların bu prosesdən minimum təsirlənməsi, həm də vətəndaşlara bu proseslərin iqtisadi cəhətdən təsirinin minimuma endirilməsi ilə bağlı dövlət dəstəyi proqramlarının hazırlanması ilə bağlıdır”.

Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin İqtisadi, siyasət və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

T. Mirkişili bildirib ki, Prezidentin tapşırığı ilə hazırlanan dövlət dəstəyi proqramları ilk növbədə vətəndaşların sağlamlığını, daha sonra isə bu günkü iqtisadi aktivliyi qorumaq, sahibkarlara kömək etmək və krizisdən sonrakı dövrdə iqtisadi aktivliyi artırmaq məqsədi daşıyır:

“Azərbaycan dövlətinin siyasəti həmişə ardıcıl olub. İlk öncə vətəndaşın sağlamlığının qorunması, daha sonra isə iqtisadi dəstək proqramlarının hazırlanması onu deməyə əsas verir ki, təhlil və dövlət dəstəyi proqramları kifayət qədər düşünülmüş, orta və uzun müddətə əsaslanmış proqramlardır. Artıq İşçi Qrupların biri, yəni İqtisadiyyat Nazirliyi tərəfindən iqtisadi dəstək proqramlarının istiqaməti və əhatəsi ilə bağlı təkliflər elan olunub. Bu proqramın əhatəsi genişdir və təxminən 600 minə yaxın insanı əhatə edir”.

Onun sözlərinə görə, proqram bir neçə istiqamətdən ibarətdir: “Əsasən pandemiyadan təsirlənən 44 minə yaxın sahibkarlarla çalışan 304 minə yaxın işçiyə birbaşa yardımın göstərilməsi nəzərdə tutulur. Çünki məhz məhdudlaşma tədbirləri nəticəsində bu qədər sayda insanın həm əmək haqqısının alınmasında, həm də sahbikarlar tərəfindən bu insanlara əmək haqqının ödənilməsində müəyyən çətinliklər mövcuddur. 304 minə yaxın insan qeyri-neft sektorunda çalışan insan sayının 45%-indən bir qədər çox edir ki, bu kifayət qədər böyük bir rəqəmdir.

Əlavə olaraq 292 minə yaxın fərdi sahibkarlara dövlət dəstəyi ilə bağlı proqramlar hazırlanır. Çünki məhdudlaşma tədbirləri həm də fərdi sahibkarların, xüsusən xidmət sektorunda çalışan sahbikarların işinin məhdudlaşmasına gətirib çıxarıb”.

T.Mirkişili qeyd edib ki, bunlarla yanaşı vergi güzəştlərində müəyyən imtiyazların verilməsi və sahibkarların banklardan götürdüyü kreditlərdə dövlət dəstəyi mexanizmi ilə bağlı kifayət qədər maraqlı istiqamətlər mövcuddur: “Pandemiya ilə bağlı təsirə məruz qalan sahibkarların banklardan götürdüyü kreditlərin faizlərində dövlət dəstəyi mexanizminin hazırlanması və dövlətin bu dəstəyi göstərməsi, xüsusən də sahibkarların götürdüyü kredit faizlərinin 10%-ə qədərinin dövlət tərəfindən ödənilməsi, yeni götürülən kreditlərdə 60%-ə yaxın girovun dövlət tərəfindən zəmanət verilməsi və üç illik götürülən kreditlərdə kredit faizlərinin 50%-nin dövlət tərəfindən ödənilməsi ilə bağlı dəstək proqramında olan müddəalar, həm bu gün, həm də krizisdən sonrakı mərhələdə Azərbaycanda iqtisadi aktivliyin qorunub saxlanılması üçün kifayət qədər mühüm əhəmiyyət kəsb edəcək.

Bundan başqa, tələbələrin təhsil haqqının ödənilməsi ilə bağlı dəstək proqramları, ipoteka kreditləri və tikinti sektorunun canlanması ilə bağlı dövlət dəstəyi proqramında da xüsusi müddəalar nəzərə alınıb. Eyni zamanda, dəstək proqramlarında kommunal ödənişlərdə insanlara ediləcək güzəştlər, daşıma fəaliyyəti göstərən şirkətlərin dəstəklənməsi və stimullaşdırılması ilə bağlı müddəalar da öz əksini tapır. Ümumilikdə dövlət başçısının tapşırığı birinci vətəndaşların sağlamlığını qorumaq, daha sonra bu günkü iqtisadi aktivliyi qorumaq, sahibkarlara kömək etmək və krizisdən sonrakı mühitdə Azərbaycanın iqtisadi aktivliyini artırmaq barədə qısa, orta və uzun müddətli proqramın hazırlanmasıdır”.

Millət vəkilinin sözlərinə görə, indiki halda kifayət qədər operativ olaraq bu proqramın hazırlanması və icrası ilə bağlı dövlət başçısının verdiyi tapşırıq onu deməyə əsas verir ki, sahibkarlar dövlət başçısının dəstəyini və qayğısını hər zaman hiss edir və edəcəklər: “Çünki məhz bu qayğı və qəbul olunmuş qərarların operativliyi nəticəsində biz bu sınaqdan üzüağ çıxa və krizisdən sonrakı dövrə daha yaxşı hazırlaşaraq gələcəkdə daha çox inkişaf dinamikasına sahib ola bilərik”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər