Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Məmmədlinin “Report” İnformasiya Agentliyinə müsahibəsi:
– Müşfiq müəllim zəhmət olmasa özünüz haqqınızda məlumat verin…
– 1972-ci il avqustun 1-də Sumqayıtda anadan olmuşam. 1989-cu ildə Sumqayıt şəhər 25 saylı tam orta məktəbi bitirmişəm. 1989-cu ildən 1990-cı ilə qədər 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) kiçik tibb işçisi işləmişəm. 1990-1996-cı illər ərzində Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil almışam. 1996-1997-ci illərdə Sumqayıt şəhər Uşaq Xəstəxanasında internatura keçmişəm, 1997-1999-cu illərdə isə qəbul şöbəsinin həkimi vəzifəsində çalışmışam. 2000-ci ildə 3 il müddətində Türkiyənin İstanbul şəhərində təhsil almışam. 2004-2006-cı illər ərzində Tərtər bölgəsində N saylı hərbi hissənin tibb məntəqəsinin həkimi, sonra isə rəisi olmuşam. 2006-cı ildən 2014-cü ilə qədər Təcili Tibbi yardım stansiyasının, daha sonra isə Sumqayıt Uşaq Xəstəxanasının həkimi işləmişəm. 2015-2016-cı illərdə Uşaq Xəstəxanasının pediatriya şöbəsinin müdiri, 2016-cı ildən isə xəstəxananın baş həkimiyəm. 2013-2015-ci illər ərzində Rusiyanın Sankt-Peterburq İqtisad Universitetinin Ali İqtisad Məktəbində MBA proqramı çərçivəsində “Səhiyyə təşkilatlarının menecmenti” ixtisasına yiyələnmişəm. 2006-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm.
– Sizin üçün deputat olmağın üstünlükləri nələrdir?
– Təbii ki, deputat olmağın üstünlükləri çoxdur. Bu üstünlüklər ondan ibarətdir ki, insanlar adama daha çox güvənlə yanaşır, dediyin hər bir sözün çəkisi daha da artır. Bundan əlavə, insanlara edə biləcəyin şeylər üçün müxtəlif dövlət və hökumət təşkilatlarına çıxış imkanların artır.
– Deputat həmkarlarınızla münasibətləriniz necədir?
– Deputat həmkarlarımla münasibətlərimi iki hissəyə ayırardım. Mən yeni və bir neçə dəfə Milli Məclisə deputat seçilən həmkarlarımla münasibət yaratmağa çalışıram. Hazırda ümumi balla götürsək, həmkarlarımla münasibətimi 5 bal üzərində 4,5 qiymətləndirərdim.
– Cəmiyyətdə deputatlara qarşı birmənalı fikirlər yoxdur. Bəziləri iddia edir ki, deputatların əksəriyyəti iş adamlarıdır, yaxud kimlərləsə yaxın qohumluqları var. Deputatlara qarşı olan bu münasibətlərə səbəb nədir?
– Bunu etiraf edək ki, bəzən seçicilər deputatın statusu ilə bir araya sığmayan bəzi gözləntilər içərisində olurlar. Deputatın atdığı hər bir addım qanun çərçivəsində olmalıdır. Bəzən xoş görünə biləcək qanunun yanından keçəcək bir addım da gələcəkdə bizim üçün çox mənfi nəticələrə gətirib çıxara bilər. Ona görə də istər deputat, istər icra strukturlarında çalışan şəxslər qanun çərçivəsində addım atmalıdır. Bunu ölkə rəhbəri də dəfələrlə öz çıxışında qeyd edib. Bəzi hallarda seçicilərimizə xoş olsun deyə çərçivədən çıxaraq atdığımız addımlar mənfi fikirin yaranmasına səbəb ola bilir. Bunu həkim kimi sizə izah edim: Bir xəstənin həyatını qurtarmaqdan ötrü sınaqdan keçməmiş perperatdan istifadə edib müsbət nəticə əldə etməkdəndirsə, protokollarla sınanan müalicə metodlarından istifadə edib fayda vermək daha düzgündür. Mən deputatlara qarşı mənfi fikrin formalaşmasını bununla izah edirəm. Bundan əlavə, hər bir deputat danışdığı hər bir sözün siyasi yükünü daim öz üzərində hiss etməlidir. İnsanların qəlbinə toxunan, onların duğusal nöqtələrini qıcıqlandıran çıxışlardan deputat həmişə özünü sığortalamalıdır. Çünki sıravi vətəndaşın dediyi bir söz başqadı, deputatın dediyi başqa. Deputatın dediyi bir söz insanlarda fərqli bir effekt yaradır.
– Azərbaycan səhiyyəsində hansı problemlər mövcuddur? Bunların həlli istiqamətində hansı addımlar atılmalıdır?
– Azərbaycan səhiyyəsinə qarşı insanlar tərəfindən obyektiv və subyektiv şəkildə tənqidlər olurdu. Ancaq koronavirus pandemiyası dövründə səhiyyəmizin qazandığı uğurlar və ölkə rəhbərliyinin vaxtında atdığı addımlar bizi digər ölkələrdə yaşanan fəlakətlərdən qoruyub. Bu, o demək deyil ki, bütün problemlərimizi həll etmişik. Bu gün xəstəxanaların maddi-texniki bazasının daha da gücləndirilməsi, həkimlərin ixtisaslarına uyğun müxtəlif kurslarda iştirak etməsi, bəzi ehtiyacı olan yerlərdə yeni müalicə strukturlarının qurulması və s. kimi məsələlərin həlli vacibdir. Bundan da ən vacib məqamlardan biri insanların səhiyyəyə olan inamını bərpa etmək və yeni mərhələyə qaldırmaqdır. Çünki ən vacib məsələ inamın olmasından başlayır. İnamı da bərpa etmək üçün savad, qabiliyyət, ixtisaslaşma və inkişaf etmiş tibb müəssisələrinin olması vacibdir. Son zaman kəsiyində Azərbaycanda böyük tibb məntəqlərinin açılması ilə Azərbaycan səhiyyəsi inqilabi sıçrayış keçirib. Pandemiya sübut etdi ki, Azərbaycan səhiyyəsi hər bir çətinliyin öhdəsindən gəlmək gücünə qadirdir.
– Bəzi şəxslər var ki, koronavirus pandemiyasının olmasına inanmır. Hətta vəfat edən şəxsin yaxınlarına pul təklif olunaraq koronavirus xəstəsi kimi qeydiyyata alınması ilə bağlı sosial şəbəkələrdə də məlumatlar paylaşılıb. Bir həkim kimi bunlarla bağlı nə deyə bilərsiniz?
– Çox düzgün və yerində olan bir sualdır. Mən Sumqayıt şəhərində böyümüşəm. Bütün sinif, iş və əsgər yoldaşlarım bu şəhərdə yaşayırlar. Bu suallarla mən qarşılaşıram. Çox yaxın tanışım mənə sual verdi ki, həkim siz belə xəstə görmüsünüz? Mən də dedim ki, bəli. Sumqayıt Uşaq Xəstəxanasında koronavirus aşkarlanan xəstə olub. Baxmayaraq ki, ilk vaxtlar uşaq yaşında olanlarda belə bir xəstəliyin olmaması ilə bağlı fikirlər səsləndirilirdi. Mən həmin xəstənin testinin nəticəsini gözlərimlə görmüşəm. Bundan əlavə, mənim tanıdığım tibb işçilərindən də koronavirusa yoluxanlar var. Bütün bunlar onu deməyə isə əsas verir ki, xəstəliyin olmaması ilə bağlı yayılan fikirlər şayiələrdən ibarətdir. Vəfat edən şəxsin yaxınlarına pul təklif olunaraq koronavirus xəstəsi kimi qeydiyyata alınması ilə bağlı fikirlərə gəldikdə isə onu deyə bilərəm ki, bizim elə mentalitetimiz var ki, heç vaxt bununla razılaşmarıq. Bu məsələlərdə bizim insanlar danışığa və razılığa getməzlər. Dövlət strukturları tərəfindən də belə bir addımların atılması mümkünsüzdür. Bunlar bəzən müxtəlif insanlar, beyin mərkəzləri tərəfindən məqsədli şəkildə ortaya atılan fikirlərdir. Bizim karantin xəstəxanalarımız var və orada olan xəstələrin sayı bəllidir. Sadəcə həmin insanların adı mənəvi-psixoloji travma yarada bilər deyə açıqlanmır. Mən bir həkim kimi tam məsuliyyətlə deyirəm ki, belə bir xəstəlik var.
– Mümkündür ki, koronavirus yenidən yayılsın və əhalinin əksəriyyəti yenidən yolxusun?
– Azərbaycandakı təbii şərait, dövlət qayğısı və insanların yaşayış tərzi koronavirusun yenidən yayılması riskini çox-çox azaldır. Ancaq biz ikinci dalğanın olması ehtimalını da nəzərdən qaçırmamalıyıq. Çünki viruslar insan hüceyrəsi kimi daim dəyişilmə, yenilənmə və mutasiyaya uğrama qabiliyyətinə malikdirlər. Hesab edirəm ki, pandemiya sönmək istiqamətində gedəcək. Ancaq biz payız və qış aylarında daha çox ehtiyatlı olmalıyıq. Çünki ikinci dalğanın olma ehtimalı payız və qış mövsümünə daha çox uyğun gəlir. Mən inanıram ki, biz birlikdə bu işin öhdəsindən gələcəyik.
– Bir pasiyent kimi özünüz hansı xəstəxanaya müraciət edir, müalicə olunursunuz?
– Mən hazırkı müddətə qədər hər hansı bir müalicə almamışam. Yəni, müalicə alacaq bir müraciətim olmayıb. Xırda məsələlər olub. Onu da hansı ki, bir yerdə oxuduğumuz insanlara müraciət edirəm. Mən xarici ölkələrdəki tibb müəssisələrinə sağlamlığımla əlaqədar müraciət etməmişəm.
– Aylıq gəliriniz nə qədərdir?
– Qazandığım pul dolanışığıma kifayət edir. Qazanc hər bir insanın sirridir. Aylıq gəlirim özümün və ailəmin dolanışığına bəs edir.
– Mümkündürsə ailəniz haqqında da məlumat verərdiniz.
– Üç oğlan övladım var. Böyük oğlum 685 balla Bakı Ali Neft Məktəbinə daxil olub və II kurs tələbəsidir. İkinci övladım qəbul imtahanlarına hazırlaşır, bu il məktəbi bitirəcək və digərinin isə 11 yaşı var. Həyat yoldaşım 4 saylı Uşaq Poliklinikasının baş həkimidir.