Bir il əvvəl Respublika Prezidentinin fərmanı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına dərsliklərin monitorinqi tapşırılanda sevindim. Hər iki dövlət qurumu ilə əməkdaşlıq edən naşir, müəllif və ekspert kimi düşündüm ki, bu, dərsliklərin keyfiyyətinin yüksəlməsinə səbəb olacaq. Ancaq deyir, sən saydığını say…
Vaxt keçdi, zaman yetişdi, TQDK dərsliklərin monitorinqi üzrə işə başladı. Əlbəttə, monitorinqin metodlarını müəyyən etmək onu həyata keçirən qurumun öz işidir. TQDK da 100-dən artıq orta və ali məktəb müəllimini, alimləri bir zala yığıb bir-bir dərsliklərin müzakirəsinə başladı. Ağız deyəni qulaq eşitmədi. Bu şəraitdə ağıllı və biliklilər yox, səsi və xarizmi güclü olanlar üzə çıxdılar.
Elə ilk seminarlardan məlum oldu ki, məqsəd dərsliklərin keyfiyyətini yüksəltmək yox, Təhsil Nazirliyinin dərslik sahəsində işlərinə kölgə salmaqdır. Dərslik müəllifləri, xüsusilə Azərbaycan dili və riyaziyyat dərsliklərinin müəllifləri isə bu prosesdə qurbanlıq rolunu oynayırdılar. Onları “kəsməyə” bir çoxları canla-başla razılıq vermişdi: Təhsil Nazirliyindən və şəxsən nazirdən narazı qalanlar, dərslikləri tenderdən keçməyənlər, nəyin bahasına olursa olsun, başqasını aşağılamaqla özünü təsdiq etmək istəyənlər… Sözləri qurtaranda müəllifin şəxsiyyətinə keçirdilər. Müzakirələr qabaqcadan qərarı bəlli olan məhkəmə iclaslarına bənzəyirdi. Dərsliyin məziyyətlərindən danışanların sözü aparıcı tərəfindən kəsilir, tənqid və təhqir edənlərə isə uzun-uzadı danışmaq imkanı verilirdi.
Müəlliflər monitorinqin bu cür formatına etiraz etdikdə isə TQDK-nın şöbə müdiri deyirdi:
– Bunu bizə Prezident tapşırıb! Biz öz bildiyimiz kimi monitorinqi keçiririk.
Hörmətli Afiqə xanım, müəllifləri istehza və kinayə obyekti etməyi, onların təhqir olunması üçün şərait yaratmağı da Prezident sizə tapşırıb? Axı o özü bu yaxınlarda keçirdiyi müşavirədə üzünü məmurlara tutaraq demişdi:
– Hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir… Cəmiyyətdə normal davranış qaydaları var. Bunu pozmaq istəyənlər öz cəzasını alacaqdır.
Seminarlardan birində təhqir olunduqdan sonra zalı tərk etdim və TQDK rəhbərliyinə bildirdim ki, bir daha test ekspertizasına gəlməyəcəyəm. Doğrudur, TQDK sədri Məleykə Abbaszadə məni kabinetinə dəvət edib üzrxahlıq etdi. Lakin mən bildirdim ki, auditoriya qarşısında təhqir olunduğum üçün elə auditoriya qarşısında da bu məsələyə münasibət bildirilməlidir. Bunu etmədilər. Mən isə təhqir olunduğum qurumla əməkdaşlığı davam etdirə bilməzdim. Əlbəttə, dost-tanış məni qınadı: TQDK-nın qılıncının dalı da kəsir, qabağı da, nahaq bu təşkilatla münasibətləri pozursan…
TQDK ekspertləri dərslik müəllifini Abdulla Şaiqlə səhv salırlar
TQDK monitorinq üçün qəribə format seçib. Bu qurumun tərkibi açıqlanmayan ekspert şurası əvvəlcə rəyi müəllifə göndərir. Müəllif qeydlərə şərh verdikdən sonra heç bir ölçüyə sığmayan, savadsızlıq nümunəsi olan biabırçı qeydləri ixtisar edərək rəyi Təhsil Nazirliyinə təqdim edir. Beləliklə, anonim ekspert şurası müəlliflərin köməyi ilə öz rəyini redaktə edir və hələ bir müəllifin dərsliyinin yararsız olduğu barədə qərar çıxarır.
TQDK-nın bir müəllif kimi, mənə təqdim etdiyi 1-ci sinif üçün Azərbaycan dili dərsliyinə rəydən bəzi qeydləri və onlara cavablarımı oxucuların diqqətinə çatdırıram:
TQDK-nın iradı: 93-cü səhifədəki mətndə Namiq Abbasovun Olimpiya çempionu olarkən millimizin bayraqdarı olması fikri yanlışdır. Həmin il Namiq çempion olmadı.
Müəllifin cavabı: Əvvəla, “Namiq Abbasov” yox, “Namiq Abdullayev”. İkincisi, rəyçilərə məsləhət görərdik, YouTube-da 2000-ci il Sidney Olimpiadası ilə bağlı videoçarxlara diqqətlə baxsınlar.
TQDK-nın iradı: 122-ci səhifədəki “Dovşan” şeirinin müəllifi (Abdulla Şaiq) göstərilmir.
Müəllifin cavabı: Bu şeirin müəllifi Abdulla Şaiq deyil, dərslik müəlliflərindən biri olan Dilrüba Cəfərovadır (dərslik müəlliflərinə məxsus mətnlərin altında müəllif adı göstərilmir). Rəyçilər onu klassikimizlə səhv salıblar.
TQDK-nın iradı: “Yaxşı nədir, pis nədir?” şeirinin (səh. 136) 2-ci bəndinin 5-ci misrasında “sevirsə” sözündən sonra vergül qoyulmalıdır.
Müəllifin cavabı: Burada vergülə ehtiyac yoxdur, çünki şeirin ahənginə uyğun olaraq söz sırası pozulmuşdur:
Əgər uşaq sevirsə
Diş tozunu, sabunu,
Demək, yaxşı iş görür,
Hamı bəyənir bunu.
Rəyçilərin bu kimi bir neçə açıq-aşkar, gülünc səhvləri ilə yanaşı, mən rəyin qüsurlu dilinə irad tutaraq onların diqqətini baş-ayaq cümlələrə yönəltmişdim. Sonradan məlum oldu ki, TQDK-nın dərsliyimizə quyu qazmasına xeyli kömək etmişəm.
TQDK ekspertləri qarpız dilimləri axtarışında
Nəhayət, TQDK rəyini rəsmi şəkildə TN-ə, nazirlik isə müəlliflərə təqdim etdi.
Altı ildir ki, TQDK ilə əməkdaşlıq edirəm. Dəfələrlə qəbul imtahanlarına düşən testlərin seçimi və redaktəsi üçün bunkerdə olmuşam. Bu qurumun gördüyü işlər arasında hələ bu qədər məsuliyyətsizlik, savadsızlıq nümunəsi ilə qarşılaşmamışdım. Bəlkə də, buna görədir ki, rəy heç kim tərəfindən imzalanmamış, möhürlənməmişdir. Belə düşünmək olar ki, TQDK dərslik sahəsində qeyri-peşəkarlığını başa düşüb rəydən imtina etmək üçün əl yeri qoyur.
Rəydə verilmiş bəzi qeydləri və həmin qeydlərlə bağlı şərhlərimizi oxucuların diqqətinə çatdırırıq. Başlayaq dərsliyin üz qabığının ikinci səhifəsindən (rəyçilər səhv olaraq bunu “forzas” adlandırırlar, halbuki forzas sərt qapaqlı kitabın blokunu qapaqla birləşdirən vərəqdir).
TQDK-nın iradı: Himnin musiqisinin müəllifinin soyadı (Hacıbəyov) redaktə ilə (Hacıbəyli) verilib.
Cavab: Hər çıxışında yerli-yersiz ölkə Prezidentinə istinad edən TQDK əməkdaşları nədənsə bu dəfə Prezidentin sərəncamlarındakı ifadələri nəzərə almaq istəmirlər. Ona görə də ölkə başçısının 23 fevral 2010-cu il tarixli sərəncamının adını nümunə göstəririk:
“Üzeyir Hacibəylinin 125 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı”
TQDK-nın iradı: 25-ci səhifədə “Əsmərin gəlinciyi” adlı şəkilli hekayədə Əsmər gəlincik istəyən kimi onun arzusu yerinə yetirilir. Bu, heç də yaxşı nümunə deyil. Buna baxaraq bütün uşaqlar evdə bu istəklə çıxış edə bilərlər.
Cavab: Balaca bir qızın anasından gəlincik istəməsində və atasının ona gəlincik almasında pedaqogikaya zidd nə var?
TQDK-nın iradı: Həmin hekayəyə aid sonuncu şəkildə atasının aldığı gəlinciyə Əsmərin olduqca laqeyd bir şəkildə yanaşdığı təsvir olunur. Bu, düzgün münasibət deyil, uşaq atasının aldığı hədiyyəyə belə münasibət göstərməməlidir.
Cavab: Bu hekayədə uşağın mağazadan alınmış oyuncaqla müqayisədə öz əli ilə düzəltdiyi gəlinciyə daha çox rəğbət bəsləməsindən danışılır. Dərsin əsas məqsədi də uşaqda əməyə məhəbbət, yaradıcılığa həvəs, “Texnologiya” fənni ilə inteqrasiya yaratmaqdır.
TQDK-nın iradı: Bu səhifədə “kukla” əvəzinə “gəlincik” işlənib. Belə çıxır ki, qoca qadının, oğlanın, heyvanların təsvirindən ibarət kuklalar da “gəlincik” adlandırılmalıdır.
Cavab: Belə çıxır ki, lüğətimizdən “gəlincik” sözünü çıxarmalıyıq. Əgər müəlliflər ayı oyuncağına “gəlincik” desəydilər, bu iradı başa düşmək olardı.
TQDK-nın iradı: 49-cu səhifədəki “Nurlan” mətnində ananın Nurlana “Utanmırsan, Nurlan?” – deməsi etik nöqteyi-nəzərdən qəbul oluna bilməz. Bundan başqa, Nurlanın işlətdiyi “Nuru baba, nə buyurursan?” – ifadəsi də tərbiyəvi baxımdan düzgün deyil, uşaqların yaş səviyyəsinə uyğun gəlmir. Burada “buyurursan” əvəzinə “buyurursunuz” olmalı idi.
Cavab: Bu mətn vasitəsilə uşaqlarda böyüyə hörmət hissi aşılanır. Babasının çağırışına etinasız yanaşan uşaqdan danışılır. Bu hərəkətinə görə anası onu məzəmmət edir və Nurlan öz səhvini başa düşür. Burada heç bir kobud ifadə işlənməyib. Hansı ailədə uşaq babasına “siz” deyə müraciət edir?!
TQDK-nın iradı: 73-cü səhifədə “Qayğı” mətnindən belə çıxır ki, şəhid atası olan Nağı babanın yeməyə heç nəyi yox imiş. Olmazdımı, ana isti yemək bişirsin, ata ilə oğul isə onu Nağı babaya aparsın? Ata da sonda bu cür insanların qayğısına qalmağın savab yox, bir borc olduğunu vurğulasın.
Cavab: Qarabağ müharibəsində oğlunu itirmiş Nağı baba xəstə olduğuna görə evdən bayıra çıxa bilmir. Qonşuluqda yaşayan ata və oğul bazarlıq edib ona baş çəkirlər. Burada nə var ki? Birinə kömək etmək məhz savabdır. Bu sözün nəyi rəyçilərin xoşuna gəlmir? Əgər “savab” sözünü “borc” sözü ilə əvəz etsək, rəyçilər deyəcəklər ki, uşaq hələ “c” hərfini bilmir.
TQDK-nın iradı: 57-ci səhifədə atanın da, oğulun da ağzı açıq təsvir edilib.
Cavab: Əgər mətndə ata ilə oğulun dialoqu verilibsə, nəyə görə onların ağzı bağlı olmalıdır?
TQDK-nın iradı: 61-ci səhifədəki şəkildə qarpızın cəmi üç dilimi verilib. Deməli, İzzət qarpızın qalan hissəsini artıq dənizə atıb.
Cavab: “Z” hərfini keçərkən verilmiş bu mətnin əsas ideyası ətraf mühitə qayğıdır. Dəniz sahilində qarpızı yeyib qalıqlarını dənizə atmaq istəyən İzzətə dayısı “Dənizi zibilləmək olmaz” deyir. Hərfləri tam keçmədən bu cür tərbiyəvi mətnlər qurmaq kifayət qədər çətin və ağır işdir. Bununla belə, rəyçilər mətnin məzmununu bir kənara qoyub şəkildə qarpız dilimlərini sayırlar. Bəlkə, qalan dilimlər kadra düşməyib, bəlkə, qumun altında qalıb, bəlkə, İzzət artıq onları dənizə atıb? Axı bunun nə fərqi var?
Mən yazılarımda, adətən, kəskin ifadələrdən çəkinirəm. Ancaq bu yerdə deməliyəm ki, TQDK-nın 120 iraddan ibarət rəyi bu cür… lənət şeytana, mən özümü saxlayıram, qoy belə iradlara nə ad vermək lazım olduğunu oxucu desin. Bəla burasındadır ki, bir qrup yaradıcı adam faydalı işlə məşğul olmaq əvəzinə oturub onlara cavab yazmalıdır.
Dərsliklərin monitorinqi üzrə ekspert şurasının tərkibi niyə açıqlanmır?
Təhsil Nazirliyində dərsliklər gərgin müsabiqə şəraitində qiymətləndirilir və qalib müəyyən olunduqdan sonra təsdiq edilir. Keçən il müsabiqə zamanı 1-ci sinif üçün “Azərbaycan dili” fənni üzrə beş təklif irəli sürülmüşdü. Monitorinqə cəlb olunan dərslik onlardan biri idi. Əlbəttə, monitorinq adı eşidəndə müsabiqədən keçməyən dərslik müəlliflərinin əlinə fürsət düşdü. Onlar yubanmadan öz xidmətlərini TQDK-ya təklif etdilər. TQDK-nın anonim ekspert şurasının yekun rəyi də həmin müəlliflərin qərəzli rəyləri əsasında formalaşmışdır. TQDK-nın özündə isə dərslik üzrə mütəxəssis yoxdur. Əks halda “ekspert şurası” bu qərəzli rəyləri saf-çürük edər, heç olmasa, qərəzli ifadələri bir qədər redaktə edərdi.
Əlbəttə, ideal dərslik yoxdur. Xüsusilə dərsliyin ilk nəşri texniki xətalardan xali olmur. Rəydə də bu xətalardan bir neçəsi göstərilib və müəlliflər tərəfindən qəbul olunub. Lakin bunlar dərsliyin məzmununa xələl gətirməyən xətalardır və dərsliyin ləğvi üçün əsas vermir. Nəşriyyat da, Nazirlik də dərslikdəki xətaların aradan qaldırılması və növbəti nəşrin daha mükəmməl olması üçün müvafiq sinif müəllimləri ilə iş aparır. Qəbul edilən xətalar artıq müəlliflər tərəfindən aşkar edilmişdi, çünki müəlliflərdən ikisi – Solmaz Abdullayeva və Gülşən Orucova ibtidai sinif müəllimləridir (hər ikisi “Əməkdar müəllim”, “İlin ən yaxşı müəllimi” adlarına layiq görülüblər). Onlardan biri 23 nömrəli məktəbdə, məhz 1-ci sinifdə dərs deyir, digəri isə hazırda 6 nömrəli məktəbin direktorudur və dərsliyin, ən azı, məktəb daxilində monitorinqi üçün əlində bütün imkanlar var.
Bu məqalədə biz rəyçilərin şəkil və mətnlərin məzmunu ilə bağlı qeydlərinə münasibət bildirmək istədik. Rəydəki elmi-pedaqoji məsələlərlə bağlı gələn yazılarda söhbət açacağıq.
Rafiq İsmayılov
Filologiya üzrə fəlsəfə doktoru,
1-7-ci siniflər üçün Azərbaycan dili dərsliklərinin həmmüəllifi
lent.az