Dilimiz-mənəvi sərvətimiz

462

Görkəmli rus yazıçısı və publisisti Belinskinin dil haqqında gözəl bir aforizmi var:

-Dili əxlaq formalaşdırır, filoloqlar kəşf edir və sistemləşdirir, yazıçılar isə onun üzərində söz sənəti yaradırlar.

Bəli, hər bir xalqın xarakterik xüsusiyyətlərinə bələd olmaq üçün ilk növbədə onun dilini öyrənmək vacibdir. Ən dolğun və mükəmməl dil az sözlə böyük mənalar kəsb edən cümlələrdən ibarət zəngin dildir. Ümumilli lider Heydər Əliyev hər zaman nitqində vurğulamışdı ki, hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir.

Dünyada yox olmaq dərəcəsinə gələn dilləri qorumaq məqsədilə hər il fevral ayının 21-də qeyd olunan Beynəlxalq Ana dili Günü hər kəsə milli sərvəti olan, mədəniyyətinin, cəmiyyətinin inkişafı üçün vacib sayılan dilinin qorunmasını, bu dil ilə qürur duymasını, bəşəri dəyər hesab edilən dilimizin gələcək nəsillərə ötürülməsinin vacibliyini aşılayır.Milli birlik, milli həmrəylik sayılan ana dilimiz xalqın maddi və mənəvi irsidir.Axı o, anamızın beşik başında bizə layla dediyi dildir, axı o, yüyürək olan nağıllarımızın dilidir.

Dil ünsiyyət vasitəsindən daha çox hər bir xalqın siması, kimliyidir, varlığının təzahürüdür. Millətin millət olaraq təsdiqlənməsində dil əsas faktordur. Dil dövlətin əsas amillərindən biridir. Dahi pedaqoq Uşinski demişkən:

-Bir milləti yox etmək istəyirsənsə, ilk olaraq onun dilini əlindən al.

Dili olmayan xalqlar kimi əziyyət çəkməyək deyə hər birimiz vətəndaş olaraq öz dilimizi qorumalıyıq.Dilimiz axıcılığı, rəvan və ahəngdarlığı ilə əcdadlarımızdan bizə miras, bizdən xələflərimizə xəzinə olaraq qalacaq.

Vaqifin şeiriyyəti, Natəvanın qəzəli, Dədəm Qorqudun öyüd-nəsihətləri, Bəxtiyar Vahabzadənin milli ruhu bu dilin üzərində qurulmuşdur. Keçmişimizdən gələcəyimizə mənəvi körpü olan dilimizin saflığını və müqəddəsliyini dərk etməli, ona taleyimiz kimi sahiblənməli, qüdrətini qorumağı qarşımıza məqsəd olaraq qoymalıyıq.

Xəyalə Həmzəliyeva: Sumqayıt şəhər Evdə Fərdi Təhsil Məktəbinin müəllimi

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər