2014-cü ilin iyulunda Kəlbəcərdə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş hələ də Dağlıq Qarabağda girov saxlanan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov atasının zəhərləndiyini bildirib.
Bu barədə açıqlamanı bu gün günün ikinci yarısı Kürdoğlu Əsgərov fcebook səhifəsində yazıb. Kürdoğlu Əsgərov yazıb: “Atam Dilqəm Əsgərovu zəhərləyiblər. Qırmızı Xaç Komitəsinin həkimi Roman əvvəl təsdiq etsə də bu xəbəri indi təkzib edir. 8 aydır atamnan nə məktub, nə də video gəlməməsinin səbəbi sən demə atamın zəhərlənməsiymiş. Mənə də deyirlər atan özü istəmir məktub yazmağı. Video göndərmək Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları sübut etsinlər ki, atamın səhhəti yaxşıdır, atamın canlı videosunu gətirsinlər. Mənə nağıl danışmasınlar”.
Qeyd edək ki, Dağlıq Qarabağda Şuşa həbsxanasında girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevdən sonuncu dəfə iyun ayında məktub gəldiyi barədə K.Əsgərovun ittiham etdiyi Beynəlxalq Qırmızı Xaç Komitəsindən məlumat verilmişdi. Kürdoğlu Əsgərovun yazdığından isə belə məlum olur ki, onlara 8 aydır heç bir məktub gətirilməyib.
E.Seyidağa,
Musavat.com