Günəş gözlərini yummuşdu, dəniz gözlərini yummuşdu… Baxa bilməzdilər onlara, ayıb olardı, utanardılar, utandırardılar… O, qadının üstündə nə vardısa, parçalayıb ata biləcəyi uzaqlığa tullamışdı, ləpələr səsini içinə çəkmişdi, ləpələr… Dənizin içindəydilər, qurşaga qədər dənizin içində… Baxan da elə bilərdi adam bir dəmir darvazaya yanlış vurulmuş boyanı qaşıyıb tökmək istəyir, qaşıyır, qaşıyır, qopmur, tökülmür. Görən də fikirləşərdi ki, adam birinin əyninə zorla keçirdiyi kiçik ölçüdə paltarı soyundurmaq istəyir, dartır, dartır, amma çıxmır, çıxara bilmir. Bax belə, elə beləcə də o, ovcunu dənizin suyu ilə doldurub qadının sinəsini, boynunu, qollarını, hər yerini – dodağının boyasınadək, yanağının ənliyinədək əlləri ilə elə dəmir darvaza qaşıyırmış kimi sürtürdü, ölçüsü kiçik paltar kimi dartışdırırdı. Yuyurdu, yumaq istəyirdi. Təmizləyirdi, təmizlənməsini istəyirdi. Qurtulmasını istəyirdi. Yenidən başlamaq, unutdurmaq, xoşbəxt etmək istəyirdi. Bütün çirkabları parçalayıb, uzaqlara tulladığı rəqqasə paltarı kimi bu dənizə geyindirib getmək istəyirdi… Qadın onun sevgilisiydi… O, qadını sevirdi…
Baxırsan ki, illər keçir, zaman dəyişir, amma tanıdığın yolların biri yenə səni köhnə xəstəxanaya aparır. Yenə həyətlərin arası ilə getməli olduğun yolu itirib qalırsan, yenə çaşırsan, axtarırsan. Yenə qarşına üfunət iyi verən kanal və üstünə beton parçası atılmış “körpü” çıxır – bir az köhnə, bir az nimdaş, qoca, bir az yorğun görünür beton parçası. Günü-gündən ovulan, parçalanan canının içindən boylanan qara, paslı məftillər üzünə irişən kimi görünür. Betonsa, yəni körpüsə kədərlidir, üzgündür, yəni, bəlkə bu da sənə elə gəlir. Baxma, nə qədər olmasa, onun taleyi varlı şəhərlərin asma körpülərinin taleyini yaşamadı, – deyərsən öz-özünə. Üstündən bahalı maşınlar keçmədi, böyük dənizlərin, çayların üstündən boylanmadı, sevgililər ayaqlarını sinəsindən sallayıb uzaqlara baxmadı, onunla heç kim şəkil çəkdirmək istəmədi. O isə avtobus pulu olmayan adamların körpüsüydü, üstündən kisələr keçmişdi – içində boş içki şüşələri yığılmış kisələr… Üstünə xlor dağılmışdı, gecələr yuxuları xlor iyi verən, çörəyi xlor iyi verən, körpələri xlor iyi verən adamların yorğun əllərindəki kauçuk qablardan. Və sən bunları görə-görə böyümüşdün və sən bunları görə-görə yaşa dolacaqsan, qocalacaqsan…
Görürsən ki, illər keçib, zaman dəyişib, amma tanıdığın yolların biri yenə səni köhnə xəstəxanaya aparır. Yenə həmin çinar ağacı qarşına çıxır, hər şey yadına düşür. O gəlir gözünün qabağına, doğulduğu torpaqda qoca çinardan danışdıqlarını xatırlayırsan bir-bir. Özünü toxtaq tutursan, başını qaldırıb baxa bilmirsən çinara. Ağlamaq olmaz, bilirsən, yolun ortasıdır, gələn-gedən var. “Ağlamaq olmaz, olmaz”, – əmr edərsən, israr edərsən, yalvararsan özünə. Amma…
Evlərin hasarların birinə söykənmək, səkinin qırağında oturmaq ayıb deyil ki. Olsun, qoy desinlər kefindən oturub. Qoy yüz yerə yozsunlar, qoy sağına soluna keçib söz atsınlar, telefon nömrələri pıçıldasınlar, hırıldaşsınlar. Olsun. Adam özünü şux tutar. Adam bildirməz ayağa qalxa bilmədiyini, ayaqda qala bilmədiyini, gözlərinin qaradan başqa rəng görmədiyini, bildirməz nəfəsinin tükəndiyini, boğazına nəyinsə tıxandığını…
Həkim nə deyəcəkdi axı, uzağı səni uzun-uzadı müayinələrə göndərəcəkdi. Analizlər, rentgenlər, uzilər nə bilim, daha nələr. Axırda kağızlardan gözünü çəkib, “sən bir qanını da yoxlatdır”, – deyəcəkdi. Qanında da bir şey tapılmadısa, həkimin qələmi baş barmağı ilə şəhadət barmağının arasında aşağı-yuxarı sürüşdürərək gah bir, gah da o biri ucunu stola vurub üzünə baxacaqdı. “Sən bilirsənmi nə var?”, – deyəcəkdi: “Sənin bircə dərdin var – o da özünsən, o da sevdiklərindi, o da əziz bildiklərindi. Get, səndən mənə xəstə olmaz”, – deyib, gülümsəyəcəkdi.
Dar pilləkənləri səndələyə-səndələyə düşəcəkdin. “Axı mən xəstəyəm”, – deyəcəkdin. Yeriyə bilmirsən, əminsən. Səndələyirsən. Boğulursan. Sənə nəsə olub, nəsə. Və sən bu “nəsə”ni bilirsən. Və sən bunu bilə-bilə həkimə gəlirsən. Və sən həm də bilirsən ki, xəstə deyilsən. Amma olsan belə bilirsən ki, bir mesaj gəlməyəcək telefonuna: “xəstələnməmisən?”. Və sən cavab yazmayacaqsan: “Xəstələnməmişəm”.
Bütün bunları bilə-bilə nə axtarırdın analizlərindən? Nə gözləyirdin UZI cavablarından? Niyə tələsik oxuyurdun kardioqramma diaqnozlarını? Nə deyib gedirdin tomoqrafiya aparatına? Baxırsan ki, illər keçib, zaman dəyişib, amma hər dalanından, hər küçəsindən yaylıq yelləyən xatirələr dolu yollar boyunca suallar ac qalmış pişik balası, küçük kimi sağına-soluna keçir, dalınca qaçır, ayağına dolaşır. Və sən ağlamaq istəyirsən: “Olmaz” , – deyirsən,- “Olmaz!”.
Bax indicə, elə bu dəqiqə kiminsə naləsi gəlir qulağına, kimsə bağırır, kimsə ağlayır, elə indicə, sən bütün bunları düşünəndə, danışanda, pıçıldayanda “Bəbəyim”, – deyib bağırır, eşitdinmi: “Bəəəbəəyiiim…”. Başını xəyallardan qaldırıb ətrafına baxırsan və sən içində haranın sızıldadığını az qala gözlərinlə görürsən…
Qadın sənin sevgilin idi… Sən qadını sevirdin… Onda hələ günəş batmamışdı. Onda hələ gülüş səsləri şəhadət barmağı kimi özünə tərəf çağırırdı səni. Onda hələ bircə özün vardın, bircə mənzilin vardı, pəncərəsindən yelləncəklə oynayan ağac görünərdi. Qəfil öndəki binanın pəncərələrinin birində o qadın peyda olmuşdu. Sonra hər gün pəncərəndən o qadını gözləyirdin, o qadınını güdürdün. Sonra o qadına aşıq olmuşdun. Əl-ələ tutub küçələri gəzmişdiniz, gizlin-aşkar. Göllərin sahilində görüşmüşdünüz, sən sevdiyin qadına mahnılar oxumuşdun, qadınsa xoşbəxt görünürdü. Sonra yadındamı nə oldu? Xatırladınmı? Qadın sənin əminə ərə getmişdi. Mən bildim onda sənə necə ağır olduğunu. Nə olsun ki, oxşar hadisə gəlmədi başıma? Amma daha betərləri olur həyatda. Sən əminlə sevgilinin toyunda olmuşdun. Həmin gecə hər gün dayanıb sevgilini gözlədiyin pəncərənin altında dayanmışdın – amma pəncərənin işığı yanmırdı, işıq ucu görünmürdü. Mahnı oxuyurdun, o gecə, əmin ilə sevgilinin toyu olan gecə, əmin ilə sevgilinin qol qaldırıb rəqs elədiyi gecə… Sən mahnı oxuyurdun, “Axı kimə lazımdır bu?”, – demədən. Bir gün meyxanada o qadın haqqında yaxşı olmayan sözlər eşitməyə başladın. Deyirdilər ki, əminin evləndiyi o gözəl qadın yaxşı qız deyilmiş, necə deyim, belə, pis qız imiş. Sonra səhər yenə eşitmişdin bu sözləri, o biri gün bir də. Bir bıçaq götürüb qarnını parçalamışdın sevdiyin qadına – əminin arvadına “pis qız” deyən adamın…
Mən bildim 12 il sənə çətin oldu soyuq, rütubətli dustaqxanada. Bilirəm qarındolusu yemədin, yatağın istisində yatmadın. Günəş də görmədin doyunca, heç nəyin olmadı istədiyin kimi, hər şeydən yarımçıq qaldın, hər şeydə gözün qaldı. Mən zindanlar görmədim, amma günəşin altında işıqsız yaşayanlar gördüm. Mən bilirəm, gecəni səhərə qədər başını sınmış ayaq kimi, yastığını çəlik kimi yatağının dörd küncünə sürümək nə deməkdi. Sənə nağıllarda danışdılarmı, səhərə qədər kömür qarası gözlərinin suyunu axıdan şahzadələr tikdi döşəkağlarını, yastıq üzlərini? Səhərlər… Sənə baş çəkmək üçün, günəşin, səmanın altından gələnlər danışdılarmı yaşadığın şəhərdə hər səhər zivədən qırıq xətlər çəkilmiş yataq dəsti yuyub asan adam yaşayır? Dedilərmi, o adam tək yaşayır, amma daş karxanasında daş atmır, qum daşımır, heç vaxt yanından keçəndə tər iyi itələmədi insanları, amma döşək ağları, balış üzləri hər gecə çirklənir, qaralır, yazılır? Və deyirlər, hər səhər günəş qurudana qədər üstündə çoxlu qırıq xətlər olan döşək ağları, yastıq üzləri asan adamlar çoxalır və deyirlər, o xətlər sürmə izinə oxşayır…
On iki il sonra əlində çamadan sərsəri kimi dolaşdın küçələri. Üz tutacaq yolun, döyəcək qapın, sığınacaq bir küncün olmadı. Evsizlərlə gecələdin, bir qarın çörəyin oğrusu oldun, qovuldun, itələndin. Qaçdın, qaçdın, qaçdın. Heç kim bilməz, insanlar qorxudan qaçar uzaqlara, yəni uzaq qaçar qorxulardan. Bəs sən evin ola-ola küçələrdə sərgərdan olsaydın, yeməyin ola-ola boğazından bir tikə keçirə bilməsəydin, dostların ola-ola hamıdan qaçsaydın, dostların ola-ola hamı səndən qaçsaydı, necə olardın onda? Qaçardın, qaçardın… Və mütləq biri qarşına çıxıb, qəfil bütün cinayətlərdə səni suçlasa, bütün əxlaqsızları sənə bənzətsə, bütün yalançılar, riyakarlar səni xatırlatsaydı ona, onda necə? Susanda haqlı olduqlarını düşünəsəydilər, susanda dəli olduqlarına inandırsaydılar özləri-özlərini, səni, hər kəsi əmin etmək üçün əllərində bir parça kağız da tapıb gətirsəydilər, sənədli-sübutlu əxlaqsız, möhürlü cinayətkar, ştamplı riyakar, imzalı dəli elan etsəydilər səni, onda neynəyərdin? Alışmaqdan qorxmazdınmı – yer üzündəki bütün körpələrin qətlində, bir dişlək qənd, bir parça çörək oğurluğunda günahlandırılmağa? Qorxmazdınmı etmədiyin bütün yanlışlıqlara, bütün cinayətlərə sahib durmağa, qucaq açmağa, bağrına basmağa?..
Və sən bir gün danışmaq, anlatmaq, bağırmaq istəsəydin və bunu səndən başqa heç kim istəməsəydi, onda necə? İzahsız, səbəbsiz, sadəcə, istəməsəydilər, nədənsə qorxsaydılar, nədənsə… Ovuclarının içi ilə bərk-bərk dodaqlarını dişlərinə sıxsaydılar. Sən danışmaq istədiklərin qədər gözlərin böyüsəydi, böyüsəydi, böyüsəydi…
Qaçmışdın, qaçmışdın… Sonra yadına düşürmü nə oldu? Birinin əlindən simit qapıb qaçaraq, bir küçənin tinində daldalandığın gecə taksidən düşən gözəl bir qadın görmüşdün, yadındadırmı? Bu o idi, on iki il keçmişdi, dəyişməmişdi. O sənin sevgilin idi. Sən onu sevirdin.
O qadın binanın sən boylandığın tininə ən yaxın qapıdan içəri girmişdı o gecə. Orada çoxlu qadınlar vardı, dodaqları boyalı, ağızları saqqızlı, yarıçılpaq qadınlar. Onlar hamısı “pis qızlar” idi, o ev “pis qızların” yığışdığı ev idi. Otağının işıq düşməyən yerindən, qaranlığından qəfil çıxıb, ona tərəf gələr-gəlməz, “indi də məni öldürməyəmi gəldin?”, – deyib qorxan kimi olmuşdu o. “Qəlbimdən çıxarda bilməyəndən sonra səni öldürmək nəyə yarar?”, – deyib, otaqdan çıxmışdın. Dəhlizdə yanından keçən bir kişinin sən çıxan qapıdan içəri keçdiyini görüb divara söykənmişdin. Elə bilmişdin, indicə kimsə beyninin içinə qışqıracaq: “demək ki, gözləyəcək, axtaracaq, soraqlayacaq kimsə yoxdu, demək ki, insanlar hamısı eyni bir narın yerdən yığılmış dənələridir – hamısı qumlu, hamısı çirkli…Yadındadır, sənə yanlış yolda olduğunu demişdilər? Yadındadırmı, qadınlı-kişili dostlarının hamısı ””heç kim həyat yoldaşına “həyatım” demir” şüarı ilə yaşayırlar, həm də xoşbəxtdilər, ən azından, səndən daha xoşbəxt” – tənbehi? Elə isə içində olan bütün sevgilərini pişik kimi qucağına alıb bir meşənin qaranlığında azdır, bir pivə qabı kimi əzib hava limanlarının zibil qutularına tulla, pencəyini çıxarıb, üstünə bulaşmış toz-torpaq kimi küçələrin birində çırpıb çiyninə sal, sonra elə həmin küçənin qaranlıq tinlərinin birinə üzünü çevirib ürəyini vuran oğurluq simit kimi qaytar qaytara bildikcə, evinə get, evinə… Çəkmələrinin altınına ilişib qalmasın, evinə girməsin, soxulmasın sevgilərin, qapının kandarına sürtələ ayaqlarını, dişlərinin dibində qalan son iylənmiş yemək qalıqları kimi saqqızına yapışdırıb pəncərəndən tüpür, üzü meşəyə, üzü ağaclara, üzü həyətə, üzü həyata sarı. Ciblərinin küncündə bir saç ilişib qalıbsa, hara tullasan da, hansı şəhərin küləkləri ilə uzaqlara yollasan da, yenə bir gün qarşına çıxırsa… Çıxırsa yatağından, boynundan, süfrəndən, qadınlarının çiynindən, onu da… Nə bilim, onda bir vəhşi göyərçinin ayağına bağla, bəlkə, o da yıxılmasın deyə bir balasını yuvasına bağlaya…
Sən hələ də qapıya söykənmişdin…
İçəridən isə səslər gəlirdi – sillə səsləri, qadın qışqırtısı, kişi bağırtısı. O qadın sənin sevgilin idi. Sən o qadını sevirdin. Bütün olanlara rəğmən yenə…
Ona görə də belə də etməliydin, bu cür də davranmalıydın. “Bu qadına bir daha əl qaldırmayacaqsan, eşitdinmi, əl qaldırmayacaqsan!”, – deyib, o kişini döyə-döyə pilləkənlərdən aşağı atmalıydın, yerlə sürüməliydin, divarlara çırpmalıydın, bax elə bu cür. Sonra elə bu cür də onu “pis qızların” yığışdığı mənzilin qapısından zibil kisəsi kimi küçəyə tullamalıydın.
Yorğundun, üzgündün, həm də məmnun idin. Çünki bilirdin, yer üzündə, doğma bildiklərinə nigaran olduğunu yazıb, mesaj göndərməyə qorxan nə qədər adam var, hələ onlar özləri də yazmaq, “necəsən?” soruşmaq istəmirlərsə, niyə mutlu olmayasan ki? Onlardan birinin yerinə olsaydın, qüruruna sığışdırıb, sən də daha heç vaxt yazmayacağına qərar verəcəkdin, amma axşamlar evinə döndüyün avtobusda özünü güclə içəri salan sərxoşları görmək istəməyəcəkdin, amma görəcəkdin. “Noldu, niyə bu qədər içdin?”, – demək, qolundan yapışıb, boş yerlərdən birində oturmasına kömək etmək, “axı sən söz vermişdin”, – deyib məzəmmət etmək istəyəcəkdin. Və birdən narahat olacaqdın onlardan, doğma bildiyin adamlardan – axı sən onları çox sevirsən, nə olur-olsun qorxursan, başlarına bir iş gəlsə, sən bunu yaşaya bilməzsən, sən bunu da dartıb, sürüyə bilməzdin ömrünün bu başından o biri başına. Gözünün qabağında kimsəsiz kafelərin küncündə içki şüşəsinə sarılıb başını ona söykəyən, pivə bardağı masaya döyəcləyən insanlar canlanacaqdı gözünün önündə. Narahatlıq, nigaranlıq zəhər kimi əvvəl qarnını, sonra hər yerini sancıdan doğrayacaqdı. Sən “xəstələnməmisən ki?” yaza bilməyəcəkdinsə, sənə cavab gəlməyəcəkdisə göndərmədiyin mesajından, sən də gülümsəyərək, “dur evinə get” cavabını yazmayacaqdınsa, hər səhər demək istədiklərini doğranmış kağız parçalarına yazıb, hər gün işə getdiyin yolun üstündəki küçələrə səpələmək keçəcəkdi ürəyindən. Bilirsən ki, bir gün mütləq bir nəfər oturacaq səkinin qırağında – heç kim bilməyəcək qalxa bilmədiyini, yeriyə bilmədiyini, telefonuna mesaj gəlməyəcək, amma bir gün bir kağız parçasını ayaqları altına üfürəcək külək. O da başını dizlərinin üstündən güclə qaldırıb kağız parçasına toxunacaq, oxuyacaq və başını yellədib pıçıldayacaq – “xəstələnməmişəm, xəstələnməmişəm”…
Və birdən… Birdən o adam çıxmışdı simit alıb qaçarkən gizləndiyin qaranlıq tinlərin birindən. O adam arxadan, kürəyindən… Elə güvəndiyin sevgilinin tənələri, ittihamları kimi dəlik-dəlik, tikə-tikə eləmişdi, qanına boyamışdı səni, elə bilmişdin güvəndiyin dostların səni bir tanımadığın yarıqaranlıq yeraltı keçiddə qəfil atıb gedib – çaşbaş qalmışdın, səni hara apardığını bilmədiyin, tanımadığın çıxışlar başına fırlanmışdı… Və sən vurulduğun tərəfə dönüb ona baxmışdın, dinməmişdin, danışmağa qorxmuşdun. Qorxmuşdun ki, dediklərindən əlləri əsə, gözləri qarala, müvazinətini itirə, sərxoş ola. “Axı ona sərxoş olmaq olmaz”, – fikirləşmişdin… Birdən xəstələnsə? Birdən lap bərk xəstələnsə? Birdən?..
Gücün yalnız gülümsəməyə çatmışdı, bircə gülümsəməyə iqtidarın yetmişdi, çarən qalmışdı… Üzündə çarəsiz bir təbəssüm donub qalmışdı…
O qadınsa… Sevdiyin “o pis qızsa”, ağzındakı saqqızı harasa tüpürmək üçün “evinə” keçmişdi. Getmişdi, qaçmışdı, uzaqlaşmışdı… Sənsə onu seçəcəkdin, onunla yastığını paylaşacaqdın, canını etibar edəcəkdin, canını… Və sən nələrisə danışmaq istəsən belə, bircə bunu demək istəyəcəkdin, amma onda da gec olacaqdı. Deyəcəkdin ki, bütün gedişlərin səbəbi qorxudur. Arxana baxmadan, yüyürərək, ağlayaraq getmək, uzaqlaşmaq, uzaq durmaq. Bir bağırtı səsindən körpənin ağlamasına dözə bilməmək, getməkdən başqa çarə qalmazsa, yolların bir körpənin bələyinə sarılmasından qorxmaq, bütün çıxış qapılarının beşik kimi yelləndiyini görmək, bütün çamadanların içindən süd qoxusu gələ bilməsindən qorxmaq… Və getməkdən başqa çarə olmazsa, sadəcə, gedə bilməmək, ömrü boyu dinlənməyə bilməmək və cəhənnəm kimi yandıran günəşiylə səhralıqda oturub, az qala, beyninin içinə girəcək, az qala, sifətinin dərisini aparacaq, daş parçası kimi, dolu kimi yağacaq ittihamlara, tənələrə, qınaqlara dözə bilməkdən qorxmaq və sadəcə, bunlar yox… Və sadəcə bir ömür yox…
Bu ömür sənə dərs olacaq, bu bir məşq olacaq. Daha sənə yaşamaq asan gələcək bir də doğulduğunda. Qardaş bilib, dost bilib, sıxmağa əl, “sevgilim” deyib başını söykəməyə çiyin yoxdusa, axtaracaq, seçəcək, gözləyəcək bir kimsə qalmadısa və sən bunlarsız da yaşa bilirsənsə, bunlarsız da xoşbəxtsənsə, deməli, xoşbəxtlik bu qədər bəsitmiş, xoşbəxtlik gülər üz demək
deyilmiş, amma gülməliymiş, gülünc imiş. Demək ki, insanlar hamısı eyni bir narin yerdən yığılmış dənələridir – hamısı qumlu, hamısı çirkli…
Şaxtalı, çovğunlu bir dekabr günündə dənizin sahilində dalğaların özünü qaldırıb qayalıqlara çırpınca, onların qanamadıqlarına, ağrımadıqlarına, ölmədiklərinə baxdığın yerdə bir musiqi sədası əl kimi uzanıb, çiyninə toxunaraq boynunu döndərib, gəldiyi tərəfə baxmağını istəyəcək və sən qara “Jeep” markalı maşının yanında rəqqasə paltarında yarıçılpaq qadının rəqs etdiyini görəcəksən. Bilirsənmi nə var? Bax, onda əlin yerdən-göydən üzüləcək. Bir gün bir xəstəxana yolunda köhnə, qırmızı bir maşından səslənən “Bəbəyim” şarkısı haranın ağrıdığını, haranın xəstə olduğunu tapmağa səbəb olacaq. Yadına uşaq vaxtı köhnə “Rekord” televizorunda gizlincə baxdığın bir səhnə düşəcək qəfil – o dənizin ortasında qadının rəqqasə paltarını parçalayıb, əli çatan uzaqlığa tullamışdı. Evinə gəlib adını bilmədiyin filmi axtaracaqdın intenetin axtarış proqramları ilə, bircə baş rolun ifaçısının adını yazacaqdın, filmlərə qısa, tələsik, yarı-yarımçıq göz gəzdirəcəkdin, amma o səhnəni tapa bilməyəcəkdin. Filmlərin birində ilişib qalacaqdın. Pullarını son qəpiyinə kimi sağa-sola səpən bədxərc kimi bir qadının sevgisi uğurunda ömrünü havaya sovuran adamın faciəsinə yazılmış ssenarini bütün türk filmlərinin eyni “SON”-la bitdiyini bilə-bilə izləyəcəkdin. Çəkildiyin filimlərin heç olmasa birinin sonluğunu dəyişdirmək istəyəcəkdin. İstəyəcəkdin “Diqqət! Elan!” başlığı altında belə bir yazı çap olunmuş saysız-hesabsız kağızlar səpələyəsən təyyarədən – tarlalara, sahələrə səpilən dərman kimi: “Nə qədər ki, yer üzündə, bircə nəfər də olsun, həyatını hansısa bir siyahıya “quş qoymaq üçün” yaşayan insan, bir mövsümlük doğulan, bir fəslə unudulan sevgilər, özgə dildə danışmaqdan özgələşən hisslər, əcnəbi əsərlər oxumaqdan, əcnəbi musiqilər dinləməkdən yadlaşan darıxmaqlar, eni-uzunu hesablanmış, toplanmış, çıxılmış, vurulmuş, bölünmüş dostluqlar var, nə qədər ki, insanlar hər şeyi görüntü üçün edəcəklər, içlərindəki özlərinə sahib çıxmayacaqlar, özləri olmaqdan qorxacaqlar, məsələn, bir meyxana ritminin dünyanın bütün simfonik əsərlərindən gözəl səsləndiyini deməyəcəklər – əgər içlərindən gəlirsə, bir gəraylı, bir qoşmanın bütün dünya ədəbiyyatı nümunələrinin şah əsəri olduğunu elan etməyəcəklərsə – belə düşünürlərsə, mənim kimi, bəsit bir ssenarinin baş roluna sahib çıxacaq qədər güclü, bəlkə də, gücsüz olduğunu etiraf edib, “bəli, mən bu qədər bəsit, monoton, intellektsiz, savadsız, zövqsüzəm bəlkə də, amma sizdən fərqli olaraq, bu özüməm, bu mənim içimdi,” – bağırmağa cəsarət edəcək bir kimsə yoxdusa, soyuq dekabr günlərində qara “Jeep” markalı maşınların yanında oriental rəqs edən qadınlar xilas olacaqlarını, qurtulacaqlarını, unudacaqlarını, xoşbəxt olacaqlarını gözləməsinlər, eşidirsizmi, gözləməsinlər!!!…”
Çox da ki, “qadın onun sevgilisiydi”… Çox da ki, “o, qadını sevirdi”…