Dolların dünyada hökmranlığına son qoyula bilər - TAHİR MİRKİŞİLİ YAZIR

1354
“Antidollar koalisiyası”nın sıraları genişlənir, təşəbbüsləri reallaşır, fəaliyyətləri isə ilkin uğurlu nəticələr verir
İkinci Dünya müharibəsindən sonra formalaşan yeni maliyyə sistemində ABŞ dolları getdikcə daha hökmran mövqelərə sahib olmağa başladı. SSRİ dağıldıqdan sonra öz təsirini bütün dünyaya yayan ABŞ dolları, demək olar, bütün ölkələrin iqtisadi münasibətlərində və maliyyə əməliyyatlarında xüsusi çəkiyə malikdir.
ABŞ-ın qlobal üstünlüyü təkcə hərbi gücü və müttəfiqlər sistemi sayəsində deyil, həmçinin onun qlobal maliyyə sisteminin daxili strukturuna nəzarəti və xüsusilə də dolların geniş miqyasda dünyada ehtiyat valyuta kimi qəbul edilməsi sayəsində mümkün olmuşdur. ABŞ dollarının unikal statusu İkinci Dünya müharibəsindən sonra qlobal maliyyə sisteminin əsasını təşkil edir.
Ancaq son illər ABŞ hökumətinin dolların bu hökmranlığından siyasi məqsədlər üçün istifadə etməsi bir çox ölkələri ciddi seçim qarşısında qoymuşdur. Bəzi dövlətlərin milli valyutalarının süni şəkildə devalvasiyalara məruz qalması iqtisadi amillərlə izah olunmamağa başlamışdır.
Artıq iqtisadçılar arasında belə bir fikir formalaşır ki, yaxın illərdə ABŞ dolları onun dünyadakı hökmranlığının zəiflədilməsinə yönələn hücumlarla qarşılaşacaqdır. Və bu mübarizədə əsas döyüş meydanlarından biri enerji bazarı olacaqdır. Məhz bu bazarda oyun qaydalarının dəyişməsi ABŞ-ın iqtisadi üstünlüyünün gələcək taleyini həll edəcəkdir.
Əslində, tarixən ABŞ dollarının hökmranlığı da əsasən Səudiyyə Ərəbistanının nefti məhz dollar ilə satmasından sonra başlamışdır.
Hazırda planetin hər 4-cü sakini hökumətin dolların hökmranlığına son qoymağa çalışan ölkələrdə yaşayır. Təhlillər göstərir ki, dollara qarşı qiyam daha sərt ola bilər və əksər iqtisadçıların proqnozlarından fərqli olaraq daha tez başlaya bilər
Hazırda ABŞ 2 milyarda yaxın əhalisi və 15 trilyon dollara yaxın ÜDM-i olan dünyanın ondabirinə qarşı iqtisadi müharibə aparır. Yəni, ABŞ Rusiya, İran, Venesuela, Kuba, Sudan, Zimbabve, Myanma, Konqo Demokratik Respublikası, Şimali Koreya və digər ölkələrə müxtəlif formalarda sanksiyalar tətbiq etməkdədir. Bu dövlətlərlə yanaşı, tam formada sanksiyalara məruz qalmayan, amma ABŞ tərəfindən müxtəlif iqtisadi təzyiqlərlə üzləşən Çin, Pakistan və Türkiyə kimi ölkələrin də siyahısı genişlənməkdədir. Əlavə olaraq, xeyli sayda ölkədən minlərlə fiziki şəxs ABŞ maliyyə nazirliyi tərəfindən hazırlanmış xüsusi siyahıya daxil edilərək, qlobal maliyyə sistemindən istifadə etmək hüququndan məhrum olunublar.
ABŞ-ın nöqteyi-nəzərinə görə, hər bir iqtisadi subyekt əsaslandırılmış şəkildə – ya insan hüquqlarının pozulmasına, ya terrorizmə, cinayətkarlığa, nüvə silahı ilə ticarətə, korrupsiyaya, ya da Çinlə bağlı hadisədə olduğu kimi, haqsız ticarət siyasəti və intellektual mülkiyyətin oğurlanmasına görə sanksiyalara məruz qalıblar.
Lakin son bir neçə ayda baş verənlər belə bir təəssürat yaradır ki, ABŞ sanksiyalardan daha çox öz siyasi və iqtisadi maraqlarını təmin etmək üçün istifadə edir. ABŞ-ın bütün dünya ilə mübarizə aparmaq cəhdləri ona müqavimət göstərən ölkələrdəki hökumətlər və onları dəstəkləyən çoxsaylı vətəndaşlardan ibarət kritik bir kütlə yaratmaqdadır. ABŞ-ın “uzun əlləri”nin çata bilmədiyi paralel maliyyə sistemi yaratmaq üçün bütün imkanlarını səfərbər edən bu təbəqənin fəaliyyəti uğurlu olsa, bu, ABŞ-ın dünyada mövqeyini kardinal şəkildə dəyişəcək.
Amerika dollarında və ya Amerika bankı vasitəsilə həyata keçirilən istənilən əməliyyat avtomatik olaraq tərəfləri ABŞ qanunverici sisteminin təsirində olan ticarət münasibətlərinə cəlb edir. ABŞ İrana qarşı olduğu kimi, birtərəfli qaydada sanksiyaların tətbiq olunmasına qərar verəndə, onlar mahiyyət etibarilə dünyadakı hökumətlərə, korporasiyalara və fiziki şəxslərə sanksiyaya məruz qalmış ölkələrlə biznesi kəsmək və ya dünyanın əsas iqtisadiyyatından xaric olmaq arasında seçim etməli olduqlarını təklif edirlər. Bu, çox güclü təsir alətidir.
Az sayda şirkətlər və banklar Amerika bazarından imtina etməyi və ya Amerika maliyyə institutlarına çıxışdan məhrum olmağı özlərinə rəva görə bilirlər. ABŞ-ın hökmranlıq etdiyi bu sistemi dəyişməyi arzulayan bir çox ölkələr haqlı olaraq bu vəziyyəti öz iqtisadi suverenlikləri üçün təhlükə sayırlar.
Buna görə də Rusiya və Çin minlərlə bank arasında beynəlxalq maliyyə əməliyyatlarını həyata keçirən ümumdünya şəbəkəsinin – Beynəlxalq banklararası maliyyə vəsaitlərinin elektron köçürülməsi cəmiyyətinin (SWIFT) öz versiyalarını işləyib hazırlayıblar. Hər iki ölkə öz ticarət tərəfdaşlarını ikitərəfli ticarətdə yerli valyutaların xeyrinə dollardan imtina etməyə çağırırlar.
Artıq Rusiyanın bu çağırışına ABŞ-la münasibətləri kəskinləşən Türkiyə də qoşulmağa qərar verərək, Rusiya ilə dollarsız ticarət aparacağını bəyan edib. Digər tərəfdən, Çin hökuməti ona trilyon dollara başa gələn “Bir qurşaq – bir yol” təşəbbüsündən alət kimi istifadə edərək, bu təşəbbüsə qoşulan digər ölkələri ticarət əməliyyatlarını dollarla deyil, yuan ilə aparmağı təşviq edir. Bu təşəbbüs çərçivəsində pul alan Pakistan və İran Çinin bu təklifinə razılıqlarını artıq veriblər. Bu ilin iyul ayında Yohannesburqda keçirilən BRİKS ölkələrinin (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) sammitində üzv ölkələr tərəfindən dolların hökmranlığına qarşı aktiv mübarizə aparmağa çağırış edildi. Əlavə olaraq, Türkiyə, Yamayka, İndoneziya, Argentina və Misir kimi ölkələr “dollardan təmizlənmiş” iqtisadiyyat qurmaq üçün “BRİKS Plus”a daxil olmağa dəvət edildilər.
Dolların gələcək taleyinin həll olunacağı əsas amil qlobal xammal bazarı, xüsusən də dəyəri 1,7 trln dollar olan neft bazarıdır. 1973-cü ildən başlayaraq ABŞ Prezidenti Riçard Nikson birtərəfli qaydada Amerika dollarını qızıl standartından ayırdı və Səudiyyə Ərəbistanı və OPEK-ə üzv digər ölkələri nefti yalnız dollar ilə satmağa inandıra bildi. Beləliklə də qlobal neft ticarəti Amerika dollarına bağlandı. Bu isə digər xammalların da dollar ilə ticarətinə gətirib çıxardı. Bu müqavilələr ABŞ üçün həddindən artıq faydalı idi. Belə ki, dollar üçün daim yüksələn tələb Amerika hökumətinə artan defisiti sərbəst idarə etməyə imkan yaradırdı.
Artıq situasiya dəyişmək üzrədir. Antidollar koalisiyasının üzvlərinin əksəriyyəti xammal ixracatçısıdırlar. Bu ölkələr hesab edirlər ki, onların məhsulları BTO, yaxud Brent kimi dollara bağlı olan kriteriyalar ilə qiymətləndirilməməlidirlər və ya onlar bu məhsulları özlərinin tələbatında olmayan valyutalara satmamalıdırlar.
Məsələn, Çin nefti Anqoladan, qazı Rusiyadan, kömürü Monqolustandan, soyanı Braziliyadan alan zaman əməliyyatları öz valyutasında aparır və bu formada hər iki tərəf üçün arzu olunmayan “bazar stavkaları” sövdələşmələrindən qaçır. Bu, artıq reallığa çevrilməkdədir.
Rusiya və Çin enerji resurslarının bir hissəsinin yuanla satılmasına razılaşıblar. Çin özünün əsas neft tədarükçülərinə – Səudiyyə Ərəbistanı, Anqola və İrana təsir etməyə başlayıb ki, onlar satılmış neftə görə yuan qəbul etsinlər. Keçən il Şanxay beynəlxalq enerji birjasında “petroyuan” adlanan və qızıl ilə təmin olunmuş fyuçers müqavilələri tətbiq edilməyə başlandı. Bu, Asiyada xammalın ilk qeyri-neft kriteriyası oldu.
Blokçeyn texnologiyaları əsasında yaradılan rəqəmsal valyutaların getdikcə qəbul olunması müqavimət göstərən ölkələrə ticarətdə dollardan imtinanın daha bir üsulunu təqdim edir. Rusiya mərkəzi bankı “kripto rubl” adına kripto valyutanın dövriyyəyə buraxılmasını elan etdi. Rusiya həmçinin, nəhəng neft yataqları olan Venesuelaya özünün “petro” adlı kripto valyutasını buraxmağa yardım edib.
Bu və ya digər baş verənlər bir istiqaməti göstərir: yaxın illərdə ABŞ dolları onun hökmranlığını zəiflədən çoxsaylı hücumlarla üzləşəcək və enerji bazarı Amerikanın iqtisadi üstünlüyünün taleyinin həll olunacağı əsas mübarizə sahəsinə çevriləcəkdir. Xammal ticarətinin dollardan imtinasına səbəb ola biləcək istənilən uğurlu cəhdlər domino effekti ilə təkcə iqtisadi sistemin bu formasına deyil, bütövlükdə ABŞ-ın xarici strategiyasına da təsir edəcəkdir.
ABŞ iqtisadiyyatının hazırkı vəziyyəti və rubl, yuan, lirə, rial ilə müqayisədə dolların unikal gücü hələlik müqavimət göstərən ölkələrin uğur qazanma ehtimalını azaldır. Ancaq nəzərə alsaq ki, ABŞ-ın xarici borcu artıq 21 trln dolları keçib və bu rəqəm hər il 1 trln dollar artır, onda demək olar ki, ABŞ bu əks-təsiri daha sərt və əksər iqtisadçıların proqnozlaşdırdıqlarından daha erkən hiss edəcəkdir.
ABŞ dollarının dünyada hökmranlığına son qoymaq məqsədlərini elan etmiş ölkələr ilə Azərbaycan eyni regionda yerləşir. Rusiya, Türkiyə, İran, Çin kimi ölkələrlə ticarət əməkdaşlığını inkişaf etdirən Azərbaycan iqtisadiyyatı üçün dayanıqlı maliyyə sisteminə malik olmaq xeyli əhəmiyyətlidir. Məhz yuxarıdakı siyasi səbəblərdən 2015-ci ildə dünya enerji bazarında neftin qiymətinin sərt düşməsi Azərbaycan iqtisadiyyatına da təsir etdi.
Qlobal maliyyə sistemində sürətli dəyişikliklərin baş verdiyi bir şəraitdə dərin və hərtərəfli islahatlar aparan Azərbaycan həm də ikitərəfli iqtisadi münasibətlərdə yeni paradiqmalar ilə üzləşməkdədir. Güclü iqtisadiyyatın qurulması isə belə münasibətlərdə uduş əldə etməyin ən doğru yoludur ki, bu da dövlət başçısı cənab İlham Əliyevin apardığı iqtisadi siyasətin əsas hədəfidir. Ölkədə iqtisadi artımın sürətlənməsi bu hədəflərə çatmağın bariz nümunəsidir.
Tahir MİRKİŞİLİ,
Milli Məclisin deputatı, iqtisad elmləri üzrə fəlsəfə doktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər