“Dörd yaşlı bacım anamın meyitinin üstünü örtürdü ki, üşüməsin” – Xocalıda hər iki valideyinini itirmiş “25-lər”dən biri – MÜSAHİBƏ

843

Modern.az Xocalı faciəsində hər iki valideynini itirmiş “25-lər”lə müsahibələr silsiləsini davam etdirir. Budəfəki müsahibimiz o gecədən ancaq 23 günlük bacısı ilə sağ çıxmağı bacaran Həmail Xəlilovadır. Soyqırımı baş verəndə 6 yaşı olan Həmail o dəhşətli günləri belə xatırlayır.

– Fevralın 25-dən 26-a keçən gecə… O zaman 6 yaşında idin. Yaddaşında nələr qalıb?

– Biz üç bacı idik. Onlardan biri Xocalıda şəhid oldu, Çingiz Mustafayevin çəkdiyi kadrlarda görmüsünüz, göy gödəkcəli, qırmızı şalvarlı qız. Ölərkən 4 yaşı vardı. Xocalıdan çıxarkən, nənəm, babam, bibimin əri, dayılarım, dayılarımın arvadları, atam, anam, iki bacım və mən birgə idik. Hamımız bir tərəfdən çıxdıq. Vallah gəldiyimiz-keçdiyimiz yerlərin adını dəqiq bilmirəm. Bura gələndən sonra adamlar həmin yerlərin adını deyirlər, mən də xatırlayıram. Əvvəlcə Qarqar çayını keçdik, ayaqyalın idik. Meşəyə qalxandan sonra qaranlıq olduğundan hamı pərən-pərən düşdü. Hava işıqlaşandan sonra bir-birimizi tapırdıq. Ölən bacım anamla idi, mən atamla. 23 günlük olan kiçik bacım isə nənəmlə. Tez-tez ağlayırdı, ana südü istəyirdi. Biz qaranlıqda anamı itirdik, sonra yenə tapdıq. O, bacıma süd verdi… Sonradan yenə biz bir-birimizdən ayrı düşdük. Lap sonda isə 23 günlük bacım nənəmin belində, mən atamla, ölən bacım isə anamın yanında bir-birimizi itirdik. Hamımız ayrı düşəndən sonra atamla mən Ağdama tərəf gəlirdik. Ora çatmağa az qalmış, atama qarın boşluğundan dörd güllə dəydi. O, yerə yıxıldı, mən də yanında idim. Altı yaşında uşaq nə qanırdı ki, ölüm nədir. Onda gördüm ki, bibimin qaynı gəldi və atamı qaldırmaq istədi. Atam dedi ki, o, gedə bilmir. O məni Ramilə bibimin (bibi deyərkən, əmisinin yoldaşı nəzərdə tutulur – red.) qardaşı Raqif dayıya verdi. Atam dedi ki, “bunu apar, anasına sağ-salamat çatdır, mən gələ bilmirəm”. Nə qədər eləsələr də, atam qalxmadı yerindən. Bir az atamdan aralanmışdıq ki, məni arxadan çağırdı (ağlayır). Arxaya baxdım və onun yaxınına gəldim. Dedi ki, “qızım, burada məni tək qoyub gedirsən?”. Onu möhkəm qucaqladım, əllərindən, üzündən çoxlu-çoxlu öpdüm. Bizi heç kim ayıra bilmirdi. Qorxurdum… Həm də bilmirdim ki, bu mənim atamla son görüşüm olacaq.

– Atanı yaralı qoyub gəldiniz?

– Biz gedəndə atam hələ ölməmişdi. Amma məni elə öpürdü. Məni yenidən bibimin qardaşına verdi. Atam öləndə 27, anam isə 25-26 yaşında idi. Atam başını yerə qoydu. Üzü aşağı uzanmış kimi. Başını yerə qoyub ağlayırdı. Bir az aralanmışdıq, amma gözlərim arxada qalmışdı. Yenidən atamın yanına qaçdım. Gördüm ki, papağı başından sürüşüb düşüb. Yanına gələndə bir daha məni qucaqladı. Papağını ona verib dedim ki, başına qoy, birdən soyuq olar sənə, bir az gözlə indi gəlib səni aparacaqlar. Mən hələ o vaxtacan atama nə olduğunu başa düşmürdüm. Atamdan uzaqlaşmışdım. Hamının arxasınca gedirdim. Yanımda bibimin qohumları idi. Amma bilmirdim ki, anam da o biri tərəfdə ölüb. Anama da güllə dəymişdi. Onun yanında isə 4 yaşında olan bacım vardı. Anamın sinəsini BTR-in (zirehli döyüş maşını – red.) qəlpəsi siyirib aparmışdı. Anam elə həmin an canını tapşırmışdı. Bacım isə elə bilib ki, anam yatıb. Orada yaralanan insanlar var idi ki, bacımı yanlarına çağırsalar da, o getməmişdi. Başqalarının büründüyü adyalı gətirib anamın üstünə örtmüşdü ki, qoy yatsın. Bir yerdə sakit dayanmadığına görə, sonradan bacıma da qarnından və dizindən iki güllə dəymişdi və orada ölmüşdü.
Biz səngərə gəlib çatdıq. Mən hamının arxasınca düşüb gəlirdim. Bibimin qohumları məni qoruya-qoruya gətirirdilər. Onlar deyirdilər ki, bu uşaq bizə əmanətdir. Bizi ordu paltarında olan oğlanlar qucaqlarına alıb maşına mindirdilər və Ağdamın xəstəxanasına gətirdirlər.

– Ağdama gəldikdən sonra nələr oldu?

– Ağdama çatanda ayaqlarım soyuqdan demək olar ki, donmuşdu. Sonra ayağımın dərisini soydular, təmizlədilər. Ayağım bir neçə gün sarğıda qaldı. Mənimlə bərabər xəstəxanada dayılarımın arvadları da vardı. İki dayım var idi, onlar da bu hadisədə öldülər, onların iki övladı da öldü. Bibilərimin ikisi də yaralandı. O biri dayımın qızının da güllə budundan dəymişdi və qarın boşluğunu dəlib keçmişdi. O da elə həmin dəqiqə orda rəhmətə getdi. Bir gün xəstəxanada qaldıq. Öz yaxınlarını axtaranlar xəstəxanaya gəlirdi ki, görək kim sağdır? Əmim məni və nənəmgili xəstəxanada tapdı. Həmin o 23 günlük bacım da nənəmin yanında idi.

– Xəstəxanadan çıxdıqdan sonra nə etdiniz?

– Bu hadisədən sonra nənəm havalanmışdı. Ağdamın sakinləri bizi saxlamaq istədi. Nənəmə dedilər ki, uşaqları bizə verin, biz saxlayaq. Başılovlu nənəm də bizi ağdamlı olan bir ailəyə verdi.

– Bu ailədə nə qədər qaldınız?

– Biz o evdə demək olar ki, iki gün də qalmadıq. Dura bilmirdim, anamı istəyirdim. Bacıma heç kim əl vura bilmirdi, qucağımdan yerə qoymurdum. Kimsə yemək yedizdirəndə də qucağımda yedirdirdi.

– Ananın ölüm xəbərini necə bildin?

– Fevralın 27-si bacımın, atamın və anamın meyitini Ağdamın məscidinə gətirdilər. Camaatın evindən bir ölü çıxarkən, bizdən beşi çıxdı – babam, atam, anam, bacım, bibimin əri.

– Onlar Ağdamda dəfn olundu?
– Hamısının qəbri Ağdamda qalıb. Bibimin ərinin məzarı isə Bərdədir. Bizim heç ziyarət edəcəyimiz yer də yoxdur. Çünki qəbiristanlıq da ermənilərin işğalı altındadır.

– Həmin ailədə qalmadığını dedin. Bəs kiminlə yaşadınız?

– O, ailə bizi yenidən nənəmə qaytardı. Dedilər ki, uşaqlar bizdə dayanmırlar, ürəyimiz onların bu fəryadına tab gətirmir. Nənəm bizi saxladı, amma demək olar ki, havalanmışdı. Ağdamda hamı deyir ki, bu məsciddə götürülən ilk meyit atamın meyiti olub. Ağdam qəbiristanlığına da ilk olaraq atamın tabutu gedib. Bu, Çingiz Mustafayevin çəkdiyi kadrlarda da var.

Sonralar Bakıya gəldik. Nənəmin qardaşının evində onların yas mərasimini verdik. Mən onların kim olduğunu bilmirdim, nə vaxt atamı, anamı istəsəm, deyirdilər ki, gələcəklər. İli verəndən sonra məni əmimgil saxladı. Bacımı isə yaxın qohumlardan biri övladlığa götürdü.

Əmimin evində 10 il yaşadım. Ondan sonra Pedaqoji Kollecə daxil oldum, daha sonra bibimlə yaşadım. 4 il kollecdə oxuyandan sonra ailə həyatı qurdum. Xalam oğlu ilə evləndim. O da elə həmin faciədən sağ qalanlardan biridir. Bacım da ailəlidir. Təzə ailə qurub, evdardır, mənim kimi Pedaqoji Kolleci bitirib.

– Hər il fevral ayında anım günlərində Xocalı faciəsi ilə bağlı həmin hadisəni əks etdirən müxtəlif video-çarxlar göstərilir. Bu sizə necə təsir edir?

– Qoy göstərsinlər. Bütün dünya bu kadrları görsün, hər kəs bu faciədən xəbərdar olsun.

– Valideynlərini itirmiş digər 25 uşaqdan kimlərlə əlaqən var?

– Onlardan ancaq Xəzangüllə tanış idim. O da vaxtilə “Qızılqum”da qalırdı. Ora bibimgilə gedib-gəlirdim. Bir də Mehdini tanıyıram. O da Goranboyun Ağcakənd kəndində məskunlaşıb. Başqa heç kimlə əlaqəm yoxdur.

Pərvin Arzuqızı
Sevinc İltifatqızı

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər