Dostluq və xeyirxahlıq nümunəsi

1055

b_20100116220205sabir-icDünyanın ağla gələn bütün təzadları insanın içindədir: Yaxşılıq – pislik, xeyir – şər, şeytan – mələk, haqq – nahaq hamısı bizdən başlanır.
Allah birini yıxmağa – başqasını qurmağa, birini sökməyə – başqasını tikməyə, birini can almağa – başqasını can verməyə yaradıb.
Bir mühitdə yaşayan insanların birinin boyuna qəddarlıq, birinin boyuna mərhəmət yazılıb.
Təəssüf ki, qəddar qəddarlığından, yaxşı ki, xeyirxah xeyirxahlığından əl çəkmir.
Bu gün təkcə Sumqayıtın deyil, bütün Azərbaycanın tibb aləminin ağsaqqallarından sayılan Cəfər həkim də – ürəyi sevgi, mərhəmət, yaxşılıq, əl tutmaq, yardım etmək, dərd ovutdurmaq hissiylə dolu, nurlu bir insan kimi yaradılıb. “Əsl insan necə olmalıdı” – düşünüləndə yada düşən ilk növbədə belə kişilər olur.
Əslində, Bakının böyründə olmasına baxmayaraq, Sumqayıt da Azərbaycanın bir başkəndidir. Ucqar bölgələrimizlə bəlkə Bakıdan da çox bağlıdır. Bakı qədər harın, kosmopolit deyil, əhalinin daha dinc, daha kasıb və əməksevər, Bakıda özünə yer tapa bilməyən kəsiminin şəhəridir. 60-dan çox yaşı olsa da gəncdir və nə qədər böyüsə də nəhəng bir köy – kənd olaraq qalır; hamı bir-birini tanıyır, adamlar bir-birilərinin gözləri qabağında yaşa dolublar, ancaq nə Sumqayıtın, nə də özlərinin gənclik havalarından qopmayıblar. Cəfər Həkim də Sumqayıtın belə “gənc” ağsaqqallarından biridir.
Bu təəssürat həm də onunla bağlıdır ki, ilk tanışlığımızdan on illər keçməsinə baxmayaraq, mən onu həmişə eyni dostluq, qardaşlıq səmimiyyətində, eyni yaradıcılıq enerjisilə dolu, dinclik bilmədən çalışan, canıyanan, özünü hər yerə çatdıran, xeyirdən-şərdən qalmayan, sözün, kitabın aşiqi kimi görmüşəm.
Sumqayıt – nəhəng bir qazandır. Azərbaycanın bütün guşələrindən gələnləri bir yerdə bişirir, qarışdırır, qohumlaşdırır, canbir-qəlbbir edir, bir orqanizmə çevirir.
Ara-sıra kadr siyasətində nisbət pozulsa da, Sumqayıtın ruhundakı – hamıya öz payını vermək ədaləti – danılmazdır.
Cəfər Həkim təkcə Sumqayıtdan və müxtəlif ünvanlardan gələn xəstələri sağaltmır, həm də şəhərin bu bütöv, gözəl, poetik mənəvi ovqatını yaradan insanlardan biridir; Adama elə gəlir ki, onun gülər üzü, şux zarafatları, dost sevgisi olmasa – Sumqayıtın işığı bu qədər gur olmazdı.
Cavanlıqdan belə öyrəşmişik: rayondan xəstəmiz gələndə Cəfər Həkimin xəstəxanasına, xaricdən qonağımız gələndə bağına üz tutardıq. Dar günümüzdə də, xoş günümüzdə də o bizim təcili yardımımız olub. Tibdə pullu xidmətə keçid; cərrahi əməliyyatların gündən-günə artan məzənnəsi… Bunlar Cəfər Həkimə aidiyyəti olmayan məsələlərdir. İmkansızları, çarəsizləri təmənnasız müalicə – onun amalıdır; bunula qürur duyur. Bu cəhətdən Cəfər Həkim və onun digər tanınmış həmkar dostları – Cəbrayıl Ənnağılı, Mayıl Tağılı həm peşəkarlıqlarına, həkim adını yüksək tutduqlarına, həm də ziyalı kimi Sumqayıt üçün gördükləri işlərə görə şəhərdə hər kəsin sevdiyi insanlardır və doğrudan da Sumqayıtın pərvanələri və xəstələrin ümid yeridirlər.
Mənə elə gəlir ki, həm gözəl mütəxəssis həkim, həm ziyalı, həm ictimai xadim kimi bu adamlar – Sumqayıtın əsl siması və xarakterini müəyyənləşdirən şəxsiyyətlərdir.
İnsan sevgisinin, xeyirxahlığının, xoşgörüşünün qədərini ölçən bir cihaz, barometr olsaydı – Cəfər Həkimin adı bu göstəricilərin yüksəkliyinə görə Ginnesin rekordlar kitabına düşərdi.
Bu baxımdan təkcə bir misal çəkmək yetərlidir: böyük şairimiz Məmməd Arazı sevən, xüsusən şöhrətlənəndən sonra onunla ünsiyyətə can atan çox idi. Ancaq Cəfər Həkim təkcə xoş günün sirdaşı deyil; uzun illər sürən xəstəlik illərində Məmmədən qopmadı, hər həftə ona baş çəkdi, təbiət qoynuna çıxardı, sıxıntıdan qoparmağa, acılarını unutdurmağa çalışdı.
İllər öncə Şahbuzun Nursu kəndində Məmməd Araz üçün ev tikintisinə hansı həvəslə girişmişdilərsə; bu gün də onun haqqında yazılan şerləri, məqalələri eyni həvəslə yığıb nəşr etdirir; mərhum dostunun xatirəsini hər an diri tutur.
Hacı Cəfər Məşədi Əsəd oğlu Quliyev 75 il öncə Ordubadın Üstüpu kəndində doğulub. Azərbaycan Tibb Universitetində oxuya-oxuya xəstəxanada cərrahiyyə şöbəsində işləməyə başlayıb. Bir neçə il Azərbaycandan Qazaxıstana gedən tələbə-inşaat dəstəsinə başçılıq edib və böyük ad-san, xalqına hörmət qazandırıb. Sonra tale onu Sumqayıta bağlayıb və ömrünün 45 ilini bu şəhərdə səhiyyə işinin inkişafına sərf edib.
Sumqayıt Təcili Tibbi Yardımı Xəstəxanasının cərrahiyyə şöbəsinin müdiridir. Təmənnasız həkim kimi böyük hörməti var; tibb sahəsinə gətirdiyi yeniliklərdən, xeyriyyə işlərindən, Sumqayıtın mədəni həyatında yaxından iştirakından çox danışmaq olar. Səhiyyə əlaçısıdır, xidmətləri dövlət tərəfindən mükafatlandırılıb. Ancaq mənim niyyətim onun tərcümeyi-hal faktlarını sadalamaq deyil.
Onun hansı səviyyəli cərrah olduğunu göstərmək baxımından ən maraqlı fakt – öz üzərində əməliyyat aparmasıdır. Əlbəttə, bu həm də başqa cərrahlara sataşmaqdır. Həkim dostlarına etibar etməyib öz üzərində cərrahiyə əməliyyatını da özü aparmışdı. Dünyada cəmi bir neçə dəfə belə hadisə olub.
Cəfər Həkim, eyni zamanda, qələm sahibidir, elmi və bədii yaradıcılıqla məşğuldur. Şair Məmməd Arazla və bir sıra söz ustalarıyla dostluğu həm də öz kitablarının yaranmasına səbəb olub. “Haqqın var yaşamağa”, “Bu da bir ömürdür” kitabları Məmməd Araza, “Ordubaddan doğan günəş” kitabı akademik Rəhim Rəhimova həsr olunub; Azərbaycan Jurnalistlər və Yazıçılar Birliyinin üzvüdür.
Cəfər Həkimin əli qızıldır! Bu, həkimlər haqqında çox işlədilən ifadədir. Ancaq bu iki kəlmə onun boyuna biçilib. Əlləri cərrah əlindən daha çox daş yonan, əkinçi, bikinçi əlinə bənzəyir. Bu, çox təbiidir; çünki əkinçi də torpağın cərrahıdır. Cəfər Həkimin əlləri insan bədənində nə qədər zərifləşirsə, torpağa toxunanda bir o qədər sərtləşir, buna görə də Abşeron torpağının balaca bir yerində bir cənnət guşəsi yarada bilib.
Bu bağ Azərbaycanın ən dəyərli yaradıcılarının, Cəfər Həkimin dostlarının, o cümlədən mənim dostlarımın və qonaqlarımın xatirələrini qoruyur.
Cəfər Həkim Azərbaycanın ağır günlərində, meydan hadisələrində də gur səslə sözünü deyən, mübarizənin ön sırasında olan əsl xalq adamıdır.
Ömrünün ən bəhərli, dolu illərini yaşayır: yenə işləməkdən yorulmur; yenə gecə yarısının sonuncu, sübhün ilk telefon zəngləri ona aiddir; öz dərdlərini üzə vurmadan hamının dərdinə şərik olmağı bacarır, səsi telefonlara, özü Sumqayıta sığmır, kövrələndə də güclüdür.
Cəfər Həkim gözəl dost, gözəl insan, gözəl ailə başçısıdır. Və bu “gözəl” sözləri də “əli qızıl” kimi onun boyuna biçilib.
Bu qədər insana şəfa vermiş əziz dostuma ağrı-acıdan uzaq, uzun ömür arzulayıram. Yaxşı ki, Sumqayıtda ömrümüzü zənginləşdirən, ruhumuzun hər titrəyişini duyan belə bir sirdaşımız var!

Sabir RÜSTƏMXANLI, “526ci qəzet”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər