Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl hadisəsi törətməkdə təqsirli bilinən Sumqayıt şəhər sakini Nizami Quliyevin cinayət işi üzrə məhkəmə başa çatıb. “Azadinform” xəbər verir ki, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Nizami Quliyev 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, bu ilin aprelin 11-də 1-ci mikrorayonda Sumqayıt şəhər sakini Solmaz Əliyevanın mənzilində, Köhnə Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş oğlu, bıçaqla qətlə yetirilmiş İlham Cabbarovun meyiti tapılıb.
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş şəhər sakini, əvvəllər məhkum olunmuş Nizami Quliyev tutulub.
İlkin araşdırmalarla müəyyən edilib ki, aprelin 10-da saat 20.00 radələrində tüfeyli həyat tərzi keçirən İlham Cabbarov yaşadığı mənzildə tanışı Nizami Quliyevlə spirtli içki qəbul etdikdən sonra aralarında mübahisə yaranıb. Mübahisə zəminində İlham Cabbarov Nazim Quliyev tərəfindən bıçaqla çoxsaylı xəsarətlər yetirilərək qəsdən öldürülüb.
Həmçinin müəyyən edilib ki, hər iki şəxs əvvəllər eyni həbsxanada cəza çəkiblər. həbsdən azad olunduqdan sonra dost olublar. Həbsdən azad olduqdan sonra iş tapa bilməyən İlham Cabbarov tüfeyli həyat tərzi keçirib.
Bu cinayət işi üzrə ifadə verən Nizami Quliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Spirtli içkinin təsirindən cinayət törətdiyini deyən təqsirləndirilən əməlindən peşman olduğunu bildirib. Natiq Bağırov/AZADİNFORM.