ABŞ Dövlət Departamenti bu ölkə vətəndaşlarına xəbərdarlıq edərək onları Ukraynaya səyahətdən çəkinməyə və Donbass münaqişəsi bölgəsindən uzaq durmağa çağırıb. Dövlət Departamenti bu xəbərdarlığı Rusiyanın Ukraynaya qarşı irimiqyaslı müharibəyə hazırlaşdığı ilə əsaslandırıb.
“ABŞ vətəndaşları Rusiyanın Ukraynaya qarşı ciddi hərbi əməliyyata hazırlaşdığı yönündəki xəbərləri bilməlidir. ABŞ vətəndaşları xüsusən Ukrayna sərhədləri boyunca, Rusiyanın işğal etdiyi Krımda və Rusiyanın nəzarətindəki şərqi Ukrayna vilayətlərində təhlükəsizlik şərtlərinin çox riskli olduğunu nəzərə almalıdır”,-xəbərdarlıqda deyilir.
Dövlət Departamenti əlavə edir ki, ABŞ vətəndaşları Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlara başlayacağı halda Birləşmiş Ştatların Kiyevdəki səfirliyinin konsulluq xidmətləri göstərmək imkanlarına ciddi şəkildə təsir edəcəyini də nəzərə almalıdır.
***
Rusiya keçmiş sovet respublikalarının ərazisində NATO-nun və alyansa üzv ölkələrin istənilən hərbi fəaliyyətinin dayandırılması, Ukraynanın bu bloka üzvlüyünün istisna edilməsi və Şərqi Avropada hücum silahlarının yerləşdirilməməsi barədə tələblərin yer aldığı təhlükəsizlik qarantiyası təklifinə ABŞ-dan “təcili cavab” gözləyir. virtualaz.org xəbər verir ki, bu haqda jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
“Mən düşünürəm ki, onlar bütün bunları ləng gedən prosesə çevirmək istəyirlər, bizə isə cavab təcili lazımdır, çünki situasiya çox ağırdır və kəskindir, daha da mürəkkəbləşməyə doğru gedir”, – yüksək vəzifəli diplomat deyib.
Onun sözlərinə görə, Rusiya tərəfi vaxt itirə bilməz və dərhal danışıqlara başlamağa hazırdır.
Xatırladaq ki, Rusiya XİN dekabrın 17-də öz rəsmi saytında ABŞ və NATO ilə Rusiya arasında təhlükəsizlik təminatı layihəsinin mətnini dərc edib.
Bu layihəyə görə NATO bütün keçmiş sovet məkanında özünün bütün hərbi fəaliyyətlərini dayandırmalıdır. NATO Ukraynada, Şərqi Avropada, Qafqazda və Mərkəzi Asiyada özünün bütün hərbi fəaliyyətlərini dayandırmalı, habelə bütün mübahisələri güc tətbiq etmədən və dinc yolla çözməyə razılaşmalıdır. Təklif olunmuş “saziş layihəsində” NATO-nun genişləndirilməsinin dayandırılması, onun Moskvanın göstərdiyi bufer zonasında” keçirdiyi hərbi təlimlərin ordu briqadası səviyyəsindən çox olmaması” nəzərdə tutulur. Moskvanın təkliflərinə görə NATO Rusiyanın ərazisini vura bilən bütün yerlərdə orta və qısamənzilli raketlərin yerləşdirilməsindən çəkinməlidir.
Ağ Evin sözçüsü Cen Psaki dekabrın 17-də deyib ki, Birləşmiş Ştatlar təkliflərlə tanış olub, lakin müttəfiqlərinin iştirak etmədiyi heç bir “Avropa təhlükəsizliyi” danışıqlarına razılıq verməyəcək. Hələ Moskvanın bu təklifləri təqdim etməsindən əvvəl NATO-nun baş katibi Yens Stoltenberq demişdi ki, Moskva ilə hər hansı dialoqda NATO-nun da Rusiyanın hərəkətlərindən narahatlığı müzakirə olunmalıdır.
Stoltenberq demişdi ki, belə danışıqlar NATO-nun Ukrayna da daxil partnyorları ilə məsləhətləşmələrdən sonra aparıla bilər. NATO-nun baş katibi bildirmişdi ki, Rusiya əvvəlcə yaratdığı gərginliyi azaltmalıdır. Son aylar ərzində Rusiya Ukrayna sərhədləri yaxınlığında çox sayda qoşun və hərbi texnika cəmləşdirib. Ukrayna və ABŞ kəşfiyyatları Rusiyanın Ukraynaya müdaxilə niyyətinin ola biləcəyi barədə xəbərdarlıq ediblər.
Rusiyalı ekspert, “Ali iqtisad məktəbi” araşdırmalar institutunun Avropa və beynəlxalq araşdırmalar Mərkəzinin direktor müavini Dmitri Suslov lenta.ru saytına müsahibəsində bildirib ki, əgər Rusiyanın bu tələbləri eşidilməsə 2008-ci ilin avqust hadisələri bu dəfə Ukraynaya münasibətdə təkrarlana bilər. Çünki 2008-ci ilin avqustu ərəfəsində də Rusiya Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyü barədə vədlər verməkdən imtina etməyə çağırmışdı. Amma bu çağırışlar eşidilmədi.
virtualaz.org