“30 il gözlədik. Nəhayət, arzumuz çin oldu. Bu günə şükür”.
Bunu “Report”a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini, zabuxlu Gündüz İsmayılov deyib.
“Doğrudur, ötən 30 il ərzində itirdiklərimiz oldu. Amma şükür ki, Laçına qayıdacaq insanlarımız kifayət qədərdir. Tezliklə Laçına, Zabuxa qayıtmağı gözləyirik. Dövlətimiz, ordumuz sağ olsun. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Biz qələbələrimizə onların, uğurlu diplomatiyamızın sayəsində sevinirik”.
G.İsmayılov həmçinin nəsillərarası təsadüfə diqqət çəkib:
“Mən Laçından – doğma kəndimdən çıxanda 10 yaşım var idi. Üzərindən 30 il keçdi. İndi mənim 40, oğlumun 10 yaşı var. Çox maraqlıdır. Oğlum 10 yaşında mənimlə birlikdə Laçına qayıdacaq. Deməli, nəsillər davam edir. Həqiqətən çox xoş, unudulmaz gündür”.
Qeyd edək ki, bu gün Prezident İlham Əliyev “Twitter” səhifəsində Azərbaycan Ordusunun Laçın şəhərində yerləşməsi ilə bağlı paylaşım edib. Ali Baş Komandan avqustun 26-da azərbaycanlıların Laçın şəhərinə qayıtdığının, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin nəzarətə götürüldüyünün müjdəsini verib. Bununla bağlı bütün laçınlıları və Azərbaycan xalqını təbrik edib.