Dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğı onların məsuliyyətini daha da artırır

723

Müasir Azərbaycan gəncliyinin düzgün yetişdirilməsi bu gün ölkə siyasətinin prioritetlərindən biridir. Hər il fevral ayının 2-si Azərbaycanda Gənclər Günü kimi qeyd edilir. Bu günün tarixi 1996-cı ilə dayanır. Həmin il məhz 2 fevral tarixində Ulu öndər Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirilib. 1997-ci ildən prezidentin sərəncamı ilə 2 fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunmağa başlanıb.

Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bunun nəticəsində Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.

Ölkə başçısının 2007-ci ili “Gənclər ili” elan etməsi və bu haqda sərəncamı da gəncliyə verilən yüksək dəyərin daha bir nümunəsi kimi tarixə düşdü. Dövlət səviyyəsində atılan addımlar, müxtəlif layihələrin həyata keçirilməsi, gənclər təşkilatlarının sayının gündən-günə artması, gəncliyin mədəniyyət, elm, siyasət kimi bütün sahələrdə fəallaşması Azərbaycanın onları sağlam ruhda tərbiyə olunmuş, əsl vətəndaş kimi yetişdirə bildiyinin göstəricisidir. Artıq Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib, öz bacarıq və qabiliyyətləri, imkanları ilə dünya ictimaiyyətinin də diqqətini özünə çəkə bilir. İdmançılarımız hər il müxtəlif idman növləri üzrə keçirilən Avropa və dünya çempionatında iştirak edərək uğurlu nəticələrə imza atırlar, üçrəngli bayrağımızı göylərə qaldırırlar.

Mədəniyyət sahəsində aktivliyi ilə seçilən gənclər dünyanın müxtəlif ölkələrində Azərbaycanı tanıdırlar. Siyasi sferaya atılanlar isə müxtəlif beynəlxalq təşkilatlarda, dünyanın öncül qurumlarında azərbaycanlı adını hər zaman yüksək tutmağa çalışırlar.

Gənclərin hərtərəfli inkişafını və cəmiyyətdə fəal iştirakını stimullaşdırmaq məqsədilə Prezident İlham Əliyev 2011-ci il dekabrın 19-da “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması haqqında” Sərəncam imzalayıb. 2018-ci ildə Fond yenidən təşkil edilərək Azərbaycan Respublikasının Gənclər Fondu adlandırılıb.

Fondun məqsədi elm, təhsil, mədəniyyət və digər sosial sahələrdə gənclər siyasəti ilə bağlı layihə və proqramların, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramların qrant şəklində maliyyələşdirilməsindən ibarətdir. Fond bu günə kimi 4545 uğurlu layihəni maliyyələşdirib.

2018-ci ilin noyabr ayında Azərbaycan Respublikası Gənclər Fondunun nəzdində Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) fəaliyyətə başlayıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu il tarixli 1 oktyabr tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması məqsədilə ölkənin şəhər və rayonlarındakı Heydər Əliyev Mərkəzlərində GİKM-in nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi qərara alınıb. GİKM-in nümayəndələri gənclərin hərtərəfli inkişafı, əlavə bilik və bacarıqlara yiyələnməsi məqsədilə müxtəlif peşə təlimləri, təlim və təcrübə, könüllülük, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil edirlər.

Nümayəndəliklər vasitəsilə gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar haqqında məlumat və məsləhətlər almaq, həmçinin müxtəlif proqramlara müraciət etmək və iştirak etmək imkanı əldə edirlər. Hazırda respublikanın 55 şəhər və rayonunda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyət göstərir.

Azərbaycanda genişmiqyaslı könüllülər hərəkatının aparıcı qüvvəsi məhz gənclərdir. Gənclərimizin potensialının, fəallığının, yeni baxışlarının cəmiyyət üçün çox vacib olduğunu nəzərə alan Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da 2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Ölkəmizdə təxminən 20 minə yaxın gənc könüllü olub və hazırda bu gənclər ayrı-ayrı təşkilatlarda müxtəlif vəzifələrdə çalışırlar.

Hər il olduğu kimi, bu il də Prezident mükafatına layiq görülən gənclərlə bağlı ölkə başçsının müvafiq sərəncamı oldu. Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən gənclərə Prezident mükafatları verildi.

Dövlətimizin biz gənclərə göstərdiyi qayğı və diqqət biz gənclərin məsuliyyətini daha da artırır, ölkəmizin gələcək inkişafı üçün çiyinlərimizə ağır və şərəfli yük qoyur. İnanıram ki, biz öz fəaliyyətimizlə Prezidentimizin gənclərə olan inam və etimadını bu gün olduğu kimi, gələcəkdə də doğruldacağıq.

Sevinc Qasımova, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinin direktoru 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər