Dövlət Sərhəd Xidməti (DSX) sərhəd mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində tədbirləri davam etdirir.
DSX-nin Mətbuat Mərkəzindən “Report”a verilən məlumata görə, “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində İrandan Azərbaycana gələn İran vətəndaşı 2002-ci il təvəllüdlü Bargikani Naza Muhammedbakhirin üzərində 320 qram narkotik maddə olan “heroin” aşkar olunaraq götürülüb.
Narkotik vasitənin sifarişçisinin müəyyənləşdirilməsi və saxlanılaraq məsuliyyətə cəlb olunması məqsədilə həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri 1992-ci il təvəllüdlü Səfərov Kazım Ağəli oğlu və 1994-cü il təvəllüdlü Nəsirov Elyaz Taleh oğlu saxlanılıb.
Bildirilib ki, “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonu Əhmədli kəndi ərazisindəki sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozan 1976-cı il təvəllüdlü Bərdə rayon sakini Cəfərov Tələt Allahyar oğlu və 1977-ci il təvəllüdlü Ağcabədi rayon sakini Quliyev Namiq Allahverdi oğlu 2270 qram narkotik maddə olan “marixuana” ilə saxlanılıb.
Məlumata görə, DSX və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayonu ərazisində “Mersedes” markalı avtomobilə baxış keçirərkən salonda 1145 qram narkotik maddə olan “heroin” aşkar olunaraq götürülüb. Avtomobildə olan Azərbaycan vətəndaşları Şəmkir rayon sakini 1991-ci il təvəllüdlü Əlizadə Vüsal Yaşar oğlu, Mingəçevir şəhər sakini 1984-cü il təvəllüdlü Soltanov Elçin Muxtar oğlu və Sumqayıt şəhər sakini 1977-ci il təvəllüdlü Hüseynov Hüseyn Novruz oğlu saxlanılıb.
Faktlar üzrə cinayət işləri başlanılıb, zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.
![](https://report.az/storage/news/14f115190b3093cd5a21bdfc5c07deaa/545e55bd-3201-4454-99d0-b29d2152f79c_640.jpg?1545037272187)
![](https://report.az/storage/news/14f115190b3093cd5a21bdfc5c07deaa/9691e4c9-1f8b-40ee-9492-c82a985e2419_640.jpg?1545037288494)
![](https://report.az/storage/news/14f115190b3093cd5a21bdfc5c07deaa/4be16173-7221-4a28-867b-be2de959a0e0_640.jpg?1545037313820)
![](https://report.az/storage/news/14f115190b3093cd5a21bdfc5c07deaa/6adbe623-a27f-46f4-be6a-b916607615a8_640.jpg)