DÜNƏNİN GƏNCLİK ŞƏHƏRİ, BU GÜNÜN 74 YAŞLI ƏZƏMƏTLİ SUMQAYITI (Esse)

446

Xəzərin kəhrəba qumlu sahillərinə keçmiş sovetlər ölkəsindən yeni şəhər salmaq məqsədi ilə 74 il bundan əvvəl axışıb gələnlərin əksəriyyətini gənclər təşkil edirdi. Üfüq boyu qağayıların, göyərçinlərin nəğməsini eşidənlər buranı əvvəlcə qağayılar sığınacağı kimi tanıyırdı.
Sonra isə əl-ələ verib gecə-gündüz böyük həvəslə ilan mələyən çöllərdə kiçik baraklar, taxta evlər tikən, kərpic üstə kərpic qoyub binalar ucaldan gənclərin şərəfinə inkişaf edən bu yeni məskəni çoxları gənclik şəhəri adlandırırdı. Əli qabarlı fəhlə əməyi, iti mühəndis əqli ilə qədim Coratın qoynunda bünövrəsi qoyulan, hər kəsə isti qucağını açan, yadları doğmalaşdıran, onlara nurlu sabahlar bəxş edən bu şəhər gündən-günə böyüyür və gözəlləşirdi. Sumqayıtın 1949-cu il noyabr ayının 22-də şəhər statusu almasında əməyi olan zəhmətkeş insanlar bu yaşayış məskəninin sakinləri idi. Taleyini bu şəhərə bağlayan ilk əmək bahadırları Sosialist Əməyi Qəhrəmanları 1 saylı Tikinti Trestinin müdiri, Əməkdar mühəndis Məzahir Ağı oğlu Abdullayev, İEM-1-də ( İstilik Elektrik Mərkəzi – 1) çalışmış Məşədi Əli oğlu Əliyev, inşaatçı bənna Aslan Abdulla oğlu Osmanov, Prezidentin fəxri təqaüdçüləri, kimyaçılar Dadaş İkram oğlu Dadaşov və Şəmşad Tanrıverdi oğlu Pənahov, kimyaçı Ağaxan Qərib oğlu Ağayev, metallurqlar Zəminə Həsən qızı Həsənova, Tofiq Ələkbər oğlu Kərimov, Murad Mahmud oğlu Zeynalov, Əsəd İbrahim oğlu Məmmədəliyevin çəkdikləri zəhmət əvəzsizdir.
Fəxrlə demək olar ki, bu şəhərin küçələri Sərvər Bədəlbəyli, Kamal Axundov, Zülfü Hacıyev, İzzət Sadıxov, Məhəmməd Əsədov, Yəhya Məmmədov, Zəminə Həsənova, Aslan Osmanov, Fərman Cəfərov, Zamin Hüseynov kimi ilk qurucularının və görkəmli şəxsiyyətlərinin, həmçinin Qarabağın azad olunması uğrunda canını fəda edən şəhidlərin adını daşıyır. Sumqayıtın ilk qurucuları arasında Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi Kamran Əsəd oğlu Hüseynov, 1946-1976-cı illərdə Sumqayıt İstilik Elektrik Stansiyasının direktoru olan, “Qırmızı Əmək Bayrağı” və “Şərəf” ordeni ilə təltif olunan Əli Hüseyn oğlu Mustafayev Sumqayıtın fəxri vətəndaşlarıdır. 1949-cu ildə Sumqayıt şəhərinin ilk rəhbəri, “Azərboruyayma” zavodunun birinci direktoru olan Yəhya Məmməd oğlu Məmmədov, texnika elmləri doktoru, professor, SSRİ Dövlət Mükafatı laureatı Əsgər Ələkbər oğlu Abdullayev, Milli Elmlər Akademiyasının müxbir üzvü, kimya elmləri doktoru, “Şərəf” ordeni ilə təltif olunan Mustafa Səttar oğlu Salahov, Respublikanın Əməkdar müəllimi, Prezident təqaüdçüsü olan Minarə Məmməd qızı Tahirova, Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi olan Zülfü Saleh oğlu Hacıyev, 1950-ci illərin əvvəllərindən 1970-ci illərə qədər şəhərin tikintisində fərqlənən respublikanın inşaat mühəndisi Sərvər Bədəlbəyli, sabiq inşaatçı, Şərəf Ordenli Gülbahar Vəliyeva və onun həyat yoldaşı İmamverdi Vəliyev, Azərbaycan boru-prokat zavodundan iki dəfə Azərbaycan Ali Sovetinin deputatı Zəkulla Tağıyev və başqalarının əməyi ilə ucalan Sumqayıt bu gün yenilikləri ilə göz oxşayır.
Dünənin gənclik, sənaye şəhəri kimi tanınan və 74 illik əzəmətli inkişaf yolu keçən Sumqayıt alın təri, əlinin zəhməti ilə onun yeniləşməsinə nail olan sakinləri ilə fəxr edir, ucaldıqca onu ucaldanların və qurub yaradanların əməyini yüksək dəyərləndirir. Müasir siması ilə ölkənin başqa şəhərlərini kölgədə qoyan Sumqayıt özünün iki dəfə beynəlxalq mükafatlara layiq görülən möhtəşəm park-bulvarı, Heydər Parkı, Lyüdviqshafen Parkı, Gənclər Mərkəzi, Bayraq Muzeyi, Şahmat Məktəbi, Yeni Azərbaycan Partiyası Sumqayıt Şəhər Təşkilatının binası, Muğam Mərkəzi və Nizami kinoteatrının binası, mədəniyət ocaqları, göydələnləri, səliqəli küçə və prospektləri, yüksək təhsili, səhiyyəsi, mədəniyyəti və idmanı ilə sivil şəhərlər sırasında tanınır.
Ötən 74 illik möhtəşəm inkişaf yolu Sumqayıt şəhərinin tarixi salnaməsində silinməz izlər qoyubdur. Əsl turizm, gözəlliklər məskəni olan şəhərin girəcəyində spirallar üzərindəki zirvələri fəth etməyə hazır olan qağayı insanları tər-təmiz, güllü-çiçəkli yollardan sülh rəmzli ağ göyərçinə, dalğaları gözəllik nəğməsi pıçıldayan Xəzərin sahillərinə qədər apararaq öz sehrinə salır. 1978-ci ildən azərbaycanlı monumentalçı heykəltaraş, Əməkdar incəsənət xadimi Vaqif Nəzirovun və rəssam-heykəltaraş Asim Quliyevin əlinin zəhməti ilə ucalan, Moskvada nümayiş edilib medala layiq görülən Göyərçin abidəsi – əsəri şəhərə xüsusi yaraşıq verməklə yanaşı müxtəlif millətlərdən olan sülhsevər insanları birləşdirir. Sumqayıtı vəsf etmək istəyən hər kəsin üzü gülür, ağ göyərçinin arzular çağlayan nəfəsində gənclik həvəsi yüksəlir…
23 oktyabr 2023-cü ildə ölkə başçımız möhtərəm Prezident İlham Əliyevin Sumqayıta gəlişi hamını sevindirdi. Hər gəlişi ilə yeniliklərə imza atan dövlət başçısı Sumqayıt Kimya Sənayesi Parkında “Çinar-Servis” İstehsal-kommersiya firmasının Texniki qazların istehsalı müəssisəsinin təməlini qoydu. “Novus Plastica” MMC-nin Polimer qatqıları istehsalı müəssisəsinin, “Universal Qablaşdırma Sənayesi” QSC-nin Qablaşdırma məhsulları istehsalı müəssisəsinin və “Azərbaycan Vanhonq Ceramics Co.” MMC-nin Keramik plitələr istehsalı müəssisəsinin açılışında iştirak etdi. “Kartaş Kimya” MMC-nin müxtəlif Tikinti kimyəvilərinin istehsalı müəssisəsinin təməlini qoydu. 9502 nəfər tamaşaçı tutumu olan Mehdi Hüseynzadə adına şəhər stadionunun və 2 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının açılışında iştirak etdi.
Bəli, Sumqayıt gözlərimiz önündə böyüyüb inkişaf edən, yeni-yeni layihələrə imza atan paytaxt Bakıya yaxın, qardaş olan şəhərdir. Beynəlxalq dostluq əlaqələri quran, hər daşı, kəsəyi bizə əziz olan Sumqayıt son illərdə hər bir sahədə dinamik inkişaf həddini aşaraq gündən-günə çiçəklənir. Yeni tikililər, açılan müəssisələr, yol infrastrukturu, abadlıq və quruculuq işlərindən qürur hissi keçirən hər bir sumqayıtlı yaşadığı şəhərin parlaq sabahından inamla söz açır, böyük ehtiram və fəxrlə Sumqayıt qurucularını yad edir.
Dünyaya göz açdığım Sumqayıtla aramda iyirmi yaş fərq var. Bir zamanlar şəhərin dünəni haqqında taleyini çoxları kimi Sumqayıta bağlayan atamdan eşitdiklərimi tez-tez xatırlayır, fəhlə qızı olmağımla qürur duyuram. Hələ kiçik yaşlarımdan gözəlliyinə heyran qaldığım, füsunkarlığı ilə insanı valeh edən Sumqayıtın 74 illik şanlı səhifələrində yer alan hər kəs və hər bir hadisə onun tarixi yaddaşında yaşayır. Tükənməz arzuların qanadında pənah gətirdiyi şəhərin işıqlı sabahına ümidlə boylanan, ucaltdıqca ucalan əməksevər insanların övladları bu gün yeniliklərə imza atır. Sumqayıtın işıqlı gələcəyi bugünki qurucularından asılıdır.
Sumqayıt! Sən Müstəqil Azərbaycanın iri sənaye şəhəri, cənnət məkanı, gözəllik diyarısan. Yaşının üstünə yaş gəlsə də gənclik qoxusu çəkilmir. Hər qarışında bir canlanma duyulur, xarüqələr yaradılır.
Dünənin gənclik, bu günün yeniləşən möhtəşəm və əzəmətli şəhəri Sumqayıtla fəxr edirik! Qürur duyuruq!

RƏNA TƏBƏSSÜM
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər