Dünya bir daha milli birliyimizə, həmrəyliyimizə şahid oldu

730

22 aprel 2022-ci idə müasir Azərbaycanın tarixində ən mötəbər və uzun illər öncə yalnız röyalarda arzuladığımız hadisə baş verdi. Müstəqillik tariximizdə ilk dəfə Dünya azərbaycanlıların qurultayı azad edilmiş Qarabağımızda, doğma Şuşamızda keçirildi. 21 il öncə ilk dəfə bu qurultay keçiriləndə həmin tədbirin təşəbbüskarı olan Ulu Öndər öz çıxışında demişdi: “Gün gələcək, bu qurultay Şuşada və işğaldan azad edilmiş Azərbaycanın digər şəhərlərində keçiriləcək.” Bütün digər tarixi məqamlarda olduğu kimi, dahi Heydər Əliyevin bu arzusu da reallığa çevrildi. Böyük Qələbimizdən sonra dünya azərbaycanlıların birlikdə Şuşada toplaşması həm də rəmzi xarakter daşıyır. Zəfərin rəmzi olan şəhərdə məhz Zəfər qurultayı keçirilməli idi.

Əlbəttə ki, bunlara nail olmaq üçün xalqımız uzun, çətin və şərəfli bir yol keçdi. Qarabağa qayıdış  yolunun  ilk müjdəsi 2016-cı ilin Aprel döyüşlərində verildi. Rəşadətli ordumuz həmin vaxt öz gücünü göstərmişdi. 2018-ci ildəki Günnüt əməliyyatı böyük qayıdışımıza inamı daha da artırdı. 2020 ci il iyulunda baş vermiş Tovuz hadisələri, Polad Həşimovun və digər zabitlərin, əsgərlərin qəhrəmanlığı xalqı ayağa qaldırdı. Nəhayət, 2020 ci ilin sentyabrında başlanan Vətən müharibəsi yeni nəsil üçün bir sınaq oldu. Qarabağı görməyən və ya uşaq olarkən oranı tərk edən gənclərimiz indi öz vətənini azad etmək uğrunda ölüm-dirim savaşına başladılar. Öz canı, qanı bahasına bizi addı-addım torpaqlarımıza qaytaran övladlarımız onların qarşısında duran tarixi və şərəfli missiyasını həyata keçirdilər. Vətən müharibəsi bir daha sübüt etdi ki, 30 illik bir dövrdə aparılan işlər nəticəsiz qalmamışdır və biz sağlam düşüncəli, vətənpərvərlik əhval-ruhiyyəsində formalaşan bir gənclər yetişdirdik. Ulu Öndər tərəfindən əsası qoyulan və İlham Əliyev tərəfində yeni nəfəs alan vətənpərvərlik ideologiyasında böyüyən gənclər bizi Qarabağa, Şuşaya qaytardılar. Bu tarixi Qələbə üçün hamı bir hədəfə vurdu. Dövlətimizin hər bir sahədə uğuru bizi bu qələbəyə yaxınlaşdırırdı. 90-cı illərdəki Azərbaycan bu gün  artıq çevik iqtisadiyyata, müasir orduya malik güclü bir dövlətə çevrilmişdir. 30 il ərzində müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT, AŞPA və digərləri bizə münaqişənin ədalətli həll olunmasına dair vədlər verirdilər. Beynəlxalq hüququn bizim tərəfdə olduğu bir vaxtda həmin təşkilatlar təcavüzkara deyil, bizə təzyiq göstərməyə çalışırdılar. Beynəlxalq aləmdə mövcud olan ikili standartlar Azərbaycanın timsalında özünü daha açıq və qabarıq şəklində göstərmişdi. ATƏT-in Minsk qrupu məsələnin həlli əvəzinə, 30 il ərzində yalnız mənasız danışıqlar aparmaqla, sanki “turist diplomatiyasını” nümayiş etdirirdilər. BMT –nin qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələr icra etdirilmək əvəzinə, mənasız bir kağız parçasına çevrilmişdir. Maraqlıdır, nəyə görə digər dövlətlərə qarşı eyni hal baş verdiyi təqdirdə dərhal hansısa sanksiyalar tətbiq olunur, Ermənistanın qarşısında  isə heç bir tələb qoyulmur?! Belə olan halda, cənab Prezident dəfələrlə bəyan edib ki, xalqımız işğal vəziyyəti ilə heç vaxt barışmayacaq. 2003-cü ildə xalqın etimadını qazanmaqla prezident seçilən İlham Əliyev andiçmə mərasimində çıxış edərək bəyan etmişdir ki “…biz bütün tarixi torpaqlarımıza qayıdacağıq.”

Prezident öz çıxışlarında daim bildirirdi ki, Qarabağın işğaldan azad edilməsi onun siyasətinin əsas prioritetini təşkil edəcək. Beynəlxalq hüququn işləmədiyi halda, ordumuz öz sözünü dedi. Nəhayət, məhz şanlı ordumuz həmin o qətnamələri 44 gün ərzində tam yerinə yetirməklə tarixi ədaləti bərpa etdi. Həqiqət ondan ibarətdir ki, biz təkcə mənfur qonşumuzla deyil, onların qəyyumları ilə də müharibə aparmalı olduq. Hamıya məlumdur ki, müharibə zamanı bir sıra iri dövlətlər və nüfuzlu təşkilatlar Azərbaycana həm təzyiqlər, həm də  açıq təhdidlər göstərirdilər. Yalnız Prezidentin dəyanəti və xalqın öz lideri ətrafında sıx birləşməsi bu təzyiqlərə dözüb, şərəfli mübarizəni sona qədər apara bildi. Prezident və ordumuz məhz xalqın birliyindən güc alırdı. Bu hadisələr zamanı xaricdə yaşayan soydaşlarımızın da dəstəyi danılmazdır. Müharibənin hər günündə xaricdə yaşayan minlərlə azərbaycanlı meydanlarda, səfirliklərin və beynəlxalq təşkilatların ofislərinin qarşısında toplaşaraq, Azərbaycanın haqq işini müdafiə edirdilər. Müharibə eyni zamanda informasiya cəbhəsində də gedirdi. İlham Əliyev bütün çətinliklərə baxmayaraq, müxtəlif ölkələrin informasiya agentliklərə müsahibə verir, öz dəmir məntiqi ilə Azərbaycanın haqlı olduğunu sübüt edirdi. Beləliklə, biz bu cəbhədə də qələbə qazandıq. Ümumiyyətlə, tarixi araşdırma onu göstərir ki, biz 200 il ərzində  bütün sahələrdə qələbə qazanaraq ilk dəfə torpaqlarımızı işğaldan azad etdik. Ona görə də, bu qələbənin böyük tarixi əhəmiyyəti var.

Müharibə başa çatıb, ancaq hazırki dövrdə müəyyən məsələlər də həll edilməlidir. Məhz buna görə, Şuşada keçirilən Zəfər qurultayın qarşısında çox mühüm məsələlər durur. Təbii ki, postmüharibə dövründə sülh danışıqları ərəfəsində müəyyən çətinliklər olacaq. İlk növbədə, bu, informasiya mübarizəsinin davam etdirilməsidir. Bundan başqa, Ermənistanın qəyyumları və revanşist qüvvələr müəyyən ərazi iddialarını hələ də qaldırmaqdadırlar. Məhz bu baxımdan, ordumuz daha da gücləndirilir, təlimlər daim mükəmməl xarakter daşıyır. Eyni zamanda diplomatik səylər intensivləşir. Əlbəttə ki, bu sahədə bizim diasporumuzun fəaliyyəti yeni bir postmüharibə formatında öz işini təşkil etməlidir. Dünya ictimaiyyətinə tarixi həqiqətlər çatdırılmalıdır. Ermənilərin bu ərazilərə XIX əsrdə kütləvi şəkildə köçürülməsi ,1805-ci ildə Qarabağ xanlığı ilə Rusiya arasında bağlanmış Kürəkçay, 1828-ci ildə imzalanmış Türkmənçay müqavilələrin şərtlərində onlar haqqında heç bir cümlənin işlədilməməsi bu millətin gəlmə olduğunu bir daha sübut edir. Uzun illərdi ki, ermənilər bizə ərazi iddiaları ilə çıxış edir. Həqiqət isə ondan ibarətdir ki, əksinə, Azərbaycan 1920-ci il aprel işğalından sonra dəfələrlə Ermənistanın xeyrinə öz tarixi torpaqlarından məhrum edilib. Həmin vaxt Zəngəzur Azərbaycandan qoparılaraq  Ermənistana verilib. Nəticədə həmin bölgələrdə tarixi türk köklü toponimlər saxtalaşdırılaraq erməniləşdirilib. Bundan başqa, 1923 –cü ildə süni yolla Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb və bununla da gələcək separatçılığın təməli qoyulub. Stalin repressiyaları dövründə xalqımıza qarşı növbəti haqsızlıq nəticəsində yüz mindən çox soydaşımız doğma Zəngəzur və İrəvandan deportasiya edilib. Beləliklə, haqlı olaraq, biz Ermənistana tarixi faktlara əsaslanan ərazi iddialarımızı irəli sürə bilərik. Əlbəttə ki, bütün bu faktlar dünya ictimaiyyətinə çatdırılmalıdır. Prezident qurultayda diasporumuzun qarşısında məhz bu yol xəritəsini müəyyən etmişdir. Onlar əyani şəkildə Qarabağdakı quruculuq işləri ilə tanış oldular. Görülən işlər, həqiqətən də,  möhtəşəmdir. Yeni çəkilən yollar, tunellər, işıq, qaz və su sistemlərin qurulması , hava limanlarının tikilməsi, yeni yaşayış massivlərin salınması və daha nələr…Artıq bu məsələlərin həll edilməsi çox yaxın bir zamanda bu yerlərə həm yerli sakinlərin öz vətəninə qayıtmasına, həm də xaricdə yaşayan soydaşlarımızın bura tez-tez gəlməsinə şərait yaradır. Dünya ictimaiyyəti gördü ki, 30 il buranı viran edən erməni vandallar özlərini əsil gəlmələr kimi aparıblar. Hal-hazırda isə həqiqi sahiblər öz yerinə qayıdıb və burada quruculuq işlərini aparır. Bu dünyaya böyük bir mesajdır. Prezidentimiz dediyi  kimi “Biz bura əbədi qayıtmışıq!”. Diasporumuz dünyaya Qarabağdakı həqiqətləri çatdırmaqla bu regiona yeni sərmayə cəlb edə bilərlər. Təsadüfi deyil ki, bu regionun böyük təsərrüfat və turizm potensialı var. Xaricdə yaşayan soydaşlarımız bura gəlməklə, digərlərinə də nümunəyə çevrilə bilərlər.

Zəfərdən keçən qısa bir dövr ərzində Qarabağda artıq bir sıra əvvəlki ənənələr bərpa olunaraq davam etdirilir. Dahi Vaqifin məqbərəsinin, Bülbülün ev müzeyinin, Üzeyir Hacıbəyovun  heykəlinin bərpası bariz nümunələrdəndir. Əvvəllər dünyaya səs salan Xarı Bülbül festivalının yenidən ənənəvi qaydada keçirilməsi mədəniyyətimizin və ana dilimizin inkişafına böyük töhfə verəcək. Ümumiyyətlə, doğma dilimizin inkişafı xaricdə yaşayan soydaşlarımızın qarşısında duran əsas vəzifələrdən biridir. Biz elə etməliyik ki,   digər ölkələrdə yaşayan həmyerlilərimiz  ana dilimizi unutmasınlar, əksinə, ən yüksək səviyyədə  dilimizi, ana dilinə olan bağlılığı təbliğ etsinlər. Çünki vətənpərvərlik məhz doğma dilə olan münasibətdən başlayır. Şuşanın Azərbaycanın “Mədəniyyət paytaxtı” seçilməsi təsadüfi deyil. Dahi şəxsiyyətləri dünyaya bəxş etmiş ,”Şərqin konservatoriyası”, Qafqazda ilk dünyəvi məktəbin fəaliyyətə başladığı bir şəhər bu ada layiq idi. Ermənilər nə qədər Azərbaycanın izini Qarabağdan silmək istəsələr də, buna nail ola bilmədilər. İllərlə təhqir olunmuş vətənimizin bu döyünən ürəyi şəhidlərimizin canı və qazilərimizin qanı bahasına yenidən canlanır. Prezidentimiz dediyi kimi  “…Əziz Şuşa, biz səni dirçəldəcəyik!”. Şəhidlərin qisası alındı və indi əzəli torpaqlarımızda  bütün soydaşlarımızın artıq müzəffər ölkənin, müzəffər xalqın nümayəndəsi  kimi yaşamaq  hüququ var. Prezidentin qurultaydakı nitqindəki tövsiyələri diasporumuzun fəaliyyətini müəyyən edən əsas ideoloji istiqamətlərdir. Artıq bu qalib və qurucu xalqın ideologiyasıdır. Biz müharibə zamanı dünyaya öz birliyimizi nümayiş etdirdik, indi isə Qarabağımızı bərpa etməklə öz gücümüzü göstərməliyik. Harada yaşamağımızdan asılı olmayaraq, unutmamalıyıq ki, bura bizim Vətənimizdir. Ulu Öndər çıxışlarının birində demişdir: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” Onun söylədiyi bu tarixi sözlər dünyada hər bir azərbaycanlının həyat şüarına çevrilməlidir. İlham Əliyev hakimiyyətə gəldiyi gündən məhz bu ideologiyanı təbliğ edir və Şuşada keçirilən Zəfər qurultayında da bir daha bunu təsdiq etdi. Bütün dünya azərbaycanlıları bundan sonra da bir yumruq kimi birləşməlidir. Çünki, biz birlikdə güclüyük. Belə olan təqdirdə, biz yeni Zəfərlərə nail olacağıq. Yaşasın müzəffər xalq! Yaşasın bütöv Azərbaycan!

İlqar Quliyev, Sumqayıt şəhər Təfəkkür liseyinin tarix müəllimi 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər