Dünyada ərzaq qiymətləri yanvar-may aylarında 18 faiz artıb – Nazir müavini

649

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, dünyada ərzaq qiymətləri bu ilin yanvar-may aylarında 18 %, son 1 ildə isə 23 %-ə yaxın artıb ki, bu da ən yüksək göstəricidir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib.

S.Həsənova vurğulayıb ki, pandemiyanın təsiri nəticəsində qlobal istehlak logistika zəncirində sınmaların hələ də qalması, xüsusilə son aylar Rusiya və Ukrayna arasında baş verən münaqişə nəticəsində müşahidə olunan təklif şokları və enerji daşıyıcılarının bahalaşması dünyada ərzaq qiymətlərinin artmasına gətirib çıxarıb.

“Tərəfdaş ölkələrdə həyata keçirilən siyasət, bir sıra məhsulların ixracına qadağalar, tarif və rüsumlar ərzaq qiymətlərinin artmasına təsir edən səbəblər sırasındadır”.

O qeyd edib ki, dünyada ərzaq qiymətlərinin kəskin bahalaşmasının ölkəmizdə işgüzar fəallığa, əhalinin rifahına və alıcılıq qabiliyyətinə mənfi təsirinin qarşısını almaq məqsədilə təxirəsalınmaz antiinflyasiya tədbirlərinin görülməsi işlərinə başlanılıb. “Bununla əlaqədar Nazirlər Kabineti tərəfindən fevral ayında müvafiq sərəncam imzalanıb. Nazirlər Kabinetinin qərarı ilə bir sıra malların istehsalı rüsumdan azad edilib. Həmin məhsulların əlavə dəyər vergisindən azad edilməsi istiqamətində təkliflər hazırlanaraq təqdim olunub. Qeyd edilənlərdən əlavə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və Dövlət Nəzarəti Xidməti tərəfindən qarabaşaq, çörək qiymətlərində qanun pozuntularının qarşısını almaq məqsədilə zəruri tədbirlər görülüb. Həmçinin dünyada baş verən proseslərin ölkəmizin ərzaq təhlükəsizliyinə potensial mənfi təsirinin qarşısını almaq məqsədilə Nazirlər Kabineti minimum istehlak səbətinə daxil olan bir sıra ərzaq məhsullarının ölkə ərazisindən çıxarılmasına məhdudiyyətləri nəzərdə tutan qərarlar qəbul edib”, – deyə nazir müavini qeyd edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər