Mari Sklodovskaya-Küri 85 il əvvəl vəfat edib. Amma polşalı qadın alim hələ də böyük ehtiramla xatırlanır. Sklodovskaya-Kürinin elmə verdiyi töhfə böyükdür.
İndi də dünyanı dəyişdirmək iddiasında olan qadınlar var. Bizimyol.info onların 7-si haqqında danışacaq.
Nadya Murad
26 yaşlı bu qız keçən il Nobel mükafatı alıb. Nadya belə böyük mükafata yezidi kürd qadınların İraqdakı dəhşətli yaşamından məlumat verməklə layiq görülüb. O, hər şeyi şəxsi təcrübəsində görmüşdü. Nadya 21 yaşı olanda İŞİD döyüşçülərinə əsir düşmüşdü. Seksual təcavüzə məruz qalmışdı, kölə həyatı yaşamalı olmuşdu. Üç aylıq cəhənnəmdən sonra möcüzə sayəsində qaça bilmişdi. Qaçqınlarla özünü Almaniyaya yetirən Murad kitab yazıb, hüquq müdafiəçisi fəaliyyətinə başlayıb: “Terrorçuların ağlına da gəlməzdi ki, yezidi kürd qızın bütün dünyaya onların etdiklərini danışmağa cəsarəti çatar. Hər dəfə başıma gələnləri dilə gətirdikcə onların hakimiyyətinin bir az da zəiflədiyini hiss edirəm”.
Melinda Qeyts
Bill Qeytsin həyat yoldaşı əri ilə birlikdə yaratdığı xeyriyyə fondu sayəsində milyonlarla adamın əlindən tutur. İndiyə qədər səhiyyə, aclığın aradan qaldırılması, ağır xəstəliklərlə mübarizə layihələri çərçivəsində 60 milyard dollara qədər xərcləyiblər. Xanım Qeyts son vaxtlar bütün dünya qızlarına köməyi özü üçün prioritet seçib. Amerikalı ailə planlaması, doğuma nəzarət, təhsil hüququ haqda danışır, qadın biznesini dəstəkləyir. “Mən düşünürəm ki, özünü təmin edə bilən qadınlar cəmiyyəti dəyişəcəklər”, – deyir.
Məlalə Yusəfzay
Pakistanlı qız haqqında bütün dünya danışanda onun cəmi 11 yaşı vardı. O, Talibanın ölkəsində təhsilə imkan verməməsi haqda bloq yazırdı. Uşağın cəsarəti radikal döyüşçülərin xoşuna gəlmədi. 2012-i ildə məktəbə soxularaq “Burada Məlalə kimdir?” sualını verəndə dərhal cavab gəldi: “Mənəm Məlalə”. O dəqiqə gülləni başına sıxdılar. Sonradan Məlalə deyəcəkdi: “Həmin gün bütün qorxularım öldü”.
Həkimlər Məlaləni xilas etdilər. O, başına gələnləri BMT-yə danışmağa imkan tapdı. Yusəfzay deyir ki, indi dünyada 31 milyonu qız olmaqla 57 milyon uşaq məktəbə gedə bilmir. Məlalə onlara kömək üçün əlindən gələni edir. Bu xidmətlərə görə Nobel mükafatına layiq görülüb.
Nəsrin Sotudə
İranlı hüquqçu müxalif fəalları müdafiə etdiyinə, qadın-kişi bərabərliyindən danışdığına görə hakimiyyətin qəzəbinə tuş gəlib. Keçən il onu 38 il həbs və 148 qamçı zərbəsi ilə cəzalandırmışdılar. Onu dövlət təhlükəsizliyinə təhdiddə, təxribat yaymaqda, asayişi pozmaqda ittiham edirlər.
Nəsrin indi həbsxanadadır. Bütün dünya bilir ki, onu İran qadınlarını müdafiəyə görə orada saxlayırlar. Sotudəni təkcə BMT xilas edə bilər. Təşkilatın ali komissarı bu ilin yazında İranda səfərdə olub. Nəsrinin tezliklə azadlığa çıxacağı gözlənilir.
Opra Uinfri
Çoxları Opra Uinfrini Amerikanın məşhur teleaparıcısı kimi tanıyır. Amma dünyanın ilk qaradərili qadın milyarderi haqqında ən səxavətli məşhurlardan biri kimi danışılmasını da haqq edir. Bir neçə ildir Cənubi Afrika Respublikasında Opranın əsasını qoyduğu məktəb fəaliyyət göstərir. Burada ayrı-ayrı Afrika dövlətlərində yaşayan kasıb ailələrin qız uşaqları təhsil alır. Uinfri məzun gününə şəxsən özü gəlir, ən istedadlı uşaqlara dünyanın aparıcı universitetlərində oxumağa kömək edir. Təhsilin inkişafı üçün indiyə qədər 400 milyon dollardan çox xərcləyib. Opranın dayanmaq fikri yoxdur.
Leyma Roberta Qbovi
Liberiyalı fəal inanır ki, yalnız analar cəmiyyətləri dəyişə bilər. Öz ölkəsindəki vətəndaş müharibəsi zamanı sülh naminə qadınlar hərəkatı yaratmışdı. Onlar etiraz aksiyaları təşkil edib prezidentə müraciət ünvanlamışdılar. Qbovinin fəaliyyəti sayəsində Liberiyada vətəndaş müharibəsi dayandı. Tezliklə prezident postuna tarixdə ilk dəfə qadın gəldi.
Leyma da Nobel mükafatı laureatıdır. 2011-ci ildə Elen Conson-Serlif (Liberiyanın ilk qadın prezidenti) və Yəməndə inqilabın anası adlandırılan Təvəkül Karmanla birlikdə ali mükafata layiq görülmüşdü.
Qreta Tunberq
Bu qız keçən il hər cümə məktəbə getməkdən imtina edərək, İsveç parlamentinin qarşısında təkbaşına aksiya keçirirdi. Qreta iqlim dəyişikliyinə və ekologiyaya diqqət ayırmağı tələb edirdi. Tezliklə Tunberqə bütün dünya qoşuldu. İndi dünyada milyonlarla uşaq onun “Fridays for Future” (Gələcək üçün cümələr) hərəkatını dəstəkləyir. Şüar belədir: bu gün etiraz etməsək, sabah biz olmayacağıq. Qreta son bir ildə xeyli mükafata layiq görülüb.