“Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının sammiti olduqca vacib toplantıdır”.
Türkiyəli jurnalist, siyasi şərhçi Özay Şendir belə deyib. O bildirib ki, Rusiya, Türkiyə, Azərbaycan və digər dövlətlərin liderlərinin iştirak etməsi toplantının önəmini daha da artırıb. Özay Şendir qeyd edib ki, toplantı çərçivəsində prezidentlər arasında keçiriləcək görüşlərin nəticəsi regiondakı hadisələrin gedişatına təsir edəcək. Türkiyəli şərhçi sammitin Türkiyə ilə Yunanıstan arasında gərginliyin artdığı, Ankaranın Suriyanın şimalında antiterror əməliyyatlarına başlamağa hazırlaşdığı, Ukraynada müharibənin davam etdiyi bir vaxtda keçirilməsinə diqqət çəkib. Şərhçi həmçinin sammitdə 2020-ci ildən sonra ilk dəfə xarici səfərinə çıxacaq Çin lideri Si Cinpinin də iştirak edəcəyini vurğulayıb.
Qeyd edək ki, sammit sentyabrın 15-16-da keçiriləcək. Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Əsədov sammitdə Prezident Rəcəb Tayyib Ərdoğanın, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın, Belarus Prezidenti Aleksandr Lukaşenkonun, İran Prezidenti İbrahim Rəisinin də iştirak edəcəyini açıqlayıb.