Dünyanın ən tanınmışları ilə birgə

1407

Onun Sumqayıt barədə etüdü beynəlxalq mükafat alıb

O, niyə hələ də hansı şəkili çəkə bilmir?

 

Müsahibim gənc rəssam – İntiqam Cəfərovla söhbətimizi oxuduqdan sonra yaşına rəğmən ciddi uğurlar qazandığına, onun nə qədər istedadlı bir rəssam olduğuna özünüz asanlıqla qərar verəcəksiniz…

 

Aftobioqrafiya

İntiqam Şahvələd oğlu Cəfərov 1986-cı il dekabrın 1-də Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olub. 1994-2005 ci illərdə Sumqayıt şəhər 24 saylı orta məktəbin nəzdində olan Mehman Ağayarov adına Qubadlı rayon Kavdadıq kənd orta məktəbində təhsil alıb.

13-14 yaşlarında ikən təhsil aldığı məktəbin rəsm müəllimi Murad Kərimov əl işlərini bəyənərək onu Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinə dəvət edir. 2005-ci ildə orta məktəbi əla qiymətlərlə bitirib, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına qəbul olur. 2009-cu ildə oranı bitirərək hərbi xidmətə yollanır. Daha sonra peşəkar fəaliyyətinə davam edir.

Hal-hazırda “Azərbaycan Rəssamlar İttifaqı”nın və Türkiyə “Uluslararası Dünya Suluboya Derneyi”nin həqiqi üzvüdür.

 

– Sizcə, Sumqayıtda rəssamçılığa maraq necədi, gənc rəssamlara şərait yaradılırmı?

– Bu peşəyə getdikcə maraq artmaqdadır. Gənc rəssamlar yetişməkdədir…

 

– Ölkə əhəmiyyətli və ya şəhərlə bağlı nə kimi əl işləriniz olub?

– Təxminən 8-ci sinifdə oxuduğum illərdə “Xəzər dənizinin çirklənməsi. Qlobal problemlər” sərgisi keçirilirdi. Mən də əl işi kimi “Xəzər dənizin neftlə çirklənməsi” haqda rəsm əsərimi təqdim etdim. Əsər bəyənildi və diplomla təltif olundu.

Bundan başqa Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkil etdiyi sərgidə 2-ci yerə layiq görülmüşəm.

Heydər Əliyevin anadan olmasının 80-85 illiyi ilə bağlı Sumqayıtda keçirilən rəsm sərgisində isə 1-ci yerə layiq görülmüşəm.

– Şəxsi sərginiz olubmu?

– İki dəfə şəxsi sərgim olub: 2001-2002-ci illərdə. O vaxt uşaq idim. Təxminən 9-cu sinifdə oxuyardım. İnsanlar mənim əl işlərimə baxmağa gəlirdi. Həmin vaxtlar tam olaraq sərgi nə olduğunu anlamırdım, amma sevinirdim. Hər iki sərgim Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində olub.

 

– Hansı sərgilərdə iştirak etmisiniz və nə kimi nailiyyətləriniz olub?

– “Almaniya bir rəssamın gözü ilə: qara, qırmızı və qızılı rənglərdə” adlı sərgidə (2006-2008), İrəli Ümumrespublika Gənclər Hərəkatı və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tələbə Gənclər təşkilatının keçirdiyi rəsm sərgisində (2008), Sumqayıt Dövlət Rəsm Qalereyası Almaniyanın Ludviqshafen şəhəri rəssamlarının birgə təşkil etdikləri sərgidə (2007), Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Tələbə Gənclət təşkilatı ilə birlikdə 10-13 oktyabr 2007-ci il tarixində Abşeron Rəsm Qalereyasında təşkil olunmuş sərgilərdə iştirak etmişəm.

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi, Beynəlxalq Olimpiya Komitəsi “Olimpiya, İncəsənət və İdman2008”müsabiqəsindəki iştirakıma görə olan sertifikatla təltif olundum.

2009-cu ildə “Amerika mənim gözlərimlə” adlı müsabiqədəki iştirakıma görə sertifikatla təltif olundum.

Yenə 2009-cu ildə Türkiyənin Azərbaycandakı səfiri tərəfindən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təşkil olunan “İki dövlət bir millət” adlı sərgidə sertifikatla təltif olundum.

Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə 2010-cu ildə “Həyatının təhlükəsizliyi sənin öz əlindədir” adlı reklam müsabiqəsinin qalibi oldum.

Peşəkarlığa addım kimi son nailiyyətimi götürürəm.

Belə ki, İnternational Watercolor Society Art Contest-in təşkil etdiyi sərgidə yağlı boya texnikasında 1-ci yer, Qrafika texnikasında 2-ci yerə layiq görülmüşəm.

 

Müsabiqədə 1-ci yeri tutandan sonra dünya suluboya rəssamlarının kataloqu olan “İnternational Watercolor Society” dərc olundu. Mənim Sumqayıtın dəniz kənarı haqda etütüm işıq üzü gördü. Həmin kataloqda olan yeganə azərbaycanlı mənəm.

Eyni zamanda, qeyd edim ki, Türkiyənin “Sesan”şirkəti hər il kataloq çıxarır. Orada əksəriyyəti türk olmaqla dünya rəssamlarının da əl işləri var. Kataloq ödənişlidir. Yəni kimsə əsərini həmin kataloqda görmək istəyirsə, buna görə pul ödəməlidir.

Müsabiqədə 1-ci yerə layiq görüldüyümə görə məndən hər hansı bir əl işi istədilər. Mən də kataloq üçün 3 əsərimi təqdim etdim. Bir şeyi də xatırladım ki, burada dünyanın ən tanınmış suluboya rəssamlarının əl işləri qeyd olunub. Mən demək istəməzdim ki, mən də onlar qədər tanınmışam. Sadəcə, müsabiqədə 1-ci yerə çıxdığıma və əl işlərimi bəyəndiklərinə görə mənə kataloqda yer ayırdılar.

 

– Kimlərdən bəhrələnmisiniz, kimlərdən dərs almısınız?

– İlk təhsilimi peşə məktəbindəki Murad Kərimovdan almışam. Rəssamlıq Akademiyasında  Xalq rəssamı Arif Ələsgərovdan, reklamdan isə Etibar Nəzərovdan dərs almışam. Diplom işini müdafiə edərkən komissiyanın sədri Tahir Salahov və Ömər Eldarov olub.

 

– Hansısa bir ictimai əhəmiyyətli, cəmiyyətə sosial mesajlar verə bilən əsərləriniz olubmu?

– Bəli olub. Əl işimin birində “Sapı özümüzdən olan baltaları” – o vaxtkı hakimiyyəti göstərməyə çalışmışam.

Sərgidə yer tutan “Əlaqə” əsərimdə dünyanın xəritəsini təsvir etmişəm. Əlaqə kimi salamlaşma göstərməyə çalışmışam, yəni sülh. Düzü, sülh haqqında nə qədər danışılsa da, əsərlər çəkilsə də, dünyada sülh heç vaxt əldə olunmur. Çox təəssüf!

 

– Daha çox əsərləriniz fantaziyanızın məhsuludur, yoxsa baxıb çəkirsiniz?

– Əl işlərimin əksəriyyəti beynimin, ideyalarmın məhsuludur. Düzdü, baxıb çəkdiyim əsərlər də var, amma daha çox fantaziyalı əsərləri çəkməyi xoşlayıram.

 

– İndiyə qədər çəkmək istədiyiniz və çəkə bilmədiyiniz hansısa bir ideya, əsər varmı?

– Bəli var. Qubadlını – doğma yurdumu. O vaxt mən uşaq idim. Ona görə də doğulduğum yeri yaxşı xatırlaya bilmirəm və harasa da baxıb çəkmək istəmirəm. Sadəcə, canlı olaraq görüb çəkmək istəyirəm.

 

Söhbətləşdi : Elmir Ağayev

Qeyd: Müsahibimizin “Bacıoğlu” əsəri

 

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər