Dünyanın gözü ABŞ-da: bu gün ölkə yeni prezidentini seçir

731

Rəy sorğuları Baydeni Trampdan 7- 8 faiz irəlidə göstərir, hansı prezident dünya düzənini necə dəyişəcək – politoloqların şərhi…

Bu gün –  noyabrın 3-də ABŞ yeni prezidentini seçir. “Yeni Müsavat” xəbər verir ki, Donald Tramp və Co Bayden bir gün qabaq seçkinin nəticələrinə təsir göstərə biləcək mühüm ştatları ziyarət ediblər.

Tramp Miçiqan, Ayova, Şimali Karolina, Corciya və Florida ştatlarında kampaniya tədbirləri keçirib. Bayden isə Pensilvaniya ştatında Filadelfiya şəhərində keçiriləcək “Souls to Poll” tədbirində çıxış edib.

Ölkə üzrə keçirilən rəy sorğuları Baydenin Trampdan 7, ya da 8 faiz irəlidə olduğunu göstərir.

Türk yazar Hakan Çelikin təhlilinə görə, Trampın ən böyük “kozır”ı iqtisadiyyatdır. Qlobal şərtlərə və pandemiya dövrünün sarsıdıcı təsirlərinə rəğmən, amerikan iqtisadiyyatında durum bir çox ölkədən daha yaxşı görünür.

Son məlumatlara görə, ABŞ iqtisadiyyatı III kvartalda da böyüyüb. Tramp öz ölkəsində iş yerlərinin sayını artırmağı bacarıb.

Bayden isə ABŞ-ın oturuşmuş nizamının təsirli cəbhələriylə birlikdə media orqanlarının da dəstəyini alır. Media daha öncə görünməyən bir dil və intensivliklə Tramp əleyhinə mövqe sərgiləyir.

Polisin afroamerikalılara qarşı zorakılığı, cəmiyyətin qütbləşməsi, müxtəlif qalmaqallar və fərd olaraq aqressiv üslubdan istifadə etməsi Trampın çatışmazlıqları arasında yer alır.

Bununla birlikdə, Demokrat Partiyasının namizədi Co Baydenin daha öncə ABŞ vitse-prezidenti olarkən vəzifəsini sadəcə ortabab yerinə yetirməsi, yaşının çox olması, yaddaşı ilə bağlı ciddi şübhələrin olması və ailə üzvlərinin dövlətlə əlaqədar məsələlərdə mənfəət münasibətləri qurması onu çətinə salacaq mövzular olaraq göstərilir.

Çox maraqlıdır ki, aşkar üstün tərəf yoxdur. Bundan əvvəlki seçkidə heç kəs Trampın qələbə qazanacağına inanmırdı və Hillari Klintonu prezident görürdü. Amma dəlisov Tramp dünyanı şoka sala bildi. Bu dəfə necə olacaq?

Azad Məsiyev: “Güclü deyilsənsə…” » www.tezadlar.az

Politoloq Azad Məsiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, ABŞ hazırda təlatüm yaşayır. Onun fikrincə, Trampın siyasətinə amerikalılar tərəfindən birmənalı baxış yoxdur.

“Ona görə kimin üstün olacağını söyləmək çətindir. Hesab edirəm ki, bununla belə, Trampın nüfuzu var və təbliğat kampaniyasını uğurlu həyata keçirib. Onun qalib gəlmək şansları yüksək görünür.

Eyni zamanda bizim üçün də Tramp qəbul edilən prezidentdir. Onun dövründə Bakı-Vaşinqton münasibətlərində gərginlik olmayıb.

Bayden isə Ermənistana dəstək verəcəyini söyləyir. Ola bilsin ki, seçkiqabağı vəd verir. Lakin hər halda, Tramp daha münasibdir”, – deyə A.Məsiyev belə şərh etdi.

Analitik hesab edir ki, Baydenin qalib gəlməsi ilə dünyada gərginlik daha da arta bilər: “Dünyada iki supergüc var – ABŞ və Rusiya. Hər ikisi öz maraqları uğrunda mübarizə aparır.

Əgər Bayden qalib gəlsə, siyasi gərginlik artacaq. Tramp Rusiyaya daha loyal yanaşırdı. NATO Rusiyanın sərhədlərinə doğru irəliləməkdə maraqlıdır.

Bu da Moskva üçün təhdiddir. Kremlin qulağının dibindəki Belarus hadisələri də göstərdi ki, Qərb dövlətləri və ABŞ Minski Moskvadan qoparmaq istəyirdi. Ona görə Bayden Demokratların namizədidir və onun qələbəsi ilə dünyada strateji mübarizədə gərginlik genişlənəcək”.

Siyasi şərhçi Ramiyə Məmmədova isə güman edir ki, sürpriz baş verməyəcək və Tramp ikinci dəfə Ağ Evin sahibi olacaq.

Onun fikrincə, Bayden Çin və Rusiya siyasətində radikal xətt götürə bilər ki, bu da ABŞ-ın rəqibləri ilə münasibətləri daha da gərginləşdirər.

Ekspert Trampın dünya üçün ən münasib ABŞ lideri olduğunu düşünür: “Artıq 90 milyondan çox amerikalının səs verdiyi bildirilir. Təbii ki, əhalinin böyük hissəsi mövqeyini bildirməyib.

Amerikalılar Trampdan narazı deyildi. Pandemiya və afroamerikalılarla bağlı yaşananlar işləri korladı. Bayden isə bu cür zəif həlqələri onun əleyhinə çevirməyə çalışıb.

Pul və gəlirli iş haqda düşünən sadə amerikalılar üçün biznesmen Tramp daha yaxşı siyasətçidir. Demokratlar isə amerikalıların əsəblərini tarıma çəkməklə, xarici xərcləri artırmaqla məşğuldurlar.

Trampın dövründə müdafiə xərcləri azalıb, Əfqanıstan və İraq üçün böyük pullar sərf edilmir, Amerikada çoxlu iş yerləri açılıb.

Ən əsası ABŞ-ın yəhudi komitəsi və dünyanın “dərin dövlət” deyilən qüvvələri Trampı dəstəkləyirlər. Onun Qüdsü İsrailin paytaxtı kimi tanıması ABŞ-da güclü yəhudi lobbisindən dəstək alması ilə nəticələnib”.

Trump vs. Biden: Senility becomes 2020 flashpoint - Axios

Politoloqun sözlərinə görə, Tramp seçicilərə xəbərdarlıq edərək deyib ki, Demokratlar “sol qanad bandasıdır”, vergiləri qaldıracaq, daha bir karantin elan etməklə iqtisadiyyatı çökdürəcəklər.

“Bayden isə iqtisadiyyatı qapatmamaqla virusu məğlub edəcəyini bildirir. 90 milyondan çox amerikalının artıq səs verməsinə baxmayaraq, Tramp dəfələrlə heç bir dəlil gətirmədən iddia edib ki, poçtla səsvermədə saxtakarlığa yol verilə bilər.

Pensilvaniya daxil olmaqla bir sıra ştatların rəsmiləri poçtla göndərilən bülletenlərin sayılmasına günlərlə vaxt lazım olacağını deyiblər.

Son günlər Tramp xəbərdarlıq edib ki, seçkidən dərhal sonra qalib bilinməsə, xaos yarana bilər.

Onun fikrincə, nəticəni aydınlaşdırmaq həftələrlə çəkə və bu arada “çox pis şeylər” baş verə bilər”, – deyə R.Məmmədova vurğuladı.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər