Onların fəaliyyətini ləğv etmək əvəzinə tənzimləmək daha optimal variantdır
Bakının bir çox ərazilərində Bakıətrafı qəsəbələrə sərnişindaşıma ilə məşğul olan “1 manatlıq taksi”lərin fəaliyyətinə məhdudiyyət qoyulub. Bakı Nəqliyyat Agentliyi və Dövlət Yol Polisi tərəfindən müvafiq tədbirlər görülür.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov mətbuata açıqlamasında bildirib ki, Sumqayıtdan Bakıya və Bakıətrafı digər ərazilərdən şəhərin müxtəlif metro stansiyalarına hər sərnişinə görə 1 manat müqabilində (toplam dörd sərnişin) qeyri-qanuni yolla sərnişin daşıyan taksilərin sayı artmaqdadır.
Onun sözlərinə görə, “bir manatlıq taksi” adı altında sərnişin daşıyanlar şəhər sakinlərinin təhlükəsizliyi baxımından ciddi narahatlıq doğurur və məsələ ilə bağlı tədbirlər görüləcək: “Sürücülər ”çörək pulu” qazanmaq adı ilə bu variantlara əl atırlar, lakin taksi fəaliyyəti qanun çərçivəsində həyata keçirilməlidir. Daxil olan məlumatlardan da görünür ki, bu tendensiya paytaxtın müxtəlif ərazilərində artmaqdadır. Bəzən “1 manatlıq” taksi fəaliyyəti ilə məşğul olan sürücülərin qeyri-etik davranışları, dayanma-durma qaydalarını pozması və bəzən avtomobili sərxoş halda idarə etməsi faktları var”.
Bu proses sözügedən ərazilərdə bir qədər səliqə-sahman yaratsa da, həmin taksi fəaliyyətindən istifadə edən sərnişinlər çətin vəziyyətdə qalıb. Çünki Bakıətafı şəhər və qəsəbələrə işləyən ictimai nəqliyyatın vəziyyəti də məlumdur.
Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirdi ki, BNA heç kimin fəaliyyətini məhdudlaşdırmır, sadəcə, qanunsuz parklanmaya qarşı tədbirlər görür: “BNA sürücülərin dayanma və durma qaydalarına əməl etməsini təşkil etməklə məşğuldur. Hazırda 20 Yanvar dairəsi ətrafında taksi duracaqları var. Və mümkün olduğu qədər də təşkil edilməsi üçün iş aparılır. Amma bir məsələ var ki, bu gün ”20 Yanvar” və digər yerlərdə taksi fəaliyyəti adı altında sərnişindaşıma ilə məşğul olanların əksəriyyəti qanunsuzdur. Onların taksi xidməti göstərən avtomobilləri mövcud tələblərə cavab vermir. Digər bir yandan, 20 Yanvar dairəsində əsas problem Sumqayıt-Bakı marşrutu üzrə gedənlərdir. Şəhərlərarası sərnişindaşıma üçün isə avtovağzal var. Bundan başqa, Bakıətrafı kənd və qəsəbələrə işləyən xətlər optimallaşır avtobus parkı yenilənir. Bunun özü də öz növbəsində bir manatlıq dediyimiz taksilərin aradan qalxmasına təsir edəcək”.
Yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu qurumların yanaşması normal deyil: “Taksi fəaliyyəti ilə məşğul olmaq üçün o qədər şərtlər və tələblər qoyulub. Bu insanların əksəriyyəti o şərtlər çərçivəsində fəaliyyət göstərir. Onları belə gözümçıxdıya salmaq da düzgün yanaşma deyil. O insanlar özləri-özlərini iş yeri ilə təmin ediblər. Bir dəfə Gürcüstanın keçmiş prezidenti Saakaşviliyə sual vermişdilər ki, taksi fəaliyyəti ilə məşğul olanları niyə vergiyə cəlb etmirsiniz. O cavab vermişdi ki, mən onları işlə təmin etməmişəm axı, necə vergi tətbiq edə bilərəm. Onlar özləri iş yeri açıblar. Əksinə, biz onlara şərait yaratmalıyıq. Dövlət də onlar üçün şərait yaratmalıdır. Mən başa düşürəm ki, 20 Yanvar dairəsində, ”Şamaxinka” deyilən ərazidə, “Memar Əcəmi” metro stansiyası ətrafında yer yoxdur. Vaxtilə icra hakimiyyətləri buranı metr-metr obyektlərə, tikinti şirkətlərinə satıb. İndi də şəhərsalma üçün normal şərait yoxdur. Taksi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə fərqlənmə nişanını verirlər, ancaq onların normal fəaliyyət göstərməsi üçün şərait yaradılmır”.
Ekspert onu da etiraf etdi ki, bir çox taksi sürücüləri həqiqətən sözügedən ərazilərdə biabırçı vəziyyət yaradıblar: “Lazım olandan daha artıq taksi oraya yığışır, ikinci və üçüncü cərgəni zəbt edirlər. Bəzən onlar özləri bu biabırçılığı yaradırlar və dövlət qurumlarını da məcbur edirlər ki, onlar barədə tədbir görsün. Tədbir görəndə də hay-küy salırlar ki, bizi işləməyə qoymurlar. Axı siz də normal işləmirsiniz. İkinci və üçüncü cərgədə dayanmaq olmaz. Taksi sürücülərinin fəaliyyətinə nəzarət mexanizmi olmalıdır, onları özbaşına buraxanda xaotik mənzərə yaranır. Bir dispetçer xidməti onları tənzimləsə, hər taksi duracağında bir dispetçer taksilərin fəaliyyətini nizamlasa, normal işləyəcəklər. Sərbəst fəaliyyət bizdə həmişə xaotik vəziyyət yaradır. Ümumilikdə isə onları kəsib atmaq normal yanaşma deyil”.
Problemin səbəblərinə toxunan E.Muradlının sözlərinə görə, ictimai nəqliyyat normal vəziyyətdə olmadığına görə insanların 1 manatlıq taksilərə tələbatı artır: “Bakıətrafı kənd və qəsəbələrə normal avtobus və marşrut təmin olunsa, keyfiyyətli xidmət göstərən, düzgün intervalla işləyən ictimai nəqliyyat təmin olunsa, 30 qəpiklik yolu hansı ağılsız insan 1 manata gedər. Yalnız pulu çox olanlar taksiyə minəcək. Ancaq bu gün 500 manat maaş alan insan uşağını məktəbə gətirərkən, bağçaya gətirərkən avtobusa basabasa necə minsin. Qadınlar öz abır-ismətlərini qorumaq üçün basabasa minmirlər, çünki hamı bir-birinin qucağında olur. Yaşlı insanlar görür ki, avtobusa minsə boğulub öləcək. Məcbur olub 1 manatlıq taksiyə minir. Axı bu avtobusları da həmin qurumlar yaradıb, vaxtilə nəqliyyat nazirliyi və digər qurumlar. İndi isə həlli çətin görünür. Bu qurumlar taksi sürücülərinə təşəkkür etməlidirlər ki, bizim yükümüzü siz çəkirsiniz. Bunun yerinə onların fəaliyyətinə xətt çəkirlər. O taksi sürücüləri arasında narkomanlar, sürücülük hüququ olmayanlar var, məhkumluğu olanlar var. Yaxınlaşıb irad bildirəndə ”lezva” çıxarıb qolunu doğrayanlar, Qarabağ əlillərinin adından istifadə edənlər var. O insanları kənarlaşdırmaqla normal taksi xidməti qurmaq olar. Ancaq bunun üçün orada müəyyən obyektləri dövlət kompensasiya verərək sökməlidir. Vaxtilə icra başçıları milyonlarla manat pul alaraq, o obyektlərin tikintisinə icazə veriblər. Həmin adamları məcbur etmək lazımdır ki, bu pulları qaytarsınlar və həmin ərazi təmizlənsin. Məsələn, Yasamal rayonunun keçmiş icra başçısı ilə bağlı düzgün araşdırma aparılsa, o adam həbs edilməlidir. Qanunvericilikdə qeyd olunub ki, piyada səkisini satmaq, orada qanunsuz fəaliyyətlə məşğul olmaq cinayət məsuliyyətidir. “20 Yanvar” metro stansiyası yaxınlığında, “Azərsu”nun binası ilə üzbəüzdə piyada səkisi var idi, ətrafı ağaclıq idi. Ağacları da kəsdilər, indi orada ticarət obyektləri, dönər, “peraşki” dükanları fəaliyyət göstərir. Hamısını Yasamal rayonunun keçmiş icra başçısı edib. Yollarda xaotik vəziyyətin yaranmasının bir səbəbi də həmin obyektlərdir”.
Ekspert vurğuladı ki, boş və münasib ərazilər taparaq, taksilərə təklif etmək lazımdır: “Məsələn, köhnə avtovağzal yaxınlığında, ”Velotrek”in ərazisi, ətrafdakı ərazilər sahibkarların icazəsi ilə taksilər üçün təşkil edilə bilər. Həmçinin ətrafdakı binaları kompensasiya ödəməklə köçürmək olar. Ancaq bu, dövlətə milyonlarla vəsait hesabına başa gələcək. Vaxtilə məsuliyyətsiz məmurlar o yerləri su qiymətinə satdılar. Sabiq nəqliyyat naziri Ziya Məmmədov “20 Yanvar” dairəsində o körpünü tikdirəndə bir çox məsələni nəzərə almadı, şaxələnməni nəzərə almadı. İndi körpünün üstündə maşın yoxdur, altında isə tıxacdır. Körpüdən bir qanad ayırıb “Şamaxinka”ya , birini “Azərsu”nun qarşısına vermək olardı. Oradan “20 Yanvar” dairəsinə daxil olmadan birbaşa Şərifzadə küçəsinə çıxmaq olardı. Bu kimi məsələlərə fikir verilmədi. Bu körpü ya yenidən tikilməli, ya da əlavə qanadlar açılmaq üçün milyonlarla vəsait xərclənməlidir, yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılmalıdır. Onların töküb getdiyi zir-zibili bu gün yığışdırmaq mümkün deyil”.
Nərgiz LİFTİYEVA,
“Yeni Müsavat”