Səfər zamanı Azərbaycan və Çin şirkətləri arasında müxtəlif istiqamətlər üzrə ümumi dəyəri 821 milyon dollar olan 10 sənədin imzalanması bu niyyətin nə qədər ciddi olduğunu göstərir. Hazırda Azərbaycan 43 faiz payla Çinin Güney Qafqazdakı əsas ticarət tərəfdaşıdır. Bu günə qədər Çin investorları ölkəmizə 800 milyon dollardan çox sərmayə yatırıblar. Bizim Çin iqtisadiyyatına qoyduğumuz investisiyaların həcmi isə 1 milyard 700 milyon dollara bərabərdir. Bunlar iki ölkənin münasibətlərinin səviyyəsini göstərən kifayət qədər ciddi rəqəmlərdirlər. Amma ən yaxın gələcəkdə həmin rəqəmlər xeyli artacaqlar.Çünki Azərbaycan Çinin həyata keçirdiyi ən önəmli qlobal layihələrdən olan “Bir kəmər, bir yol” təşəbbüsünə dəstək göstərən ilk ölkələrdən biridir. Bu dəstək ölkələrimizin arasındakı iş birliyini praktik olaraq, strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəldib.
Çinin qlobal iqtisadi siyasətindən danışanda vacib bir Şərq özəlliyini nəzərə almaq lazımdır. Bu nəhəng ölkə planetdəki geosiyasi maraqlarını da incə iqtisadi metodlarla təmin edir, Qərb dövlətləri – məsələn, ABŞ kimi,- sərt siyasi yollarla yox. Yəni Çinin qlobal siyasətini təhlil edəndə iqtisadi maraqların harada bitib, geosiyasətin harada başladığını göstərmək mümkün deyil. Belə bir xətt heç yoxdur da. Ona görə də, Azərbaycanın “Bir kəmər, bir yol” təşəbbüsünə ilk dəstək verən dövlətlərdən olması həm də böyük geosiyasi əhəmiyyətə malik idi. Və Çin bu dəstəyi adekvat qiymətləndirir. Bunu İlham Əliyevlə görüşündə Çin Xalq Respublikasının sədri Si Cinpinin dediyi sözlərdən də duymaq mümkün idi: “Cənab Prezident, Siz Çin xalqının çoxdankı dostusunuz, Çin-Azərbaycan münasibətlərinin və bütün sahələrdə əməkdaşlığın inkişafı üçün şəxsən daim səy göstərirsiniz. Mən bunu yüksək qiymətləndirirəm və Sizinlə sıx əlaqə saxlamağa, ikitərəfli münasibətləri birlikdə sağlam məcrada inkişaf etdirməyə hazıram”.
Dünyanın ikinci böyük iqtisadiyyatına malik bir dövlətin Azərbaycanı bu cür dəyərləndirməsi kifayət qədər ciddi mətləblərdən xəbər verir. Bu, onu göstərir ki, böyük geosiyasi güclər ölkəmizlə tərəfdaşlıqda, strateji münasibətlər qurmaqda maraqlıdırlar. Əgər Qərbə boylananda bu güc “Cənub Qaz Dəhlizi” ilə enerji təhlükəsizliyində vacib rol oynamağa başladığımız Avropa Birliyidirsə, Şərqdə verdiyimiz dəstəklə qlobal layihəsini reallaşdırmağa kömək etdiyimiz Çindir. Onların nəzərində Azərbaycan elə bir müttəfiqdir ki, birlikdə gələcəyə yönəlmiş böyük, strateji planların üzərində işləmək olar.
Çünki ölkəmiz həqiqi mənada müstəqil olduğundan, milli maraqlarına cavab verən tərəflərlə sona qədər sabit, etibarlı əlaqələri davam etdirir. “Bir kəmər, bir yol” isə elə bir qlobal layihədir ki, onu reallaşdırmaq üçün həm başqa güc mərkəzlərindən asılı olmadan müstəqil qərarlar verən, həm yaxşı nəqliyyat infrastrukturuna malik, həm də böyük layihələrin reallaşdırılması təcrübəsi olan dövlətlərlə əməkdaşlıq edilməlidir.Azərbaycan məhz belə dövlətdir. Ona görə üç il öncə rəsmi Bakının verdiyi dəstək, yəni, Çin “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumunun imzalanması Pekinin öz qlobal ideyasını həyata keçirə bilməsi üçün bu qədər önəmli idi.
Azərbaycanın iki nəqliyyat dəhlizinin kəsişməsində yerləşməsi bizim Çin üçün önəmimizi daha da artırır. Amma geosiyasətdə olan məşhur ifadə ilə desək, coğrafiya – taledir, tale isə böyük işlər görmək üçün kifayət deyil. Əgər Azərbaycan vaxtilə Transxəzər nəqliyyat dəhlizini inkişaf etdirməsəydi, bu gün Çinin yenilənmiş İpək yolunun taleyi də çətinə düşəcəkdi. Amma biz Xəzərdə güclü nəqliyyat donanması yaratmaqla bunu bacarmışıq. Prezident İlham Əliyevin forumda dediyi kimi, coğrafi mövqeyimizdən bəhrələnərək Asiya ilə Avropa arasında körpülərin qurulmasına investisiya yatırdıq. Nəticədə, açıq dənizə çıxışıolmayan ölkə olmağımıza baxmayaraq, biz Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirmişik. Bu, doğrudan da böyük nətcədir.
Azərbaycanın ilk ölkələrdən biri olaraq qoşulduğu Təşəbbüsü hazırda 150 ölkə dəstəkləyir ki, bu da praktik olaraq onun bütün dünyanı əhatə etdiyini göstərir. Demək, Azərbaycan artıq regional səviyyədən qalxaraq, dünya miqyaslı layihələrdə həlledici rol alan, buna görə qlobal güclərlə tərəfdaşlıq edən bir dövlətə çevrilib.