Əkrəm Zeynallı: “Beynəlxalq ictimaiyyətdə bu faciə barədə məlumatsızlıq mövcuddur”

1361

Xocalı faciəsinin ildönümü ilə əlaqədar Çinin paytaxtı Pekində anım mərasimi keçirilib.

AzərTAc xəbər verir ki, Çin ziyalılarının, tələbələrin, ictimaiyyət nümayəndələrinin, diplomatik korpusun təmsilçilərinin, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlıların, Pekində fəaliyyət göstərən əcnəbi jurnalistlərin qatıldığı tədbirdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Azərbaycan xalqının əsrlərboyu bir sıra ciddi sınaqlardan keçdiyini diqqətə çatdıran ölkəmizin Çindəki səfiri Əkrəm Zeynallı 1991-ci ildə yenidən müstəqilliyinə qovuşan Azərbaycan xalqının ağır və faciəli anlar yaşadığını bildirib. Yenicə müstəqillik əldə etmiş Azərbaycanın ilk sınağı torpaqlarının bir hissəsinin qonşu Ermənistan tərəfindən hərb yolu ilə işğal edilməsi və bir milyondan çox qaçqın və məcburi köçkünün yaranması idi. Lakin 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə yaşanan Xocalı faciəsi bu sınaqlardan ən çətini olub.

Səfir Ə.Zeynallı bildirib ki, mühasirədə olan şəhərdə bir gecədə əhali xüsusi amansızlıqla məhv edilib, əsir götürülüb və ya ağır yaralanıb. Bu hadisə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixində bir gecədə ən çox mülki adamın erməni silahlıları tərəfindən öldürülməsi idi.

Təəssüflə vurğulanıb ki, beynəlxalq ictimaiyyətdə bu faciə barədə məlumatsızlıq mövcuddur. O dövrdə münaqişə bölgəsinə ezam olunmuş tanınmış xarici mətbuat nümayəndələri bu qanlı hadisəni dünya ictimaiyyətinin diqqətinə çatdırsa da, lazımi hüquqi qiymət hələ də verilməyib. Məhz bu səbəbdəndir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə beynəlxalq ictimaiyyətin məlumatlandırılması üçün “Xocalıya ədalət” kampaniyasına start verilib. Artıq bir neçə ölkənin parlamenti bu faciəni törədənləri qınayan bəyanatlar və sənədlər qəbul ediblər. Xocalı faciəsi Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Qvatemala, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Paraqvay, Rumıniya, Sloveniya, Sudan və Cibuti, o cümlədən ABŞ-ın 24 ştatı və 57 ölkəni təmsil edən İslam Əməkdaşlıq Təşkilatı tərəfindən rəsmən tanınıb.

Səfir Ə.Zeynallı vurğulayıb ki, faciəni anmaq və müvafiq hüquqi qiymət verməklə, günahkarları cəzalandırmaqla bu cür hadisələrin gələcəkdə təkrarlanmasının qarşısını almağa nail ola bilərik.

Sonda Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr edilmiş anım konserti olub. Azərbaycandan olan musiqiçilər Samir Əsədov, Səbinə Rəhimova, Anar Əliyev, Orxan Cumayev və İradə Çumakovanın ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri səslənib

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər