“Mental dəyərlərimizdən irəli gələrək valideynlərimiz adətən övladlarına hüquqşünas, vəkil, hakim, polis olmağı tövsiyə edir. Ancaq o dövr geridə qaldı. Mühəndislik əsrində yaşayırıq. Bu gün sənayenin, texnikanın sürətli inkişafı peşəkar mühəndislərə ehtiyacı artırır”. Bu sözləri “Ekspress.az”a açıqlamasında karyera məsələləri üzrə ekspert, bu sahədə bir sıra araşdırmaların və “Karyera bələdçisi” kitabının müəllifi Eyvaz Qocayev deyib.
Onun sözlərinə görə, dünya bu istiqamətdə inkişaf edir. Ölkəmizin də inkişafı, iqtisadiyyatımızın şaxələnməsi, sənaye sahələrinin sayının artması, xüsusilə qeyri-neft sektorunda yeni istehsalat sahələrinin formalaşması ayrı-ayrı istiqamətlərdə ixtisaslaşmış, professional mühəndisləri tələb edir. A”li təhsil müəssisələri əmək bazarının bu tələbini nəzərə almalıdır”.
Ekspert bildirib ki, son dövrlərdə bir sıra ali təhsil ocaqları bu yöndə addımlar atır: “Məsələn, bu yaxınlarda Qərbi Kaspi Universitetində olduq. Burada Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi yaradılıb, müasir laboratoriya və mərkəzlər qurulub. Hiss olunur ki, universitet peşəkar mühəndislərin hazırlanmasını qarşısına məqsəd qoyub. Hazırda Texnopark qururlar. Belə bazanın yaradılması alqışlanmalıdır. Humanitar sahələrdə mütəxəssislər yetişdirməklə yanaşı, yaxşı ənənələri, proqram, kadr və maddi-texniki bazası olan ali təhsil ocaqlarının mühəndislik sahələrinə də diqqət ayırması, bu sahədə kadr hazırlığı həyata keçirməsi iqtisadiyyatımız və gənclərimiz üçün çox faydalı olar”.
Ekspress.az, Murad MƏMMƏDLİ