El adamı – elin adamı

1141

Yarım əsrdən artıq rəhbər vəzifələrdə işləmiş, tanınmış ictimai-siyasi xadim, el ağsaqqalı Muradxan Cabbarovun xatirəsinə ehtiramla

O illərdə Vətən kəlməsinin yozumu ayrı biçimdə, ayrı anlamda olsa da, Zəngilan adlı genişdən də geniş bir dünyam vardı. Ən gözəl meşələriylə, ən sərin bulaqlarıyla, ən gur axan çaylarıyla, dərəsiylə, dağıyla, seyrangah oylaqlarıyla-yaylaqlarıyla dünyanın gözəllik bircəsiydi Zəngilanım. Gördüklərini gözlərinə köçürmək üçün Araz çayı buralardan yavaş axardı elə bil. Onda cavanıydım. Mən də təhsilimin, düşüncələrimin, dünya duyumumun zərrə işığını Zəngilanın bu günündən sabahlarına aparası yola sərməyin təşnəsiydim.

Bəzən qəribə, yozumu düyünə düşən “niyə”lərlə baş-başa qalanda qürurumun göylərində Allahsız yellər əsərdi. Atamın öyüdlərinin, anamın deyimlərinin, müəllimlərimin öyrətdiklərinin qətiyyətinə söykənib, “Bu “niyə”lərə bac vermərəm!”, – deyərdim. Düşüncələrimin tünlüyünü “Dünya xali deyil” deyimi çilikləyərdi…

Mənim də həyatımda taleyimə çökməyə meyllənən qaranlıqları qətiyyətiylə əridən xeyirxahlar olub, onlardan biri də Muradxan Cabbarov idi…

Muradxan Mahmud oğlu Cabbarov 1926-cı il mayın 5-də Laçın rayonunun Kərəviz kəndində anadan olmuşdu. Təbiətə vurğunluğu bununla bağlıymış bəlkə də – ecazkarlığa saatlarla baxardı, nə gözləri doyardı, nə də könlü…

Hərbi xidmətdə olanda da, Bakı Ali Partiya Məktəbində təhsil alanda da könül dünyası torpaqdan iraq düşməyib. Həmişə deyərmiş ki, torpaq – Vətəndir, illər Vətənindən aralı düşənlərin ömrünə qəhqəhə çəkir. Bu kəlam atalar sözü qədərincə sevilib, indi də sevilir.

Həm torpağa, həm də təsərrüfata belə vurğunluğun nəticəsi idi ki, Muradxan müəllim Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunu da bitirmişdi. Laçın rayon Komsomol komitəsində şöbə müdiri, ikinci katib, birinci katib, Laçın rayon Partiya Komitəsinin II katibi, rayon Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədri, Laçın və Zəngilan rayon Partiya komitələrinin birinci katibi, Laçın rayon İcra Hakimiyyətnin başçısı – həsəd aparılası tərcümeyi-haldır. Onu yaxından tanıyanlar deyir ki, Muradxan Cabbarov el adamı olub. Mənə elə gəlir ki, əqidəsi, amalı, insansevərliyi çoxlarına örnək olmuş Muradxan Cabbarov həm də elin adamı olub. Təbiətən ağır və sanballı kişi idi. Diqqətcil və işgüzar idi. Sözün əsl mənasında, Muradxan Cabbarov kimi insanlar Azərbaycan xalqının xəzinəsi və sərvətidir.

Muradxan Cabbarov Zəngilan Rayon Partiya Komitəsinin birinci katibi olanda kəndləri gəzir, camaatla söhbətləşir, təsərrüfat rəhbərlərinin, keçmiş partiya, Sovet və komsomol orqanlarında işləyənlərin, əmək və müharibə veteranlarının məsləhətlərini diqqətlə dinləyirdi. Bunlar xalqa böyük ümidlər verirdi: rayonun bütün problemləri həll olunacaq…

Hərbi xidmətdə partiya sıralarına daxil olmağımla bağlı bütün sənədləri – hərbi hissənin verdiyi xasiyyətnaməni, təqdimatı, yüksək rütbəli zabitlərin verdiyi zəmanətləri diviziyanın siyasi idarəsi təsdiqləmişdi. Bu sənədlərə rayon partiya komitəsinin razılığı ilə ilk partiya təşkilatında baxılmalıydı, partiya sıralarına qəbul olunmağıma razılıq verilməliydi. Rayon partiya komitəsinin təşkilat şöbəsinin müdiri Rzaxan Rzayev bu sənədlər əsasında partiya sıralarına qəbul olunmağımın mümkünsüzlüyünü bildirdi, bu azmış kimi, həm də birinci katibin qəbuluna düşməyimə mane oldu; arxam-dayağım ümidim idi, bir də xarakterimi formalaşdıran həqiqət, haqq-ədalət naminə inadkarlığım.

Kim nə deyir-desin, həqiqətin dünyanın 39 qapısına qıfıl vurula bilər, açarı da it-bata salına bilər, ancaq 40-cı qapısı qıfıl, kilid saxlamaz. Əməlisalehlər bunu Tanrının bəşərə lütfü bilir…

Rayon Partiya Komitəsinin binasının qarşısında gəzişir, var-gəl edir, vaxt öldürür, qəbula yazılma vaxtını gözləyirdim. Qəflətən birinci katibi gördüm – hamının “yoldaş Cabbarov” dediyi Muradxan Cabbarovu! Ayaq saxladım ki, ötüb-keçsin. Bu, olduqca diqqətcil adam olan birinci katibin nəzərindən yayına bilməzdi. Dayandı, salam verdi. Kimliyimlə maraqlandı. 15 dəqiqədən sonra Rzaxan Rzayevlə birlikdə qəbuluna gəlməyimi tapşırdı.

Muradxan Cabbarov sənədlərimi diqqətlə nəzərdən keçirdi. Mənə, sonra Rzaxan Rzayevə baxdı. Qaşları düyünləndi. Az qala nəfəs dərmədən nə deyəcəyini gözləyirdim. Rzaxan Rzayevə müraciətlə:

– Müəllimin işlədiyi məktəbinin ilk partiya təşkilatında baxılsın, sənədlər büroya hazırlansın, – dedi.

Nə danım, sevincdən gözlərim doldu…

Lakin insaf qıtlığı səhərisi gün sevincimi çiliklədi – Rzaxan Rzayev yenə dedi ki, bu sənədlərlə sənin partiya sıralarına qəbul olunmağın mümkün deyil…

Xeyirxahlar… Yenə xeyirxahlar… Məni yaxından tanıyanlar (və birinci katiblə ünsiyyəti olanlar) məsələni Muradxan Cabbarova çatdırıbmış. “Haqq əmək itirməz” – el məsəli həmişə ümidlərimin işığı olub. Rusiyada, Azərbaycandan min kilometrlərlə uzaqda tanımadığım rus zabitləri mənə – əsgərə olduqca səviyyəli ehtiram göstərirdi, doğma Zəngilanımda isə rayon partiya komitəsinin “dördüncü adamı” bilmədiyim səbəblərə görə ədalət qapısını qıfıllamaq istəyirdi. Məni yaxından tanıyan həqiqətsevərlərin qətiyyətiylə yenidən Muradxan Cabbarovun qəbuluna düşə bildim.

Muradxan müəllim məni səmimi qarşıladı. Əsəbiləşdiyini büruzə vermədən dinlədi. Alnını ovuşdurdu. Hardan biləydim ki, belə anlarda zaman ləng ötüşür; belə məsələlərlə məşğul olan təşkilat şöbəsinin müdirini deyil, həmin şöbənin təlimatçısı Əşrəf Şükürovu çağırdı. Hər hansı çətinlik yaranarsa, birinci katibin adından yerindəcə həll etməsini tapşırdı…

Mənim partiyaya üzv olmaq məsələm avqust ayında siyasi-maarif kabinetinin müdiri, rayon partiya komitəsində partiya komissiyasının sədri Xuduş İsgəndərovun iştirakı ilə Zəngilan şəhər 1 nömrəli orta məktəbinin ilk partiya təşkilatında müzakirə edildi…

Mən partiya sıralarına qəbul olundum – Zəngilan Rayon Partiya Komitəsinin birinci katibi Muradxan Cabbarovun haqq-ədalət naminə xeyirxahlığıyla. “Mən haqqın-ədalətin adamıyam. Mənim arxam-dayağım hamıdan güclüdür”, – deyirdim. Dostlarım əlimi sıxanda bu fikri xatırlatdılar: “Sənin adamın həqiqətən də hamıdan güclüymüş”.

“Ömür yolunun başlanğıcı ömür yolumun başlanğıcına bənzəyir, Bayram müəllim. Həqiqətə çatınca usanmaq acizlikdir. Bundan sonra da mübariz ol”, – dedi. Ömür yolunun bənzərliyinin nədən ibarət olduğunu sonralar bildim; Muradxan Cabbarov da partiya sıralarına hərbi xidmətdə qəbul olunubmuş.

Aradan həftələr keçdi. Bir gün məni dərsdən direktorun otağına çağırdılar. Dedilər ki, gözlə, indi səninlə danışacaqlar. Kim? Nə olub görəsən? Mən ki kimsənin bostanına daş atmamışam, kimsənin yanında “artıq-əskik” danışmamışam. Anlar ötüşdükcə gümanlar ürəyimi üzürdü.

Muradxan Cabbarov idi! Halımı soruşdu, işimlə maraqlandı, “Gənc kommunistin problemləri yoxdur ki?” – soruşdu…

Məktəbin direktoru, dərs hissə müdiri mənə baxırdı, mən göylərə…

Bir ay keçdi.

Dərsdəydim. Qəflətən qapı açıldı. Məktəbin direktoru idi, bir də Rayon Partiya Komitəsinin birinci katibi Muradxan Cabbarov! Dərsin gedişiylə maraqlandı. Şagirdlərin dərsləri necə mənimsədiklərini soruşdu. Şagirdlərə bir neçə sual verdi, cavablardan razılıqla gülümsündü və mənə sarı baxdı: “Həqiqətin qılıncı iti olur. Belə də davam et” – dedi…

Rayon Partiya Komitəsinin birinci katibi Muradxan Cabbarovun xeyirxahlığı bununla tamamlanmadı. Necə deyərlər, bu insansevər insan üçün xeyirxahlıq baxımından limit yox idi…

1980-ci il noyabr ayının birinci həftəsinin əvvəlində rayon komsomol komitəsinin birinci katibi Vəli Quliyev mənə dedi ki, yoldaş Cabbarov rayon komsomol komitəsinin idman və kütləvi-müdaflə işləri şöbəsinin müdiri vəzifəsinə namizədliyinə razılıq  verib. Sabah saat 11-də birinci katibin qəbulunda olmalıyıq…

Muradxan Cabbarov təcili Bakıya getməliymiş. Hər ikimizi qəbul edib telefonla ikinci katib Musa Cəfərovu kabinetinə çağırdı:

– Mən təcili Bakıya gedirəm. Bayram Məmmədovun yaxşı kadr olacağına inanıram. Mən bu gənc oğlanın komsomolda şöbə müdiri vəzifəsinə irəli çəkilməsinə razılıq vermişəm, Mərkəzi Komitəyə göndəriləcək məktubu imzalamağınıza icazə verirəm. İdeoloji sahəyə cavabdeh kimi birlikdə daha çox işləyəcəksiniz, – dedi…

Beləcə, Zəngilan Rayon Partiya Komitəsinin birinci katibi Muradxan Cabbarovun xeyirxahlığı, insansevərliyi ilə mən rayon komsomol komitəsində şöbə müdiri vəzifəsinə irəli çəkildim. Bu etimad gələcəkdə peşəkar kadr kimi formalaşmağımda, uzun illər müxtəlif sahələrdə rəhbər vəzifələrdə işləməyimdə möhkəm bünövrə və əsas məktəb oldu.

Bir neçə ildən sonra birinci katib mənə yüksək təsərrüfat vəzifələri təklif etdi. Mən təşəkkürümü bildirdim, o vəzifələrdə işləmək istəmədiyimi deyəndə qaşları çatıldı, maraqla, bir qədər də heyrətlə üzümə baxdı, yəni niyə?

– Bu vəzifələr mənim ixtisasıma uyğun deyil, yoldaş Cabbarov. Mən sizin yaddaşınızda yarıtmaz işçi kimi qalmaq istəmirəm, – dedim.

Məni maraqla süzdü. Harasa zəng etmək istədi. Niyəsə fikrindən daşındı.

– Yaxşı vətəndaş olmaq üçün təhsil o qədər də əhəmiyyətli deyil. Sən yaxşı təhsil alıbsan, dünyagörüşün də genişdir. Sənin taleyində zərrə qədər də olsa işığım varsa, özümdən razı olmağa haqqım var. Kadr olaraq səni unutmayacağıq. Get, uğurlar arzulayıram, – dedi…

…Saratov Ali Partiya Məktəbində təhsil alırdım. Yay tətili olduğuna görə rayonda idim. Laçınlı tələbə dostlarım Hüseyn Naibov və Güloğlan İsgəndərov mənimlə görüşməyə gəlmişdi. Qayıdanda ciddi təkidlə məni də Laçına apardılar. Söhbət zamanı məlum oldu ki, Muradxan Cabbarov Laçın şəhər sovetinin sədridir. Nostalji duyğular ürəyimi bürüdü. İllərin o üzündə qalan xatirələr könlümü telləndirdi. Onunla görüşmək qərarına gəldim.

Qəbul otağında katibə bildirdi ki, idarə-müəssisə rəhbərləri ilə göruş keçirilir, tezliklə başa çatacaq. Gözləməyi qərara aldım. Həqiqətən toplantı tez qurtardı. Katibə Zəngilandan kimin gəldiyini, onunla görüşmək istədiyini bildirib. Katibə məni kabinetə dəvət etmədi, gözləmədiyim halda Muradxan Cabbarov özü girişdə məni qarşıladı. Səmimiyyətlə görüşdük. Bu mehribanlıq təkcə Zəngilan amili ilə bağlı deyildi, həm də  müəyyən mənada, ustad-şagird münasibəti vardı bu görüşün səmimiliyində. Kabinetdə xeyli söhbətləşdik. Zəngilanlı günləri, xoş anları yada saldıq. Səmimiyyətlə ayrıldıq…

İşğaldan sonra 6 aprel 1994-cü ildə Muradxan Cabbarov yenidən ölkə rəhbəri Heydər Əliyev tərəfindən Laçın rayon İcra Hakimiyyətinin  başçısı vəzifəsinə təyin olundu. Bu dəfə Ağcabədidə. Çünki artıq öz doğma yurdlarından ayrı düşmüş laçınlılar əsasən Ağcabədidə məskunlaşmışdılar.

Elə həmin ilin payızında təsadüfən Bakıda Nərimanov metrosunun yanında rastlaşdıq. Xidməti maşını ilə Zəngilan rayon İcra Hakimiyyətinin yerləşdiyi binaya gəldik. Mənə maddi köməklik göstərmək istədi, ehtiyacım olmadığını bildirdim, onun sədaqətinə və böyük ağsaqqallığına heyran qaldım.

Bu görüşdən az sonra aparıcı qəzetlərdən birinin redaktoru olan ən yaxın və böyük nüfuza malik dostum iş yerinə gəlməyimi xahiş etdi. Görüşün məqsədini deyəndən sonra Zəngilanın səkkiz il birinci katibi olmuş və hazırda Laçın rayon İcra Hakimiyyətinin başçısı olan Muradxan Cabbarovun Zəngilandakı fəaliyyəti ilə bağlı xeyli suallar verdi. Mən onda olan məlumatların hamısının yalan və böhtan olduğunu qətiyyətlə bildirəndən sonra hazırladığı iri həcmli tənqidi məqaləni dərc ediləcək nömrədən dərhal çıxarılması barədə göstəriş verdi.

Bu hadisədən xəbər tutan Muradxan Cabbarov zəng edərək təkidlə mənimlə görüşmək istədiyini dedi. Bu tələsik görüşün nə ilə bağlı olduğu haqqında düşünmədən onun təklifinə razılıq verdim. Həm də sevindim ki, onun dəyərli məsləhətlərini yenə ala biləcəm.

Muradxan Cabbarov həm də olduqca çox qonaqpərvər idi. Bu, onun milli mentalitetə sədaqətinin, dünya duyumunun, sevgisinin təzahürüydü. Rayona gələn qonaqlara xüsusi qayğı göstərilməsini rayona, rayonun imicinə, adına hörmət bilirdi. “Biz gəldi-gedərik, Laçın qalacaq, Zəngilan qalacaq, Laçına, Zəngilana sevgi qalacaq…”

Laçının, Zəngilanın işğaldan azad edilməsini görə bilmədi Muradxan Cabbarov. Ruhu Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Ordusuna minnətdardır…

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər