Xanım İsmayıl qızı Qarayeva 1956-cı il aprelin 10-da Bakı şəhərində dünyaya gəlib. Atası İsmayıl Qarayev yazıçı, anası Pərizad Tağıyeva həkim olub. Hər ikisi dünyasını dəyişib. Xanım Bakıdakı 190 saylı məktəbə 6 yaşından qədəm qoyub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 16 yaşından uzun bir əmək fəaliyyəti göstərib. Gənclik Nəşriyyatında korrektorluqdan başlayaraq kiçik redaktor, redaktor, Bakı Dövlət Universiteti Nəşriyyatında şöbə müdiri, Azərbaycan Bədii Tərcümə Mərkəzində nəşriyyat şöbəsinin müdiri və sədr müavini, “Bayatı” nəşriyyatında direktor müavini və direktor vəzifələrində çalışıb. Hazırda müstəqil yaradıcılıq fəaliyyətindədir. Xeyli sayda publisistik məqalələrin, tərcümə əsərlərinin, iki şeir kitabının, “Kimlər keçir bu dünyadan”, “Ruhun da gözü var” publisistik kitabların müəllifidir. Yüzlərlə mahnının bəstəçisidir. Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Ailəlidir. Bir qızı və bir oğlu var.
– Xanım, xalqımız tərəfindən Sizə xüsusi sevgi var. Bunun sirri nədədir?
– Nə xoş?! Bunu Allahdan gələn bəxşiş hesab edirəm. Ümumiyyətlə, adi bir insan da özünə qarşı sevgi arzusunda olur, dar bir çərçivədə belə, sevdikləri – əzizləri, övladları, qohumları tərəfindən diqqət istəyir. Sözünün çəkisi, təsir qüvvəsi, el sözü ilə desək, “duzlu insan” olmaq da xüsusi sevgi yaradır. Bunu da Tanrı payı sayıram.
Yaradıcı insanın isə sevgi əhatəsi daha genişdir. Əgər xalqdan gələn sevgi varsa, bu, insana yazıb-yaratmaq üçün daha böyük stimul verir. O yaradıcı insan ki, ürəklərə yol tapır, sevgi qazanır, təbii xarici görkəmə görə deyil, yaradıcılığına, intellektual səviyyəsinə görə hörmətə layiq olur, deməli, xoşbəxtdir. Əgər məni də bu qəbildən qəbul edirlərsə, xoşbəxtəm.
– Nədən zövq alırsınız?
– Müxtəlif vaxtlarda müxtəlif hadisələrdən, gözəl və hətta qəribə gələr sizə, qəmli nə varsa ondan zövq alıram. Hərdən, kədər baş verəndə yaradıcı insanı bir az silkələyir. O, yaradaraq qəmdən, ağrıdan çıxan andan sonra yeni duyğu yükü daşıyır, yaşamağın nə qədər gözəl olduğunu dərk edir. Heç yadımdan çıxmaz, dişim ağrıyırdı. Dostum, yazıçı Afaq Məsud zarafata salıb dedi ki, “dişin ağrıyır, çək qurtar… neçə gündür eşidirəm ki, dişin ağrıyır.” Mən də ona zarafatla: özüm prosesi uzadıram, söylədim. Yəni, ağrıdan çıxandan sonra da ağrısız yaşamağın sən demə, böyük xoşbəxtlik olduğunu bir daha dərk edirəm.
Şübhəsiz ki, anlanılanda, sözüm başa düşüləndə, bundan əlavə, xarici və daxili gözəl olan insanlardan, çəkisi ağır olan sözdən, gözəl rəsm əsərindən, maraqlı səfərlərdən, ümumiyyətlə, Tanrının dünyada yaratdıqlarından, əhvalımın hansısa bir məqamında sevincdən də, kədərdən də zövq alıram.
– Yaradıcılığınızda məhsuldar və iti addımlar sizi yormur ki?
– Əksinə, yaradıcı insan məhsuldar olanda usanmır. Mən deyərdim ki, işləməyəndə yorulur. Özünü məcbur edərək hər hansı işi görmək olmaz. Əgər daxilimdə istək, içimdə bir tələbat yaranırsa, bu anlarda duyğularımı, hisslərimi sözə, musiqiyə çevirmək üçün təbii ki, yaradıram. Yaradıcı insanın ən gözəl yaşaması onun məhsuldar işləməsidir.
– Xalqımız tərəfindən razılıqla qarşılanan yaradıcılığınızdan özünüz də razısınzmı?
– Mən heç vaxt razı olmamışam. Bəxtiyar Vahabzadə də yazıb: Yalnız ondan razıyam ki, özümdən narazıyam. Həmişə yaratmaq istədiyimi yaratdığımdan daha güclü hesab etmişəm. Sözsüz, əgər yaratdığımdan tam mənası ilə qane olmasam, onu oxucunun, dinləyicinin ixtiyarına vermərəm. Hər bir yaranışın əzabı da, sevinci də olur.
– Müvəffəqiyyətin formulunu nədə görürsünüz?
– Bu suala hər kəsin, yəni müvəffəqiyyəti dadan insanların öz duyduğu tərzdə cavabı olur. Mən isə məqsədə doğru çatmaqda iradəli, məsuliyyətli olmağı üstün tuturam. Müvəffəqiyyət böyük iş, zəhmət tələb edir. Müvəffəqiyət insanın öz əlindədir. Yaradıcı insan isə daha çox zəhmət çəkməlidir. İstedad, üstəgəl zəhmət və bir də üstəgəl şans. Mən elə zəhmətkeş, istedadlı insanlar tanıyıram ki, həyatda şansları gətirmir. Buna isə təəssüflənirəm. Ümumiyyətlə, bütün bunlar da Allahın əlindədir.
– İnsanın özünə və başqalarına münasibətini bildirən hisslər mədəni cəmiyyətdə insanların öz əxalqi görüşünü əks etdirir. Bu gün sovet dövründə yaşayan ziyalılarımız ilə formalaşmaqda olan gənc nəslin dünyagörüşü arasındakı “dünyaya baxış” Sizi nə dərəcədə qane və ya narahat edir?
– Mən elə bu gün bu barədə düşünməyə vadar olmuşam. Qəribədir ki, insan zaman-zaman, tədricən böyüyüb yaşlaşmaq həddinə çatanda fiziki cəhətdən sağlamlığını, xarici görünüşünü, gözəlliyini itirməyə başlayırsa da, əqli cəhətdən daha da kamilləşir, dərinləşir, müdrikləşir. Ancaq hazırda bunun qəribə halının şahidi oluram. İnsanlar yaşlaşdıqca həm fiziki, həm də əqli cəhətdən zəifləməyə, uşaqlaşmağa başlayır. Sənət aləmində bunu daha qabarıq şəkildə sezirəm. Bəzi insanları istisna etmək şərtilə. Yeni nəsldə cılızlaşma, xırdalanma, cırlanma getdiyini hiss edirəm. Əsl ziyalı təbəqəsi azalır. Ümumiyyətlə, təkcə Azərbaycanda deyil, bütün dünyada belədir. Lakin dünya yaxşılardan da xali deyil. Onların sayəsində balans qorunur, tarazlaşma yaranır. Bir şeirimdə deyirəm:
“Dünyanın ürəyi döyünür hələ,
Səbri vulkan kimi daşa da bilər.
Ay Allah, bir axşam gələrək dilə,
Dünya bu dünyadan aşa da bilər…”
Arzu edirəm ki, gənc nəslimizdən də gələcəyin layiqli ziyalıları yetişsin.
– Cəmiyyətdə bəzən yalançılıq, riyakarlıq, paxıllıq və ikiüzlülüklərlə qarşılaşanda o anda hansı hisləri keçirirsiniz? Sizə elə gəlmir ki, daxilinizdə saf gülüşə ehtiyac var?
– Mən cəmiyyətdəki yaxşı və pis nə varsa, hamısını normal qəbul edirəm. Ümumiyyətlə, insan xislətində bütün mənfi və müsbət keyfiyyətlər vardır. Kimidə az, kimidə çox. Atalar deyib ki, ağac bar verəndə başını aşağı əyər. Dolu, mənəviyyatı zəngin, savadlı, özündən razı yox, özünə arxayın insan həmişə təvazökar olur. İnsanın istedadı, qabiliyyəti onu ağırlaşdırır. Amma mənəviyyatca yoxsul insan “yüngülləşir”. Bu isə bir növ xəstəlikdir. Bilirsiniz ki, hər bir insanda bütün xəstəliklərin kökü var. Kimidə bunun cücərməsinə təkan olur və başlayır inkişaf etməyə. Məsələn, kor bağırsağı götürək. O, əslində bədəndə olmalıdır. Kimisinə xələl gətirir, başlayır ziyan verməyə. Onu kəsib atırlar. Çox təəssüf ki, paxıllıq kimi neqativ halları kəsib atmaq olmur. Hansısa bir keyfiyyəti kəsib-atmaq qeyri-mümkündür. Bizim Azərbaycanda başqasının müvəffəqiyyətinə sevinə bilmək duyğusu az insanlarda var. Müsahibələrimdə tez-tez sual edirlər: sizi nə ilə təəccübləndirmək olar? Mən həmişə deyirəm: təmənnasız münasibət və sevgi görəndə, mədəni, saf, səmimi və intellektual səviyyəli insan görəndə yaxşı mənada heyrətlənirəm. Elə bilirəm ki, mənə tapıntı nəsib olub. Və həmin insan dosta çevriləndə ikiqat sevincimin həddi-hüdudu olmur. Təkcə yaradıcı insanın deyil, hər kəsin buna ehtiyacı vardır.
– Platon (Əflatun) deyib ki, “Dünyaya öz istəyimlə gəlmədim, heyrətlə yaşadım, diksinərək gedirəm.” Siz necə, Platonla eyni fikirdəsiniz, yoxsa?..
– Bu fikirlə razıyam. Bəli, insan bu dünyaya istəməyərəkdən gəlir. Ramiz Rövşənin də bir şeir parçası var: “Bilsək, dünyaya gəlməzdik, Analar aldatdı bizi.” Yəni, bu məcazi məna daşıyır. İnsan həyatda pisliklərlə, çətinliklərlə üzləşəndə ürəyindən keçirir: kaş ki, bu dünyaya gəlməzdim. Bəli, həyatın yaxşı da, pis də üzü var. Sevinc üstəgəl kədər, bərabərdir həyat. Bax, həyatın formulu budur, desəm, səhv etmərəm. Bəzən sevinc və kədərdən kimə çox, kimə az pay düşür. Biz bu az-çoxluğu ömrümüz boyu ölçürük. Və nəhayətdə, həyatla vidalaşırıq. Əgər dünya boşalmasa, insanlar dünyadan köç etməsələr, dünyanı adam basar, nəfəs almaq belə mümkün olmaz. Ona görə də gəliş-gediş, sevinc-kədər, gecə-gündüz, ağ-qara, su-quuru, yaşıllıq-səhra… yəni hamısı yarı-yarıdır. Bütün bunların yaxşı tərəfi insana çox düşərsə, nə gözəl!
– Xanım İsmayılqızı bir qadın olaraq, qadınlar haqqında nə düşünür, onlara nələri arzu edir?
– Qadın çox incə məxluqdur. Xahiş edirəm ki, kişilər qadınları zəif məxluq deyə adlandırmasınlar. Qadın zərif varlıq olmaqla çox güclüdür. Əslində inkaredilməzdir ki, qadın bu dünyaya öz canından bir can gətirir və cəmiyyətin təməlini qoyan insanların anasıdır. Bəli, gələcək nəslin inkişafı qadından asılıdır. Ataların məsəli var: “Kişi başdır, qadın boyun. Boyun hara döndərsə, baş ora dönəcək.” Şübhəsiz, idarəedici qüvvə qadındır. Hətta, evdar, ən savadsız qadın belə öz ocağını idarə edir. Belə bir deyim də var: “Hər bir güclü kişinin arxasında çox müdrik bir qadın dayanır.” Təbii ki, kişilər də mütləq qadının arxası sayılmalıdır. Hər bir mərd qadının çox güclü bir kişi dayağı olmalıdır. Burada da balans pozulmamalıdır. O ailədə, o cəmiyyətdə ki, qadın-kişi balanslığı qorunur, həmin ailə və cəmiyyət sağlam olur. Qadınlara da, kişilərə də deyirəm ki, bir-birinizin qədrini bilin, diqqət və qayğınızı əsirgəməyin. Gələcək nəslin yetişməsi qadın-kişi münasibətindən asılıdır. Və bizim Azərbaycanın gələcəyi məhz bu münasibətlərin sağlamlığına söylənir. Arzu edirəm ki, gələcək nəslin övladları Allahın yaratdığı və Allahın görmək istədiyi insanlar olsun!
Hamı dua edir, sən də dua et.
Elə dua et ki, nəfəsin gəlib-getsin,
Elə dua et ki, Allah eşitsin!
– Bəlkə sonluğu bir yeni şeirinizlə bitirək…
– Məmnuniyyətlə:
Ürək bağlı qapı kimi
Döyülməsə açılmaz ki…
Öz əllərin boğsa səni,
Bu taledi, qaçılmaz ki…
Vulkan üstə oturanda,
Onun da püskürməyi var.
Bəxtin sənə yol çəksə də,
Hərdənbir küsdürməyi var.
Dünyanın yaxası açıq,
Onu soyuq vura bilər.
İnandığın gözlərin də
Sənə oyun qura bilər.
Qismətin çəkməsi cırıq,
Uzaq yolu gedə bilməz.
Fikirlər dolaşıq düşsə,
Bir-birini güdə bilməz.
Yorğunsansa bir az otur,
Can səni daşımalıdır.
Bu yazıq bədən neyləsin,
Bu ruhla yaşamalıdır.
Hər gün ölüb-dirilməkdən
Bezən adam, həyat oyun.
Gör neçə qəm köynəyin var,
Yazıqsan, birini soyun.
Gül yerinə bu torpağa
Dözüm ağacı ək bir gün.
Darıxma, bar verməsə də,
Kölgə gətirəcək bir gün!
– Çox sağ olun!
İIHAMƏ MƏHƏMMƏDQIZI