Elçin Məmmədov getsə də…

1087

“Bakı”nın baş meneceri, klub prezidentinin qardaşı Zeynal Məmmədovun qəzetimizə son müsahibəsini oxumaq kifayət edər ki, Azərbaycan futbolunun hansı miqyasda çirkabın içinə batdığını aydın görəsən. Amma Zeynal müəllimin de-fakto rəhbərlik etdiyi klubun gününə baxanda ümumi futbolumuzun vəziyyəti toya getməlidir. Baş menecerin sözlərindən belə başa düşülür ki, üzərindən 9 ay keçəndən sonra onlar da Bojidar Bandoviçin futbol fırıldaqçısı olması harda deyilənlərə haqq qazandırmağa başlayıblar. Novruz Əzimovu tragi-komedik şəkildə əvəzləyən Bandoviçin “Bakı”dan qovulması an məsələsidir və bu prossesin tezləşməsini əngəlləyən yeganə amil təzminatdır. Çalışdırıcı əvvəlcədən işini ehtiyyatlı tutub, müqaviləsini elə hazırlatdırıb ki, indi klub ona qovası olsa təzminat kimi sözləşmənin sonuna qədər ödənməli olan maaşını indidən Bandoviçin hesabına köçürməlidir. Varlığa darlıq olmaz deyiblər. Onsuz da, indiyəcən milyonları göyə sovurublar, heç nə baş verməyib, Bandoviç də “Bakı”dan bir az para qoparsa dünya dağılmaz. Klub rəsmisinin sözlərindən belə anlaşılır ki, qışdan bəri komandada “yorğan davası”, daha dəqiqi transferlərdə söz sahibi olmaq savaşı gedirmiş. İlkin mərhələdə əcnəbi məşqçi Zeynal Məmmədova və ona yaxın menecerlərə yenik düşüb. Hazırda komandada top qovanlar iki cəbhəyə bölünüb: birincilər bilavasitə çalışdırıcının iradəsiylə paytaxt klubuna transfer olunanlardır, ikinci cəbhə isə Rauf Əliyev, Marius Penanın da daxil olduğu Zeynal bəyin “tapıntılarıdır”. Mən Ağabala Ramazanova minnətdarlıq eləmək istəyirəm ki, Lənkərandakı qarşılaşmanın ilk yarısının son saniyələrində vurduğu qolla belə cılız problemlərin məngənəsində çabalayan “Bakı”nın ölkə kubokunun finalına gedən yolunu bağladı. Ağabaladan sonra ikinci minnətdarlığım Elçin Məmmədovadır ki, “Bakı” tərəfinin ona “kişi kimi idarəçiliyə görə vəd etdiyi mükafata” rəğmən paytaxt klubunu “dartmayıb”. Elə bu məqam da son günlərin ən qalmaqallı və müzakirəyə səbən olan mövzusuna çevrilib. Əslində elə Zeynal Məmmədovun öz etirafları kifayətdir ki, “Bakı” premyer liqadan aşağı dviziona göndərilsin, klub rəsmisinə isə azı beş illiyinə futbol idarəçiliyi ilə məşğul olmaq qadağan edilsin. Niyəsini yavaş-yavaş xırdalayaq. Sitat: “Elçinə düzgün hakimlik edəcəyi halda hörmət edəcəyimi demişəm, bunu danmıram. Kişi kimi hakimlik et, ürəyin istəsə, sənə öz adımdan mükafat da verəcəm.” Fikirlərini davam etdirən Zeynal bəy hüquqda buna görə cəza verilmədiyini, şəxs olaraq bunu aidiyyatı orqanlara dediyini iddia edir və bunda problem görmür. Məşədi İbadın sözü olmasın, mən “Tarixi-Nadir” kitabının hamsını oxusam belə hansısa hüquqda maraqlı tərəfin hakimə əvvəlcədən “mükafat” vəd etməsinə görə cəzanın nəzərdə tutulmadığından xəbərsizəm. “Bakı” tərəfi adını nə qoyursa, qoysun bu “mükafat” elə rüşvətin özüdür ki, var. Axı, Zeynal Məmmədovdan əvvəl Elçinin “kişi kimi hakimlik” etməsində maraqlı olan tərəf  Hakimlər Komitəsidir. Onlar da qanunda nəzərdə tutulan qonorarı, eləcədə ezamiyyə xərclərini hakimlərin hesabına köçürüblər ki, Elçin Məmmədov və biriqadası Lənkəranda futbol qaydalarına uyğun idarəçilik etsinlər. Zeynal bəyin hakimlərə yerinə yetirməyə borclu olduqları işə görə əlavə nəsə boyun olması şirnikləndirmə, yəni rüşvətə təşviq etmədi. Azərbaycan qanunlarında və hüquq sistemində isə buna görə konkret məsuliyyət nəzərdə tutulub. Bu söz-söhbətdən sonra artıq əminliklə düşünmək olar ki, “Bakı”nın baş meneceri martın 3-də “Rəvan”la həlledici qarşılaşmanın hakimi Fariz Yusifova da “kişi kimi idarəçiliyin” qarşılığında mükafat söz veribmiş. Belə olmasaydı Fariz bəy və onun köməkçisi Ramiz Əsədov 9-ci dəqiqədə “Bakı”nın qapısına Şəhriyar Əliyevin aşkar əllə oyununu penalti kimi qiymətləndirməkdən çəkinməzdilər. Maraqlıdı, görəsən indiyə kimi Zeynal Məmmədov neçə nəfər hakimə belə “mükafatlar” verib və həmin hakimlər də o pulları aparıb evlərinə çörək alıblar?! Çətin ki, bu qalmaqaldan sonra Elçin Məmmədov yenidən premyer-liqa oyunlarında hakimlik edə. Lakin, bir vacib məqamı yaddan çıxarmaq olmaz. Əgər Zeynal Məmmədov futboldan uzaqlaşdırılmırsa, Elçin Məmmədov da hakimliyinə davam etməlidir. Ölkə kubokunun yarımfinalına hakimlərin adı gizlin saxlanılsa belə “Bakı” rəsmiləri nəinki oyunu kimin idarə edəcəyindən xəbər tutub, üstəlik gizli danışıqlar aparmağa da macal tapıblar. Deməli, ortada kifayət qədər müəmmalı cəhdlər, Hakimlər Komitəsinin daxilindən xəbər çıxaran maraqlı qüvvələr var. Bütün bu gizlinlər aşkar edilməyəcəksə, Elçinin hakimlikdən getməsi heç nəyi dəyişdirməz. Zeynal müəllimin “mükafat” təklifi bu dəfə cavabsız qaldı və “Bakı” tərəfinin səyi ilə söz-söhbət böyüdü, biz də xəbər tutduq. Amma kim təminat verir ki, sabah başqa bir hakimin gözlərini “Bakı”nın, yaxud eyni əməllərlə nəticə qazanmağa vərdiş etmik digər klubların pulları qamaşdırmayacaq? Odur ki, gəlin özünüzü və bizi aldatmayın. Tək Elçin Məmmədovun getməsiylə ciddi heç nə dəyişməyəcək.

Amal Abuşov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər