“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin prezidenti vətəndaş cəmiyyəti fəalları ilə görüşüb
Namizədin seçki qərargahından sumqayitxeber.com saytına verilən məlumata görə, qarşıdan gələn parlament seçkilərilə bağlı müxtəlif dairələr üzrə namizədliyini irəli sürəcək şəxslər artıq müəyyənləşməyə başlayıb. 42 saylı Sumqayıt ikinci seçki dairəsindən “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin prezidenti Elçin Məmməd də namizədliyini irəli sürüb. E.Məmmədin seçki qərargahından verilən məlumata görə namizədin xeyrinə imza toplama kampaniyasına start verilib. Artıq proses yekunlaşmaq üzrədir və bu həftə imza vərəqələri DSK-ya təhvil veriləcək. Bu arada ötən gün Elçin Məmməd Əlil Qadınlar Cəmiyyətinin Sumqayıt şöbəsi, “Xatun” Qadınların Sosial Problemlərinin Həllinə Yardım İctimai Birliyi və “Müasir Dünya” İqtisadi Maarifləndirmə İctimai Birliyinin fəalları ilə görüşüb. Tədbirdə qarşıdan gələn parlament seçkiləri, bu istiqamətdə görüləcək işlər əsas müzakirə mövzusu olub. Elçin Məmməd seçkilərdə ictimai təşkilatların fəallaşmasının mühüm olduğunu qeyd edib və qələbə çalmaq üçün vətəndaş cəmiyyəti qurumlarının dəstəyinin vacibliyini önə çəkib. “İctimai təşkilatlar tərəfindən dəstək alacağıma əminəm və hesab edirəm ki, uzun müddət bu sektorda çalışmağım buna stimul verəcək. Qeyri-hökumət təşkilatları cəmiyyətin inkişafında mühüm yeri tutur və rəhbərlik etdiyim təşkilat bu istiqamətdə xeyli əməli işlər görüb. On ildən çoxdur ki, təşkilatımız insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərir. Minə yaxın insana hüquqi yardımlar etmişik və bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”. Görüşdə iştirak edən təşkilatların fəalları deputatlığa namizəd Elçin Məmmədə seçki zamanı dəstək olacaqlarını və bu istiqamətdə istənilən köməyi edəcəklərini bildirdilər. İctimai təşkilat nümayəndəsinin önə çəkilməsini vacib amil kimi qeyd edən görüş iştirakçıları E.Məmmədə uğurlar dilədilər. İctimai Birliyin prezidenti gələn həftə də vətəndaş cəmiyyəti fəalları ilə görüşlərini davam etdirəcək.
Uğurlar bəy! İnşallah 2005-ci ilin əvəzini çıxarsan
Bəy möhkəm dur! Qarşıdan savaş gəlir.