Elçin neyçün yaranıb?

1263

Meyxana həvəskarı deyiləm. Amma cəmiyyətimizin əksər reallıqlarının, acı gerçəkliklərinin meyxana ustadlarının dilindən səslənməsini çox eşitmişəm.

 

Deyirlər futzal üzrə FİFA referisi Elçin Məmmədov meyxananın vurğunudur. Yəqin referi öz adaşı, meyxanaçı Elçinin rəhmətlik Məşədibabayla məşhur deyişmələrinə qulaq asıb. Belədeyişmələrin birində rəqibi Məşədibabaya “Elçin elçün yaranıb, bəs Baba neyçün yaranıb” sualını ünvanlamışdı. “Rəvan” – “Qarabağ” oyununda meydana ədaləti qorumaq adıyla çıxıb, əvəzində onu ayağının altına salıb tapdalayan Elçin Məmmədovun hərəkətlərinə baxa-baxa rəhmətlik meyxanaçıların həmin deyişməsini xatırladım.

 

Referilərin hansısa komandaya simpatiyasının hiss olunmasına vərdiş etmişik. Amma daha bu formada, belə biabırçı şəkildə meydanda hoqqa çıxarmağın adı yoxdu. Sirr deyil ki, ölkə futboluna zərər vuran, azarkeşləri stadionlardan qaçaq salan hakimlərin siyahısı tərtib olunsa, Məmmədovun adı dərhal birinci yerdə yazılar. Az qala onun idarə etdiyi hər oyun sonradan söz-söhbətə səbəb olur, tərəflərdən hansısa, hətta bəzən hər ikisi idarəçilikdən gileylənir.

 

Yadınızdadısa, 19-cu turda, “Bakı” – “Sumqayıt” oyununda məhz Məmmədov Aqil Nəbiyevi aşkar əllə oyuna görə meydandan qovmağa cəsarət etməmişdi. Yalnız müdafiəçinin növbəti kobudluğundan sonra referi cibindən qırmızı vərəqəni çıxarmalı oldu. Bir adamın öz işinə bu qədər ləkə salmağa həvəsli görünməsi, bilə-bilə ardıcıl yanlış qərarlar qəbul etməsi çox təəccüblüdür. Yəqin siz də İlqar Qurbanovun boş qapıya gedən topun önünü əliylə kəsdiyini izləyəndə “başqalarına hakimlik dərsi keçən Elçin Məmmədov niyə bu epizodda penalti təyin etməyib” sualını özünüzə vermisiz. 43-cü dəqiqədə Rəşad Sadıqovun Nikoloy Orlovskiyə qarşı kobudluğuna da göz yuman referinin əməllərindən hakim-inspektor Şahin Cəfərov da şoka düşmüşə bənzəyirdi. Oyunun fasiləsində onun sifət cizgilərini “oxumaq” üçün elə də güclü psixoloq qabiliyyəti tələb olunmurdu.

 

İnanmıram ki, “Qarabağ” rəhbərliyi əvvəlcədən Elçin Məmmədovla gizli sövdələşməyə getmiş olsun. Çempionatın belə həssas məqamında “Qarabağ”ın qələbəsinə kölgə salınması, hakimin aşkar simpatiyasından bəhrələnmək qonaq komandaya mühüm 3 xal versə də, imicinə ciddi zərbə vurdu. Hadisələrin bu şəkildə inkişafını ağlı başında olan heç bir klub rəsmisi arzulamaz. Çünki cəmi bir tur sonra final mərhələsinin bir-birindən gərgin qarşılaşmaları başlayır. Həmin matçların hansısa birində hakim haqsızlığı ilə üzləşəcəyi halda “Qarabağ”ın etirazına “Elçin Məmmədov “Rəvan”la oyunda qapınıza penalti təyin etmədi” deyib, əks dəlil qoyanların tapılacağı da şübhə doğurmur.

 

Üstəlik, danışılmış oyunlarla bağlı söz-söbhbətin ciddi şəkildə yayıldığı həftədə diqqətləri şübhəli komandalardan yayındırmaq üçün referinin Bayıl stadionunda çıxardığı hoqqalar əvəzsiz vasitə idi. Belədə “Rəvan”ın haqqını yeyən hakimin bir gülləylə üç quşu gözündən vurduğu aşkardır. Birincisi, “Rəvan”a münasibətdə qərəzli davranmaqla oyunun “sarı-qırmızılar”ın məğlubiyyəti ilə bitməsini re-allaşdırmaq. Bununla isə onsuz da indiyə qədər çeşidli haqsızlıqlarla üzləşmiş paytaxt klubunun rəhbərliyinin səbr kasasının daşmasına çalışmaq, onların ədalətli hakimliyin olmadığı çempionatda mübarizə aparmağın mənasızlığını düşünməsinə rəvac vermək. İkincisi, hakimlərin guya “Qarabağ”a kömək etməsi haqda rəy yaratmaq, mövsümün sonunda medal qazanma-sı real görünən ağdamlıların uğurlarına kölgə salmağı arzulayanlar üçün zəmin yaratmaq.

 

Onsuz da Elvin Musazadənin “Qarabağ”a keçidindən sonra idman mətbuatında və azarkeşlər arasında belə söz-söhbət yaranmağa başlayıb. Deməli, Elçin Məmmədovun hərəkətləri elə bilavasitə Ramin Musayevin “vurulmasına” hesablanmış addımdır. Bu yerdə ağla məsələnin üçüncü tərəfi gəlir. Hakimlərdə sonuncuAntalyatoplanışından sonra müsbət mənada irəliləyiş hss olunur. Digər tərəfdən, gənc referilər Rəhim Həsənovla Əliyar Ağayev illərdi hakimlərə yönəlmiş tənqidlərə özünü sipər edən Xaqani Məmmədovun üzünü ağartmaqdadır. Bu isə böyük xülyalarla yaşayan Elçin Məmmədovun ürəyincə deyil. Onun son idarəçiliyi final mərhələsi ərəfəsində “artıq Azərbaycan hakimlərinin yeni, sağlam nəsli yetişir, “altılıq” oyunlarında hakimlərin qərəzsiz idarəçiliyi gözləniləndi” kimi fikirləşənlərin ümidlərinə ağır zərbə vurmuş oldu.

 

Gördüyünüz kimi, qalmaqalçı referi Bayılda çıxardığı hoqqalarla eyni anda həm “Rəvan”la “Qarabağ”ın, həm də Ramin Musayevlə Xaqani Məmmədovun maraqlarını tapdalayıb. Onun beləəməllərindən isə çoxdan təngə gəlmişik. Artıq hansısa oyuna Elçin Məmmədovun təyinat alması ürəklərə rahatlıqla şübhə toxumu səpir, referinin hansısa hoqqaya müəlliflik edəcəyini gözləyirik.

 

Cəmi bir tur sonra final mərhələsi start götürür. Qarşısına böyük hədəflər qoyan klubların mübarizəsində Elçinin oxşar əməlləri daha böyük qalmaqallara, dava-dalaşlara səbəb olacaq. Bunun qarşısı indidən alınmalıdı. Onun hakimliyin nəzəriyyəsini, oyun qaydalarını mü-kəmməl bildiyi iddia olunur. Deməli, xarakterindəki problemlər, yaxud da tamahı nəzəri bi-likləri meydanda tətbiq etməsinə mane olur. Odu ki, Elçini fitdən uzaq tutmaq, auditoriyalarda gənclərə oyun qaydaları öyrətmək üçün ixtisaslaşdırmaq lazımdır. Qorxuram ki, sonra gec ola, peşmanlıq fayda verməyə.

 

Amal Abuşov

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər