Sumqayıt İcra Hakimiyyətinin akt zalında şəhər rəhbərinin sahibkarlarla görüşü olub.
Tədbir başlanmazdan əvvəl görüş iştirakçılarının hər birinə anonim sorğu vərəqəsi verilmişdir. Özəl sektorun nümayəndələrinə təklif edilirdi ki, onlar özəl sektorun subyektlərinin fəaliyyətinə əsassız əngəllər yaradan təşkilatların adlarını qeyd etsinlər. Yazılı sorğunun nəticələrini toplamaq üçün zalda şəffaf qutu qoyulmuşdu.
Sumqayıt İcra Hakimiyyətinin başçısı Eldar Əzizov görüşü açaraq demişdir: “Anonim sorğu keçirilməsi ənənəyə çevriləcəkdir. Bu sorğu yerli sahibkarların fəaliyyətinə əsassız maneələr yaradan orqanları aşkar etməyə imkan verəcəkdir. Sahibkarlığın inkişafı üçün maksimum əlverişli şərait yaradılması dövlət başçısı İlham Əliyevin tələbidir. Özəl biznesin gəlirləri onların biznesinin inkişafına xidmət etməlidir”.
Şəhər icra hakimiyyətinin başçısının Sumqayıtın simasını modernləşdirmək, onu abadlaşdırmaq və yaşıllaşdırmaq sahəsində çoxlu maraqlı planları vardır. O, şəhər landşaftının yeni yaradılan konsepsiyası, dizaynla bağlı fikirlərini tədbir iştirakçıları ilə həvəslə bölüşmüşdür. Lakin E.Əzizovun fikrincə əsas vəzifə Prezident İlham Əliyevin Sumqayıtı Azərbaycanın müasir sənaye mərkəzinə çevirmək barədə tapşırığını yerinə yetirməkdən ibarətdir. Yaxın 5 il ərzində təkcə Azərbaycan Dövlət Neft Şirkəti Sumqayıtda texnoparklar yaratmaq niyyətindədir. Həmin obyektlərdə şəhərin 10 mindən çox sakini işlə təmin ediləcəkdir.
Perspektivdə Sumqayıt paytaxt Bakının standartlarına uyğun olmalıdır. Bununla əlaqədar çox şeyi dəyişmək lazımdır. E.Əzizov görüş iştirakçılarını prioritet vəzifələrlə tanış edərək bildirmişdir ki, iki ildən sonra Sumqayıtda yaradılacaq unikal park həm öz miqyasına, həm də burada reallaşdırılan yeniliklərin sayına görə hamını heyrətləndirəcəkdir. Yeni park şəhərdəki Nəsimi adına mədəniyyət və istirahət parkının ərazisində 80 hektar sahədə yaradılacaqdır. E.Əzizov vurğulamışdır ki, dövlət başçısının tapşırığı ilə cəlb edilmiş ən yaxşı mütəxəssislər həmin parkın layihəsi üzərində işi tamamlayırlar. Şəhər sakinlərinin sevimli istirahət yeri olan Heydər Parkı əsaslı şəkildə yenidən qurulacaq, nümunəvi yaşayış massivləri yaradılacaq, bir sıra başqa tədbirlər görüləcəkdir.
Sülh küçəsinin yenidən qurulması məsələsi ayrıca bir mövzu kimi səslənmişdir. İndi sumqayıtlılar şəhərin əsas “qapısı”, onun bir növ vizit vərəqi sayılan bu küçədən keçəndə xəcalət çəkirlər. Xaotik şəkildə tikilmiş özəl sektor obyektlərinin hədsiz sıxlığı, onların qeyri-mütənasib forma və koloristikası şəhərin simasını korlayır.
E.Əzizovun fikrincə, indiki vaxtda şəhər landşaftının keyfiyyəti cəmiyyətin artmış estetik tələbatını əks etdirməlidir. Dizayn diqqətlə planlaşdırılmalı, ona dolğun məzmun verilməlidir. Bu isə, görüşdə haqlı olaraq qeyd edildiyi kimi radikal tədbirlər görülmədən çətin həll edilə bilən məsələdir. Şəhər rəhbərliyi bildirmişdir ki, Sumqayıtın problemlərinin həllinə pozitiv münasibət olduqda kompromis qərarlar qəbul etməyə hazırdır.
Açıq dialoq prosesində sahibkarlar Sumqayıtın yeni imicinin yaradılması üçün quruculuq işində fəal iştirak etmək arzusunda olduqlarını bildirmişlər. Qarşıya çıxan problemləri operativ şəkildə həll edəcək xüsusi komissiya yaradılmışdır.
Ətrabə Rzayeva (AzərTAc)