“Elə Sumqayıtda böyümüşəm…”

1065
Bu dəfə “Uşaqlıqdan reportaj”da tanınmış aparıcı, bəstəkar və prodüser Murad Arifdir. Xarizmatik insandır, hər kəsin nəzərlərini cəlb etməyi bacarır. Həm mahnı bəstələyir, həm prodüserlik edir, həm də məşhur aparıcılardan sayılır. Maraqlıdır, görəsən necə uşaq olub; şuluq, cəsarətli, ünsiyyətcil, utancaq, arıq, kök, sakit, qapalı? Suallar o qədər çoxdur ki, heç bilmədim, haradan başlayıb, harada qurtaram. Amma sağ olsun, özü köməyimə çatdı. O qədər də uzaqda olmayan uşaqlığı haqqında bir həvəslə danışdı ki…Aradabir kövrəlməyini də gördüm. Xüsusən də orta məktəb illərini -sinif yoldaşları və sevimli müəllimlərini xatırlayanda. Balaca vaxtı xasiyyətcə utancaq olan Murad hələ ilk görüş və ilk öpüşündən də danışdı. Kəsəsi, qoyun özü danışsın.
Anasının muradı…
“Sumqayıtda doğulmuşam…Evin sonbeşiyi və yeganə oğluyam. Anamın ən böyük muradı idim, ona görə də adımı Murad qoydular. Atam isə adımı Zaur qoymaq istəyirmiş…Yaxşı ki, qoymayıb. İndi sevmədiyim adlardandır.
Elə Sumqayıtda böyümüşəm, əvvəl 15, sonra isə 28 saylı məktəbdə oxumuşam. 5-ci sinfədək rus bölməsində, sonra isə Azərbaycan bölməsində təhsil almışam”.
Arıq uşaq birdən-birə niyə kökəldi?
“Musiqili uşaq olmuşam…Mən kino və musiqi xəstəsi idim. Bacılarım, atam nəyə həvəs göstərirdisə, əzbərləyirdim, canıma hopdururdum.
Məktəbə gedənədək şuluq və arıq idim. Tez-tez dalaşırdım, ağaclara dırmaşırdım, çox hərəkətli idim. I sinfə gedən kimi, eqoizmim azaldı. Sakitləşdim və kökəlməyə başladım”.
“Mənə uşaqlar “yadplanetli” kimi baxırdılar”
“Böyük bacım Natəvan fransız, italyan artistlərinin şəkillərini toplayardı…Mən də atamın kinoteatrındaki  “Sovetskiy Ekran” jurnallarından o şəkilləri “lezva” ilə kəsib, bacıma gətirərdim…Ən çox da Alen Delonun şəkillərini axtarırdım. Bütün Avropa aktyorlarını tanıyırdım. Sofi Loren, Marcelo Mastroyani, Klaudiya Kardinale, Ani Jirardo, Jan Pol Belmondo, Jan Gaben, Jan Mare… Bu adlar 5-10 yaşlarımdan dilimdən düşmürdü. Məhlədə hamı Əmrah və Brus Lidən danışanda mən Alen Delon kinolarından danışırdım. Mənə uşaqlar “yadplanetli” kimi baxırdılar.”
“Yemiş-qarpız qabıqlarından mikrafonum da vardı”
“Mən özümü səhnədə müğənni kimi görürdüm. Hər zaman əzbərlədiyim rus, hind, Avropa mahnılarını güzgünün qabağında oxuyardım. Yalançı mikrofonum isə dezodorantlar, ya da yemiş-qarpız qabıqları idi…Bacılarım bütün günü fortepiano ifa edirdilər”.
“Anam məni bankir görmək istəyirdi, atam isə…”
“Atam Arif də kinoteatr və mədəniyyət  sarayının direktoru olduğu üçün mənim incəsənətə həvəsimi səbrlə qarşılayar, hətta Bülbülün, Rəşidin romanslarını əzbərlədərdi.  Mən də fəxrlə onun uçün “Sənsiz”, “Sevgili canan” ya da “Qızıl Üzük” romanslarını oxuyardım…
Lakin anam Sənubər müəllimə, məni iqtisadçı, bankir, menecer görmək istəyirdi. Hamısı da mənə deyərdi ki, “Kişinin əli pulla oynayar, artistin isə pulu olmaz”…
Gah Michael Jackson, gah “Sprut” filmindəki Komissar Katani, gah da ORT-nin aparıcısı Vlad Listyev və “215 KL”in aparıcısı Çingiz Mustafayev kimi olmaq istəyirdim… Axırda da, TV və Musiqi mənim taleyim oldu!”
“Müəlliməm dedi ki, sən “qaraçıların içinə düşmüş ingilis” uşaqlarına oxşayırsan”
“İbtidai sinifləri Rus bölməsində oxudum. Evdə hər zaman Azərbaycan dilində danışdığımız üçün, rus dili dərsini zəif öyrənirdim. 5-ci sinifdə Azərbaycan bölməsinə keçdim. Bu dəfə də, ibtidaini rusca oxuduğum üçün, Azərbaycan dili dərsindən çox geriləyirdim. Amma yuxarı siniflərdə artıq qabaqcıl şagirdlərdən idim. Elə sevmədiyim fənlər fizika və kimya idi.
Məktəbdə konfliktli uşaq olmamışam. Azərbaycan bölməsində isə, sinif yoldaşlarımla konfliktlərim olurdu. Onların məndə sevmədikləri fərqliliyim və rusdilli olmağım idi…Mən həmişə seçilmişəm. Özüm istəməyərək belə, hər zaman seçilirdim. İstər düşüncələrdə, istərsə də zövqdə, davranışda tam anlamadığım şeylər var idi. Bir dəfə bir müəlliməm dedi ki, sən “qaraçıların içinə düşmüş ingilis” uşaqlarına oxşayırsan… Mən  isə bunun mənasını anlamırdım”.
Sinifdə mentalitet qorxusu, gizlin baxışlar…
“Beşinci sinfədək oxuduğum illəri çox dəyərləndirirəm. Rus bölməsində təhsil aldığım vaxtları deyirəm. Hətta 11-ci sinfədək ilk sinfim, ilk sinif yoldaşlarım üçün çox darıxırdım. Yadımdadır ki, hər ayın sonu sinif rəhbərimiz Tamara Vitalyevna həmin ay doğulan  uşaqların ad gününü qeyd edərdi. Hədiyyə üçün pul yığardıq. Səbəbkarlar tort və maqnitafon gətirərdi…Çox kövrək xatirələrdir. 6-cı sinifdə oxuyarkən, 28 saylı məktəbə keçdim, Azərbaycan bölməsinə. Demək olar ki, mehriban, şən, əyləncəli günlərim bir də təkrarlanmadı. Artıq burda başqa bir mentalitet hökm sürürdü, oğlan və qızlar sən deyən mehriban deyildi. Amma o sinifdə də çox  bağlandığım dostlarım oldu. Emin İbrahimov, Elman Eminov, Emil Bayramov, Faiq, Qərənfil, Vüsalə, Aytən, Səmayə…Hamısını tez-tez xatırlayıram…”
Bağçada alınan ilk öpüş
“İlk görüş və ilk öpüş bağçada baş verib. Gözəl bir qız uşağı vardı, adı da Lida. Milliyyətcə erməni idi… Amma evdə Lida ilə münasibətlərim barədə atama bir söz demirdim.  Çünki həmişə tapşırırdı ki, birdən çaşıb erməni, ya rus qızı alarsan ha! Atam cox milliyyətçi idi və mənim azərbaycanlı qızla evlənməyimi israrla yadıma salırdı”.
“Canımın qorxusundan ondan uzaq durdum”
“Ümumiyyətlə, dalaşqan uşaq olmamışam. Heç dava etməyimi də xatırlamıram. Məhəlləmizdə bir qız vardı; sarısaç, göygöz, şıltaq. Çox gözəgəlimli bir qız idi, məhəllənin bütün oğlanları ona vurulmuşdu. Mənim də ondan xoşum gəlirdi. Eyni məktəbdə oxuduğumuz üçün məktəbə bir yerdə gedib-gəlirdik. Bütün məhəllə və məktəb uşaqları bu qıza görə mənə qısqanclıqla yanaşırdı.
O mənə balkondan Whitney Houstonun mahnılarının sözlərini yazıb göndərirdi. Bir gün mənim Rəhiməyə olan xüsusi diqqətimi atasına xəbər verdilər. Atası məni məhəllədə tutub dedi ki, bir də qızımın yanında səni görsəm “bir yerini” kəsəcəm. Təbii ki, mən də “canımın” qorxusundan ondan uzaq durdum…”
“Oğlanlar dərhal reaksiya verərdilər ki, bəs “Muradın qızı” gəlir”
“Yuxarı siniflərdə oxuyarkən, bizdən bir sinif aşağı oxuyan, Günel adlı qızın arxasınca düşürdüm. O, mənim üçün gözəl təəssürat bağışlayırdı. Saçları, qısa, üzündə də xalı vardı. O dövrdə mən  “Leon” filminə baxmışdım. O filmdə Natalie Portmanın canlandırdığı Matilda obrazını çox sevirdim. Bax həmin o Günel mənə Matildanı xatırladırdı. Bütün günü yarpız kimi qızın getdiyi yolda qabağına çıxırdım. O bizim sinfin dəhlizindən keçərkən, sinifdəki oğlanlar dərhal reaksiya verərdilər ki, bəs “Muradın qızı” gəlir”.
“Əsl sevgini həyat yoldaşımla kəşf etdim”
“Amma onun arxasınca çox düşsəm də, ürəyimi açmağa cürət etmirdim. İnandırıcı olmasa da, o vaxtlar qızlarla münasibətdə çox utancaq idim.  Qəribədir ki, uzun illərdən sonra Bakıda “Space” radiosunda işləyəndə həmin Günellə təsadüfən telefon bağlantısında danışdım. O, radioya zəng etdi ki, filan mahnını kim oxuyur, mən də  qızı söhbətə tutdum; “xanım, qəşəng səsiniz var”. Xeyli davamlı telefon ünsiyyətindən sonra hətta görüşdük də. Uşaqlıq xatirələrimdən gələn qonaq məni çox təəccübləndirmişdi. Lap hind filmlərindəki kimi. Amma illər sonra anladım ki, bunlar sevgi deyil, uşaqlıq simpatiyalarıdır.  Əsl sevgini həyat yoldaşımla kəşf etdim”.
Cəvahir Səlimqızı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər