Dünya təcrübəsindən yanaşdıqda, Azad İqtisadi Zonalardan müxtəlif strateji məqsədlər üçün səmərəli istifadə diqqəti cəlb edir. Məsələn, 1929-cu illərdən başlayaraq baş verən “Böyük depressiya” böhranından sonra, ABŞ-da iqtisadiyyatın dirçəldilməsində və şaxələndirilməsində Azad İqtisadi Zonalardan istifadəyə üstünlük vermişlər. Təsadüfi deyildir ki, ilk dəfə bu tip zonalar haqqında qanun məhz ABŞ-da 1934-cü ildə qəbul olunmuşdur. İlk ixrac-istehsal zonası da elə 1934-cü ildən fəaliyyət göstərmişdir. Bu gün də ABŞ Azad İqtisadi Zonaların sayına görə dünya birincisidir və dünyanın ən iri bu qəbildən olan zonası kimi – “Silikon vadisi” zonasında yüksək texnologiyalar işlənilir və tətbiq olunur. Bəs maksimum liberal iqtisadiyyata malik ABŞ və digər bu kimi iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə niyə görə liberal iqtisadi səviyyə tam təmin olunduğu halda, hələ də güzəştlər müəyyənləşdirməklə iqtisadi zonalardan istifadə təcrübəsi bu günə kimi qalmaqdadır? Bunun qısa cavabı həmin zonaların iqtisadi səmərəliliyinin yüksək olmasında və investisiya cəlbediciliyinin təmin edilməsindədir. Belə iqtisadi məkanlarda dövlət tərəfindən infrastruktur yaradılır, yollar çəkilir, elektrik enerjisi, təbii qaz, su təchizatı təmin olunur, digər xidmət infrastrukturu təşkil edilir və nəticədə biznesin, sahibkarlığın inkişafı üçün kifayət qədər əlverişli şərait yaradılır.
Hazırda dünya iqtisadiyyatına ABŞ-la birlikdə şərikli liderlik edən Çin də iqtisadi zona təcrübəsindən xeyli yararlana bilmişdir. Belə ki, Çin öz iqtisadiyyatını ən yüksək hədəflər çərçivəsində inkişaf etdirmək üçün Azad İqtisadi Zonalar modelindən bəhrələnmişdir. Xüsusilə, bu ölkədə reallaşdırılmış bir nümunə Azərbaycan üçün xeyli aktualdır. 1984-cü ildə Çin hökuməti Sarı, Şərqi Çin və Cənubi Çin dənizlərinin sahillərində yerləşən 14 liman-şəhərlərinin sosial-iqtisadi inkişafının gücləndirilməsi və iqtisadi fəallığının artırılması üçün Azad İqtisadi Zonalar yaratmışlar. Bu liman şəhərləri hazırda dünyanın ən dinamik inkişaf edən şəhərlərindəndir və güclü ixrac təyinatlı istehsal sahələrinin məkanına çevrilmişlər.
Son illərdə ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi və ilk növbədə, qeyri-neft sektoru sahələrinin inkişaf etdirilməsi məqsədilə mütərəqqi dünya təcrübəsindən istifadə etməklə önəmli addımlar atılmaqdadır. Müasir texnoparklar, sənaye parkları, yüksək texnologiyalar parkları, sənaye məhəllələri yaradılmaqdadır və artıq bir çoxları uğurlu fəaliyyət göstərirlər.
Lakin Azad İqtisadi Zonaların təşkili ilə bağlı olaraq ölkə iqtisadiyyatının şaxələndirilməsi və inkişaf etdirilməsi yeni mərhələyə keçəcəkdir. 2021-ci il iyul ayının 1-də Prezident İlham Əliyevin iştirakı ilə Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasiminin keçirilməsi bunun bariz nümunəsidir. Bu çoxşaxəli iqtisadi fəaliyyət qurumunun ümumi sahəsi 850 hektardır və hazırda iqtisadi zonanın ümumi sahəsinin 60 hektarında layihələndirilmə işləri artıq başa çatdırılmışdır, inşaat işlərinə start verilmişdir və tezliklə bu işlər intensiv fazaya keçəcəkdir. İqtisadi zonanın gələn ilin iyulunda investorların sərəncamına verilməsi planlaşdırılmışdır. Ələt Azad İqtisadi Zonasının strateji vəzifələrinə mütərəqqi idarəetmə təcrübəsinin mənimsənilməsi, yüksək texnologiyaların tətbiqinin genişləndirilməsi, məhsuldar əlavə dəyərli və ixracyönümlü istehsal potensialının artırılması, innovativ texnologiyalardan istifadənin təmin olunması, xarici investorların daha geniş cəlb edilməsi və iqtisadi artımın yeni mənbələrinin formalaşdırılması daxildirlər.
Bu layihənin həyata keçirilməsi Azərbaycana böyük iqtisadi dividentlər gətirməklə yanaşı, ölkəmizin bölgədəki mövqelərini möhkəmləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit nəqliyyat dəhlizlərində mühüm rol oynayan respublikamızın strateji əhəmiyyətini artıracaq. Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərini artırmaqla yanaşı, ölkəmizə yeni investisiyalar cəlb edəcəkdir.
Bu zona Prezident İlham Əliyev tərəfindən 2017-ci ildə Ələt Azad İqtisadi Zonasının yaradılmasının sürətləndirilməsinə dair Sərəncamına uyğun olaraq təşkil edilməkdədir və 2018-ci ildə müvafiq qanun qəbul olunmuşdur. Dövlət başçısının təşəbbüsü ilə yaradılan və xüsusi diqqət mərkəzində olan Ələt Azad İqtisadi Zonasının nəzərdə tutulan vaxtda istifadəyə veriləcəyini əminliklə qeyd etmək olar. Çoxfunksiyalı, yerli və xarici investorlar üçün maksimum cəlbedici olacaq belə bir zonanın tezliklə fəaliyyətə başlanması nəticəsində Ələt Azad İqtisadi Zonası ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsinin təkanverici mərkəzinə çevriləcəkdir.
Şəfa Əliyev,
Sumqayıt Dövlət Universitetinin “Dünya iqtisadiyyatı və marketinq” kafedrasının professoru, iqtisad elmləri doktoru