Prezident İlham Əliyev bu günlərdə ölkə iqtisadiyyatının inkişafına təkan verəcək növbəti layihənin – Ələt Azad İqtisadi Zonasının təməlini qoydu.
Azərbaycanda azad iqtisadi zonanın yaradılması ilə bağlı müzakirələr uzun illərdir ki, davam edirdi. Prezident İlham Əliyev ölkəmizdə bu layihənin reallaşdırılması üçün ötən illər ərzində mühüm addımlar atdı, qanunvericilik sahəsində önəmli işlər görüldü. Hələ 6 mart 2007-ci il tarixdə Prezident İlham Əliyev “Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında” fərman imzadı. Ələtdə azad iqtisadi zonasının yaradılması barədə fərman isə 2016-cı ilin martında verildi. Bir il sonra , 2017-ci ilin mayında Prezident azad iqtisadi zonaların yaradılması işinin sürətləndirilməsi barədə sərəncam imzaladı. 2018-ci ildə həm dövlətin maraqlarını, həm də investorların maraqlarını tam təmin edən qanun qəbul edildi və bu istiqamətdə praktik işlərə start verildi. Nəhayət, Prezident İlham Əliyev 22 may 2020-ci ildə “Ələt azad iqtisadi zonasının yaradılması və təşkili haqqında” əlavə bir fərman imzaladı.
Ələt Azad İqtisadi Zonasının ümumi ərazisi 850 hektar təşkil edir. İqtisadi zonanın 60 hektarında layihələndirilmə işləri artıq başa çatıb və inşaat işlərinə başlanılın. Bütün infrastrukturun yaradılması üçün zəruri addımlar atılılır.
Bu layihənin reallaşdırılması ölkəmizə hansı üstünlüklər vəd edir?
Prezident İlham Əliyevin rəhbərliyi altında ötən 18 il ərzində Azərbaycanda qeyri-neft sektorunun inkişafını təmin etmək, iqtisadiyyatın müxtəlif sahələrini şaxələndirmək, ölkənin ixrac potensialını artırmaq, xarici investisiyalar cəlb etmək investisiya mühitini daha da yaxşılaşdırmaq üçün çox vacib layihələr həyata keçirilib. Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, ölkəmizdə bu gün də bu istiqamətdə işlər davam etdirilir. Ələt Azad İqtisadi Zonasının yaradılması bu istiqamətdə görülən işlərin daha bir uğurlu nümunəsidir və ölkəmiz üçün aşağıdakı üstünlükləri vəd edir:
- Ələt Azad İqtisadi Zonası ölkəmizdə əhalinin məşğulluğunun təmin olunmasına öz töhvəsini verəcək;
- Qeyri-neft sektorunun ixrac imkanları genişlənəcək;
- Ölkəmizin maliyyə imkanlarında neft-qaz resurslarından asılılığı azaldacaq
- Yüksək əlavə dəyərli və ixracyönümlü istehsal təmin ediləcək;
- İnvestorların ölkəmizə cəlb olunması baxımından əhəmiyyətli rol oynayacaq;
- Ölkədə iqtisadi aktivlik artacaq, rəqabət mühiti və azad biznesin inkişafı üçün yeni imkanlar yaranacaq;
- Ölkənin tranzit imkanları daha da genişlənəcək;
- Bəzi məhsullar üzrə idxaldan asılılıq azalacaq, ixracımız artıracaq;
Sözsüz ki, üstnülüklər bunlarla məhdudlaşmayacaq. Ələt azad iqtisadi zonasının yaradılması ölkəmizə böyük siyasi, iqtisadi və sosial dividentlər gətirəcəyi şübhəsizdir.
Niyə məhz ələt?
Ələt qəsəbəsinin ərazisində boş torpaq sahələrinin mövcudluğu və bu torpaq sahələrinin böyük hissəsinin kənd təsərrüfatı üçün yararsız olması bu ərazini azad iqtisadi zona kimi cəlbedici etmişdir. Digər bir üstünlüyü isə Ələtin Bakı şəhərinə yaxınlığıdır. Eyniz amanda burada infrastruktur layihələrinin icrası üçün bütün şərtlər vardır, 300 meqavat gücündə elektrik stansiyası mövcuddur. Beynəlxalq Dəniz Limanının burada yerləşməsi də vacib amillərdən biridir. Logistika, nəqliyyat baxımından bu yer çox əlverişlidir. Şərq-Qərb, Şimal-Cənub dəhlizinin Ələt ərazisindən keçməsi də bu ərazinin seçilməsində rol oynayıb.
Azərbaycan xarici investorlar üçün cəlbedicidir
Bu gün Azərbaycanda bu zonaya investor cəlb etmək üçün bütün ilkin şərtlər mövcuddur. Azərbaycan çox yaxşı investisiya mühitinə malikdir. Dünya Bankının Doing Business hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Bu qlobal miqyasda böyük bir nailiyyətdir. Azərbaycan bir çox inkişaf etmiş ölkələri qabaqlayır.
Yaxşı investisiya mühiti, şübhəsiz ki, investor cəlb etmək üçün əsas şərtlərdən biridir. Digər vacib məsələ müasir infrastrukturun mövcudluğudur. Bu infrastruktur son illərdə ardıcıl olaraq inşa edilmişdir. Bu gün yenə də nüfuzlu beynəlxalq təşkilatlara istinad edərək deyə bilərik ki, bu sahədə də böyük uğurlar əldə edilmişdir.
Potensial investorlar ilk növbədə Dünya Bankının “Doing Business” hesabatına və Davosdakı Dünya İqtisadi Forumunun reytinqlərinə diqqət yetirirlər. Hər iki halda da Azərbaycanın üstünlüyü göz qabağındadır.
Davos Forumunun hesabatına görə, Azərbaycan infrastruktur layihələrinə görə elektrik təchizatı sahəsində dünyada ikinci yerdədir. Bununla yanaşı dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci yerdədir. Hava nəqliyyatının səmərəliliyinə görə 12-ci, Avtomobil yollarının keyfiyyətinə görə 24-27 yerləri bölüşür.Xəzər gəmiçiliyi gəmiçilik xidmətlərinə görə 25-ci yerdədir.
Bütün bu uğurlar ölkəmizin dinamik inkişafını təmin etməklə yanaşı, yeni layihələrin reallaşdırılmasını, investorların ölkəmizə cəlb olunmasını da şərtləndirir.
Uzunmüddətli sabitlik və sülh investorlar üçün olduqca vacib amillərdir
Azərbaycan 44 günlük Vətən Müharibəsi nəticəsində 30 ilə yaxın müddətdə işğal altında olan torpaqlarını azad etdi. Ötən illər ərzində bölgədə münaqişənin həll olunmaması, torpaqlarımızın işğal altında olması ölkəmizin investisiya cəlbediciliyinə mənfi təsir edirdi. Ölkəmiz ərazi bütövlüyünü bərpa etməklə münaqişəyə də son qoydu. Bu gün Azərbaycan potensial investorlar qarşısında daha da cəlbedici görünür.
Azərbaycana yatırılan və gələcəkdə yatırılması planlaşdırılan investisiyaların əsas şərtlərindən biri də ictimai-siyasi sabitlik, xalq-iqtidar arasındakı birlikdir.
Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi regionda yeni reallıqlar yaradıb. Uzunmüddətli sabitlik və sülh investorlar üçün olduqca vacib amillərdir ki, ölkəmiz də bunu təmin edib. Beləliklə, bütün bu amillərin mövcudluğu xarici investorları bu zonaya cəlb edəcək.
Sahib Fərzəliyev ,“Potensial” Sumqayıt Mütəxəssislər Birliyinin sədri, texniki elmlər üzrə fəlsəfə doktoru, professor