“Ələt Azad İqtisadi Zonasının 2022-ci ilin iyul ayından fəaliyyətə başlayacağı gözlənilir”.
sumqayitxeber.com-un xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında “Ələt azad iqtisadi zonası haqqında” qanuna dəyişiklikləri I oxunuşda təqdim edərkən deyib.
Onun sözlərinə görə, qanun layihəsi Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin və bu sahədə qanunvericiliyin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi məqsədilə hazırlanıb və özündə aşağıdakıları nəzərdə tutur:
– Azad Zona rezidentinin anlayışının dəqiqləşdirilməsi. Bununla da Azad Zona rezidenti sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslərlə məhdudlaşdırılacaq;
– cinayət yolu əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin (hazırda Ələt Azad Zonasında yalnız Azərbaycan Respublikasının cinayət qanunvericiliyi tətbiq edilir) Azad zonada tətbiq edilməsi;
– Azad Zona səlahiyyətli qurumunun fəaliyyətinin səmərəliyinin təmin edilməsi üçün hüquqlarının genişləndirilməsi (buraya öz adından hüquqlar əldə etmək, öhdəliklər götürmək, əmlak əldə etmək və ona dair sərəncam vermək hüquqları aiddir);
– Azad Zonada vergitutma məsələlərinin dəqiqləşdirilməsi (buraya vergidən azad olunan subyektlərin dairəsinin məhdudlaşdırılması, işçilərdən vergi tutmanı tənzimləmək üçün daxili qaydaların qəbul edilməsi, əsas iqtisadiyyatla vergi münasibətlərinin tənzimlənməsi, ödəmə mənbəyində verginin tutulmaması və sair aiddir);
– Azad Zonanın səlahiyyətli qurumuna, hüquq şəxslərinə əsas iqtisadiyyata aid şəxslər tərəfindən maliyyə xidmətləri göstərildikdə əsas iqtisadiyyatın qanunvericiliyi (Azad zonada mövcud olan tənzimləmə nəzərə alınmaqla) tətbiq ediləcək;
– Gömrük işi ilə bağlı dəyişikliklər Azad zonanın fəaliyyətə başlaması zamanı gömrük münasibətlərində yarana biləcək ziddiyyətlərin aradan qaldırılması məqsədi daşıyır. Bununla da Azad Zona səlahiyyətli qurumu, inzibati müəssisələri və hüquqi şəxsləri tərəfindən gətirilən və aparılan mallara, xidmətlərə, işlərə gömrük rəsmiləşdirilməsi (sənədləşdirmə) müqabilində yalnız gömrük yığımlarının tətbiqi nəzərdə tutulur. Eyni zamanda terminlərin dəqiqləşdirilməsi (“idxal” və “ixrac” terminlərinin “Azad Zonaya gətirilən” və “Azad Zonadan aparılan” sözləri ilə əvəz edilməsi)i həyata keçirilir;
– Azad Zonaya investisiya qoymaq və Azad Zonadakı fəaliyyətlərindən əldə etdikləri pul vəsaitlərini məhdudiyyətsiz xaricə köçürmək hüququ, habelə xarici valyuta ilə işləmək və əməliyyatlar aparmaq hüququ olan şəxslərin dairəsi dəqiqləşdirilir və yalnız Azad Zona hüquqi şəxsləri, onların investor və səhmdarları üçün saxlanılır (hazırda isə bu hüquqdan istifadə edilə biləcək şəxslərin dairəsi daha genişdir). report.az