Hazırda yalnız Azərbaycanda deyil, elə Rusiyada da Cənubi Qafqazda cərəyan edəcək geopolitik proseslərin növbəti mərhələsi artıq indidən təxmini də olsa, təsəvvür edilir… Ermənistan cəmiyyətində isə mövcud vəziyyətin rəsmi Bakının nəzarətində olması ilə barışmağa başlayıblar, üstəlik, etiraf edirlər ki, dünyada da Azərbaycanın müəyyən etdiyi regional gündəlik qəbul olunduğundan rəsmi İrəvanın bunu dəyişdirmək şansları yoxdur…
Brüssel prosesi Cənubi Qafqazda hadisələri nisbətən sürətləndirməyə başlayıb. Artıq sonuncu görüşün ilkin nəticələri regional proseslərə birbaşa təsir göstərir. Və bu, elə əvvəlcədən ehtimal olunurdu.
Brüssel görüşündən bir neçə gün əvvəl Rusiyanın prezidenti Vladimir Putin Ermənistan baş naziri Nikol Paşinyana telefon üzərindən öz mesajlarını çatdırmışdı. Son vaxtlar Rusiyanı ittiham edən erməni baş nazirə Kreml sahibinin xəbərdarlıqları Brüssel görüşü ərəfəsində Rusiyanın narahatlığını biruzə verirdi. Çünki, rəsmi İrəvanın “sürüşkən davranışları” səbəbindən Moskvada keçiriləcəyi elan edilmiş üçtərəfli görüş məhz Brüsselə daşınmışdı.
Rusiya Brüssel görüşündən dərhal sonra rəsmi açıqlamalarla Avropa Birliyi ilə rəqabətdə geri çəkilməyəcəyini qabartdı. Belə ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Qafqazda sülhə nail olmağın yeganə yolunun məhz üçtərəfli anlaşmaların icra edilməsi olduğunu vurğuladı. Və bu, Brüsseldən uğursuz nəticələr ilə döndüyü hətta Ermənistanda belə, heç kimdə şübhə doğurmayan baş nazir Nikol Paşinyanın manevr imkanlarını daha da daraldır.
Maraqlıdır ki, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı yalnız Brüssel görüşündən sonra baş tutub. Azərbaycan və Rusiya liderləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər. Onlar regionda vəziyyətin nizamlanması üçün üçtərəfli sazişləri həyata keçirmək niyyətini təsdiqləyiblər. Azərbaycan və Rusiya liderləri söhbət zamanı Brüsseldə keçirilən üçtərəfli danışıqlara da toxunublar. Həmçinin Ermənistan-Azərbaycan sərhədində sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün əlaqələndirilmiş səylərin vacibliyini qeyd ediblər.
Bütün bunlar onu göstərir ki, Brüssel görüşünün nəticələri də, Rusiyanın rəsmi mövqeyi də Azərbaycanın maraqlarına tamamilə cavab verir. Ona görə də indi rəsmi Bakının əsas hədəfi məhz Xankəndi və ətraf bölgədə Azərbaycanın suveren hüquqlarının bərpası üzərində indeksləşib. Yəqin ki, rəsmi Bakı yaxın bir neçə ayı məhz bu hədəfin reallaşdırılması üçün yekun hazırlıq işlərinə sərf edəcək.
Onu da qeyd edək ki, Rusiya siyasi dairələrində də bu prosesin artıq yekun mərhələdə olduğunu anlayırlar. Hətta Kremlə yaxınlığı ilə diqqəti çəkən politoloq İqor Korotçenko bu mərhələdə Azərbaycanın atmalı olduğu addımları sıralayıb. Onun fikrincə, Xankəndi və ətraf bölgədə yaşayan ermənilərin sayını (yerli və ya gəlmə olmalarını müəyyən etmək üçün) dəqiqləşdirmək lazımdır. Yəni, oradakı ermənilərin Ermənistan vətəndaşlığından imtina edib, Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olub-olmadıqlarını müəyyən etmək üçün siyahıya alınma prosesi vacibdir.
İqor Korotçenko hesab edir ki, siyahıya alma prosesinə başlamazdan öncə mütləq bir neçə önəmli problemi də həll etmək lazımdır: “Əlbəttə ki, əvvəlcə qanunsuz silahlı erməni dəstələri Qarabağdan çıxarılmalıdır. Buna paralel olaraq, separatçıların qondarma “administrasiya”sı ləğv edilməlidir. Məhz bundan sonra – 2023-cü ildə Azərbaycanın Daxili İşlər Nazirliyi və statistika orqanları tərəfindən siyahıya alınma prosesi hər hansı ciddi problem ilə üzləşmədən həyata keçirə bilər”.
Göründüyü kimi, yalnız Azərbaycanda deyil, elə Rusiyada da növbəti mərhələ təxminən təsəvvür edilir. Əslində, Ermənistan cəmiyyətində də mövcud vəziyyətin rəsmi Bakının nəzarətində olduğunu yaxşı anlayırlar. Üstəlik, etiraf edirlər ki, dünyada da Azərbaycanın müəyyən etdiyi regional gündəlik qəbul edildiyindən Ermənistanın bunu dəyişdirmək şansları ümumiyyətlə, mövcud deyil.
Azərbaycan Prezidenti İlham Əliyev isə Brüssel görüşünün nəticələri və yaxın vaxtlarda atılacaq önəmli addımlar barədə açıqlama verib: “Brüsseldə razılığa gəldik ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh sazişi ilə bağlı danışıqlar aparmaq üçün görüşsünlər. Bu, II Qarabağ müharibəsi sona çatdıqdan dərhal sonra bizim irəli sürdüyümüz təklif idi. Biz bəyan etmişdik ki, sülh sazişinin imzalanmasına ehtiyac var. Ermənistana bununla razılaşmaq üçün iki ilə yaxın vaxt lazım oldu. Mənim fikrimcə, bu, görüşün ən önəmli nəticələrindən biridir”.
Azərbaycan Prezidenti İlham Əliyev hesab edir ki, indi bu sülh danışıqlarından çox şey asılıdır: “Çünki, sülh sazişinin məzmunu hazırlanacaq. Mən hesab edirəm ki, yaxın bir neçə ay ərzində biz işi yekunlaşdırıb, sülh sazişini imzalaya bilərik”.
Azərbaycan Prezidenti İlham Əliyev yaxın aylarda Ermənistanla imzalanacaq sülh sazişinin hazırlanmasında hüquqi baza rolunu oynayacaq beş prinsipi də sadalayıb. Həmin beş prinsipə əsasən, sülh sazişi Azərbaycan və Ermənistanın qarşılıqlı olaraq, bir-birinin ərazi bütövlüyünü tanımasını, qarşılıqlı şəkildə hər hansı ərazi iddialarından imtinasını, güc və təhdid tətbiq etməməsini, sərhədlərin delimitasiyasını və kommunikasiyaların açılmasını özündə əks etdirəcək.
Azərbaycan lideri vurğulayıb ki, Ermənistanın baş naziri Nikol Paşinyan rəsmi Bakının təklif etdiyi bu əsas beş prinsipi artıq qəbul edib: “Ermənistanın baş naziri beş əsas prinsipi qəbul edib. Brüsseldə keçirilən görüşdə bu, növbəti dəfə təsdiqləndi”.
Göründüyü kimi, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində kifayət qədər ciddi irəliləyişlər mövcuddur. Brüssel görüşü sülh sazişinin hazırlanması prosesində konkret addımların atılması ilə bağlı öhdəliklər ilə yekunlaşıb. Bu baxımdan, Prezident İlham Əliyevin yaxın aylarda sülh sazişinin imzalana biləcəyini anons etməsi də prosesin sürətləndiyini təsdiqləyir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu